Müsahibimiz: Paşa Bankın İdarə Heyətinin Üzvü, Baş investisiya inzibatçısı Taleh Kazımov
2012-ci il yekunlaşmaq üzrədir. PAŞA Bank üçün bu il necə, uğurlu oldumu? Bu uğurun qazanılmasında Korporativ müştərilərlə iş bölməsinin payı nədir?
İlk öncə sualınıza görə təşəkkür edirəm, maraqlı sualdır. Xatırladım ki, keçən ay PAŞA Bank özünün 5 illik bank fəaliyyətini qeyd etmişdir və bankın strategiyasını, həmçinin biznesin aparılması fəlsəfəsini nəzərə alsaq, hər ötən il bankın tarixçəsində uğurlu il hesab oluna bilər. Maliyyə göstəricilərinin və komandamızın peşəkarlığının beynəlxalq maliyyə bazarında tanınması baxımından hər il müxtəlif uğurlara nail olmuşuq. Komandamızın peşəkarlığı, inamı, birliyi, qeyd etdiyim strategiya və biznesin aparılması fəlsəfəmiz inşallah bu müsbət trendi “gözə gətirməyə” qoymaz.
Mənim fikrimcə, 2012-ci il də o cümlədən, uğurla yekunlaşmaq üzrədir. Maliyyə artımından başqa, yəni aktivlərin, kredit portfelinin, gəlirin və digər göstəricilərin keyfiyyətli artırılması ilə yanaşı, bu il həm də bir neçə digər mühüm nailiyyətlərlə yadda qalacaq. 2012-ci ildə bildiyiniz kimi PAŞA Bank ilk özəl bank olmuşdur ki, beynəlxalq maliyyə bazarında dünyanın aparıcı bankı ilə birlikdə 150 milyon ABŞ dolları məbləğində avrobondu öz korporativ müştərisi üçün uğurla yerləşdirmişdir. Həmçinin bu il sentyabr ayında bankımız ilk beynəlxalq reytinqini almışdır. Fikrimcə, bu böyük bir nailiyyətdir ki, ilk beynəlxalq reytinqimiz yerli bazarda fəaliyyət göstərən və yerli kapitalla olan bankların arasında ən yüksəkdir.
Xatırladım ki, biz sadəcə 5 ildir fəaliyyət göstəririk və bildiyiniz kimi 5 il bank biznesində çox kiçik bir müddətdir. Maliyyə və digər sahələrdə əldə olunmuş nailiyyətlər barədə informasiyanı biz, daha ətraflı şəkildə ənənəmizə sadiq qalaraq, fevral ayında bankın illik nəticələrinə həsr olunmuş konfransda ictimaiyyətlə paylaşacağıq. Fürsətdən istifadə edərək, bankın bütün komandasını, müştərilərimizi və ümumiyyətlə Azərbaycan xalqını üzümüzə gələn Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, uğurlu və sağlam bir yeni il arzulayıram.
Hazırda Azərbaycan bankçılığında korporativ xidmətlərin təklifində hansı trendləri müşahidə edirsiniz?
Ölkəmizdə iqtisadiyyatının inkişafına yönəlmiş uğurlu dövlət siyasəti nəticəsində yüksək addımlarla irəliləyən korporativ sektorun inkişafını müşahidə edə bilərik. Korporativ sektorun inkişafı sözsüz ki, bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını və yeni məhsulların təklif edilməsi tələbatını artırır. Bu gün bankların əksəriyyəti pərakəndə bankçılığa üstünlük verirlər. Korporativ sektor isə əsasən iri bankların arasında bölüşdürülüb, yəni söhbət ilk onluqda yerləşən banklardan gedir. Bu isə korporativ sektorda xidmət göstərən bankların arasında sağlam rəqabət mühitinin yaranmasına imkan verir. Bildiyiniz kimi, sağlam rəqabət mühitinin mövcudluğu istər bank sektorunun, istərsə də bütünlüklə iqtisadiyyatın inkişafına köməklik göstərir. Qeyd etdiyim kimi iqtisadiyyatın inkişafı korporativ sektorun xidmət və məhsullarına olan tələbatı artırır və bank sektorunda da rəqabətin artması korporativ xidmətlərin təklifində və ümumiyyətlə korporativ müştərilər ilə iş sahəsində müsbət trendlər yaradır.
PAŞA Bankın daxili bazarda digər maliyyə institutlarının maliyyələşdirilməsi, onlara böyük həcmli kreditlərin verilməsində qabaqcıl oyunçulardan olması məlumdur.
Bu tip kreditlərin faizləri təxminən hansı civarda dəyişir? Xarici bazarlarda təklif olunan və bizim banklar tərəfindən götürülən investisiyalarla rəqabətdə çətinlik çəkmirsiniz? Bu istiqamətdə hansı fərqli təklifləriniz mövcuddur?
PAŞA Bank fəaliyyətə başladığı ilk gündən bank bazarına korporativ bir bank kimi daxil olub. Həmin andan etibarən bankımız əsasən iri korporativ müştərilərin böyük həcmdə (Mərkəzi Bankın təyin edilmiş normativlər çərçivəsində) maliyyələşdirməsində qabaqcıl rol oynayır. Bankın kapitalının kommersiya bankları arasında ən iri olması da bizə bu növ əməliyyatlar keçirməyə imkan verir. Lakin korporativ bankçılıq strategiyamızda iri korporativ müştərilərlə birgə Kiçik və Orta Sahibkarlıq seqmentinə aid olan müştərilər də əhəmiyyətli yer tutur. Bildiyiniz kimi, bu il ilk dəfə olaraq 3-cü rübdə Bankın KOS seqmentinə yönəlmiş reklam aksiyası uğurla start götürmüşdür.
İri kreditlərin faizlərinə gəldikdə isə, faizlər bankın öz üzərinə götürdüyü riski əks etdirir və müştəridən müştəriyə fərqlənir. Orta hesabla iri kreditlər 13-15% ilə maliyyələşdirilir, KOS seqmentində isə maliyyələşmə ortalama 16-18% çərçivəsində dəyişir.
Hal hazırda bizim yüksək maliyyə göstəricilərimiz, beynəlxalq maliyyə bazarında nüfuzumuz və aldığımız beynəlxalq kredit reytinqi imkan yaradır ki, xarici bazarlardan rahatlıqla ucuz maliyyələşmə cəlb edərək, müştərimizə daha əlverişli vəsaitlər təklif edək. Məsələn, xarici ölkələr arasında olan ticarətin maliyyələşdirməsinə gəldikdə bank öz müştərilərinə bir ildən beş ilədək illik 6-8% kredit maliyyələşdirməsi təklif edir. Yəni xaricdən mal və ya avadanlıq almaq istəyən müştəri banka müraciət edərək, qeyd etdiyim şərtlərlə maliyyələşdirmə əldə edə bilər.
Bazarda hazırda ən çox hansı korporativ xidmətə tələbat var?
Biz, xidmət dedikdə məhsulları nəzərdə tuturuqsa sözsüz ki, ən yüksək tələbatlı məhsul kreditdir. İqtisadiyyatın inkişafını nəzərə alsaq, bu normal bir haldır. Lakin bizə, korporativ bank olaraq, kredit məhsulları ilə birgə korporativ müştərilərə göstərdiyimiz xidmətlər üzrə əməliyyatların həcminin artması da maraqlıdır. Korporativ xidmətlərə gəldikdə isə bu gün müştərilər Bank tərəfindən təqdim olunan etibarlı və keyfiyyətli xidmətlər axtarışındadır.
Başa düşürəm ki, texniki nöqteyi-nəzərdən bəlkə də ödəniş tapşırığının icrası yerli bazardakı bütün banklarda eynidir, lakin bankları bir-birindən fərqləndirən əsas amillər onun müştəriyə göstərdiyi xidmətin keyfiyyəti, qayğısı və münasibətidir. Korporativ müştərilərlə münasibətlər fərdi yanaşma əsasında qurulmalıdır. Düzdür, istisna deyil ki, bəzi müştərilər ucuz xidməti keyfiyyətli xidmətdən və etibarlı tərəfdaşdan üstün tuturlar. Razıyam, qısa perspektivdə bəlkə bu əlverişli strategiyadır, lakin fikrimcə uzun müddət ərzində keyfiyyətlə fəaliyyət göstərməyi hədəf seçən şirkətlər etibarlı maliyyə tərəfdaşı axtarışında olmalıdır.
Düşünürəm ki, etibarlı maliyyə tərəfdaşı – bu gün korporativ bankçılıq sektorunda ən çox tələb olunan xidmət növüdür.
Risklərin idarə olunması sahəsi sizin üçün kənar mövzu deyil. Necə düşünürsünüz, korporativ müştərilərlə iş istiqamətində hansı risklərə daha çox diqqət etmək lazımdır? Bu sahənin ən riskli bölməsi hansıdır?
Ola bilsin ki, bu suala verdiyim cavab bir az fəlsəfi səslənsin. Risk nədir? Risk ehtimal olunan təhlükədir. Məgər, hər birimizin həyatında riskli an olmur?! Biz hər saniyə çeşidli risklərlə üzləşirik və təəssüflər olsun ki, risklərin qarşısını almaq olmur, onları sadəcə minimallaşdırmaq olur. Dediyim anlar, saniyələr isə risk dərəcəsi ilə fərqlənir. Həyatda risklərin minimallaşdırılması üçün ən vacib alət məlumatdır. Məlumatı vaxtında əldə edə bilən insan hər bir zaman riskləri minimallaşdırmağa nail ola bilər.
Korporativ müştərilərlə iş istiqamətində də məlumatın tam və doğru açıqlanmaması riskinə çox diqqətlə yanaşmaq lazımdır. Maliyyə bazarında idarəolunmayan risklərin ən başlıca təhlükəsi maliyyə zərəridir və buna görə də korporativ müştərilərlə iş ərzində yarana biləcək risklərin qarşısı məlumatın doğru və tam olması ilə alına bilər. Korporativ müştərilər tərəfindən də banklarla münasibətdə məlumatın tam və doğru açılması vacibdir. Dolğun və dürüst məlumat banka müştərinin fəaliyyətini daha yaxşı anlamaq və onu düzgün qiymətləndirmək imkanını yaradır. Beləliklə, bankın riskləri öncədən bilinərək, idarə olunur, onları minimalaşdırmaq istiqamətində zəruri addımlar atılır. Bu isə sözsüz ki, maliyyələşdirmənin və müştərilərə göstərilən xidmətlərin məsrəflərini azaldır.