İtalyanın “UniCredit” bankı, Almaniyanın “”Commerzbank”da iştirak payının alınmasına dair təklif hazırlayır.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Financial Times qəzeti məlumat verir.
Məlumatlarına görə, İtaliyanın “UniCredit” bankı Deutsche Bank ilə Commerzbank-ın birləşməsi üzrə danışıqlar uğursuz olduğu halda alman qrupuna öz təkliflərini irəli sürmək niyyətindədir. “Yol bizim üçün açıq ola bilər”, – deyə “UniCredit” bankına yaxın bir mənbə qeyd edib.
Qəzetin qaynağına görə, “UniCredit”-in planı Commerzbank bankının əhəmiyyətli bir hissəsinə nəzarəti əldə etməyi və italyan qrupuna məxsus olan HypoVereinsbank alman bankı ilə birləşməyi nəzərdə tutur. Birləşdirilmiş bank Almaniyada fəaliyyət göstərəcək, “UniCredit”-in qərargahı isə indi də olduğu kimi Milanda qalacaq. “Commerzbank, Frankfurt fond birjasında sərbəst dəyişən səhmləri saxlayacaq” , – mənbə əlavə edir.
Mart ayının ortalarında Deutsche Bank və “Commerzbank”ın birləşmə məsələsinin müzakirəsinə dair danışıqlar apardığını təsdiq ediblər. Onların birləşdiyi halda Avropa bazarında “HSBC” və “BNP Paribas”dan sonra üçüncü ən böyük bank yaranmış olacaq. Hazırda “Deutsche Bank” və “Commerzbank” banklarında 140 min nəfər çalışır.