10 C
Baku
Thursday, December 12, 2024

Missiya rəhbəri: BVF yaxın aylarda Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələr keçirə bilər

Beynəlxalq Valyuta Fondu yaxın aylarda Azərbaycan hökuməti ilə Fondun Nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələr keçirməyə ümid edir.

“Biz ölkədə son iqtisadi hadisələrin icmalı və ya IV maddə üzrə məsləhətləşmələrin 2019-cu ilin yaxın aylarında keçirilməsini gözləyirik”, – BVF-nin Azərbaycandakı missiyasının yeni rəhbəri Natalya Tamirisa “İnterfaks-Azərbaycan” agentliyinin suallarına elektron poçt ilə cavabında bildirib.

Son dəfə BVF hökumətlə IV maddə üzrə məsləhətləşmələri 2018-ci ilin mart ayında keçirib.

Həmçinin, N.Tamirisa əlavə edib ki, “gələcəkdə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”.

Xəbər verildiyi kimi, ötən həftə N.Tamirisa BVF-nin Azərbaycan üzrə missiyasının yeni rəhbəri quismində Bakıda rəsmi səfərdə olub. O, maliyyə, vergilər naziləri, AMB-nin İdarə Heyətinin sədri ilə danışıqlar aparıb.

Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən ölkə hökuməti BVF-dən borc almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.

Son xəbərlər
Digər xəbərlər