Qısa müddətli maliyyələşmə – kiçik, orta və iri həcmli sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş, bir gündən bir ilədək olan müddətdə cari ehtiyaclarının ödənilməsi məqsədi ilə istifadə edilən çoxsaylı maliyyələşmə alətləri məcmusudur. Şirkətlərin cari ehtiyacları dedikdə, istehsal vəya ticarətin fasiləsiziliyini təmin etmək və həmçinin dünya bazarında xammal qiymətlərinin mövsümü vəya qlobal proseslər fonunda dəyişkənliyindən yaranabiləcək mümkün zərərdən sığortalanmaq vəya ola biləcək mümkün faydadan yararlanmaq məqsədi ilə anbar ehtiyatlarının idarəedilməsi üçün yaranan, tskilik vəya birdəfəyə xas maliyyələşmə ehtiyacları nəzərdə tutulur.
Qısamüddətli maliyyələşmə mənbələrini aşağıdakı əsas qruplara bölmək olar:
- Özünümaliyyələşdirmə;
- Kapital bazarı vasitəsi ilə maliyyələşmə;
- Bank kreditləri vasitəsi ilə maliyyələşmə;
- Biznes tərəfdaşları vasitəsi ilə maliyyələşmə;
Şirkətlər qısamüddətli ehtiyaclarını təmin etməyi planlaşdırdıqları zaman, maliyyələşmə mənbələri və vasitələri haqqında seçim etmədən öncə, ilk növbədə ehtiyacın xarakterini, formasını, müddətini, şirkətin imkanlarını və maliyyə bazarı iştirakçılarının təkliflərini diqqətlə nəzərdən keçirərək, təhlil etməli və ən uyğun olan variantı müəyyənləşdirməlidirlər.
Bir çox hallarda şirkət rəhbərliyinin maliyyə savadlılığının yetərsizliyi və maliyyə bazarı iştirakçılarının, təklif etdikləri maliyyələşdirmə məhsul çeşidlərinin çatışmazlığı və bank əməkdaşlarının müraciət edən sahibkarı düzgün istiqamətləndirməməsi, şirkətlərin qısamüddətli ehtiyaclarının xarakterinə uyğun gəlməyən vasitələr ilə təmin edilməsinə gətirib çıxarır ki, bu da ən yaxşı halda şirkət üçün əlavə xərcə səbəb olur , ən pis halda isə qısamüddətli konkret ehtiyac üçün alınmış resursun şirkətin digər orta və uzunmüddətli ehtiyaclarına sərf edilməsinə gətirib çıxarır və nəticədə qısa müddətdə kredit borclarının bağlanılması mümkün olmadığı hallarda borcun yenidən maliyyələşdirilməsinə vəya restruktrizasiyasına ehtiyac yaranır. Bu hallardan sığortalanmaq üçün hər bir şirkət konkret ehtiyaca dəqiq uyğun gələn və yalnız o ehtiyacın təmin edilməsi üçün istifadə ediləcək maliyyələşmə vasitələri haqqında seçim etməlidirlər. Bu işdə maliyyə qurumları və banklarında öhdəsinə böyük məsuliyyət düşür, belə ki, bütün qısamüddətli ehtiyacları ənənəvi kredit xətti vəya bərabər aylıq ödənişli (2-3 illik müddətli) kreditlə təmin etməklə banklar, vəsaitin düzgün olmayan istiqamətdə (orta və uzun müddətli aktivlərə) istifadəsinə şərait yaratmış olurlar ki, bu da uzunmüddətli perspektivdə həm bankın özü üçün həmdə maliyyə bazarının digər iştirakçıları üçün çıxılmaz vəziyyətdə olan potensial müştəri kütləsi formalaşdırmış olur. Bəzi hallarda düzgün istifadə edilməmiş qısamüddətli kredit(lər)in daha uzun müddətə restruktrizasiya edilməsi yolu ilə problemi həll etmək mümkün olsa da, bir çox hallarda problemin həlli üçün mütləq qaydada yeni investorun cəlb edilməsindən başqa yol qalmır.
Bu məqalənin məqsədi qısamüddətli ehtiyaclara uyğun gələn, düzgün maliyyələşmə vasitələrinin seçilməsi üçün məlumatlılığın artırılması və maliyyə bazarı iştirakçılarının diqqətini bu istiqamətə yönəltməkdir. Bu məqsədlə ilk növbədə qısamüddətli maliyyələşmə ehtiyaclarını xarakterinə görə aşağıdakı kimi təsnifləşdirək:
- İstehsal, xidmət və ticarət sektorunda mövsümülük ilə əlaqədar olaraq əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə maksimum 3 aya kimi olan ehtiyaclar;
- Konsiqnasiya yolu ilə satış etmək məcburiyyətindən irəli gələn işlək kapital çatışmazlığının təmin edilməsi ilə bağlı ehtiyaclar;
- Tədarükçülərin çalışmadığı həftəsonu vəya bir neçə gün davam edən bayaram günləri oncəsi sonuncu iş günündə tədarük edilməli olan mallar üçün ödənilməli olan nisbətən iri alışlarla bağlı yaranan ehtiyaclar;
- Dünya bazarında xammalın qiymətinin qlobal hadisələr vəya mövsümilik fonunda baş verən qiymət artması vəya azalmasından sığortalanmaq vəya fayda götürmək məqəsdi ilə iri həcmli stoklama ilə bağlı yaranan ehtiyaclar;
- Şirkətin orta və uzun müddətli yatırımlarını işlək sərmayə hesabına maliyyələşdirməsindən sonra, işlək sərmayədə yaranan yetərsiziliyin təmin edilməsi ilə bağlı ehtiyaclar;
- Debitor borcların dövretmə sürəti ilə kreditor borcların dövretmə surətləri arasındakı fərqdən yaranan maliyyələşmə ehtiyacları;
- Bazar payının hər hansı səbəbdən kəskin surətdə artması ilə əlaqədar yaranan işlək sərmayə ehtiyacları;
Bütün şirkətlər ilk növbədə bu ehtiyacları təmin etmək üçün öz daxili imkanlarını nəzərdən keçirməlidirlər. Əgər sahibkar əlavə vəsait qoyuluşunda çətinlik çəkirsə və otən illərin mənfəəti hesabına xüsusi ehtiyatlar yaradılmayıbsa və cari ilin mənfəəti bu ehtiyacları ödəmək iqtidarında deyilsə bu halda digər mənbələrə müraciət edilməsi məqsədəuyğun hesab edilə bilər. Digər mənbələrdən ilk olaraq əlavə faiz xərci yaratmayan vəya ənənəvi bank kreditlərinə nisbətdə az xərc yaradan mənbələri nəzərdən keçirmək lazımıdır. Misal olaraq, təchizatçı kreditini göstərmək olar. Əgər təchizatçı ilə şirkət arasında uzunmüddətli sağlam münasibət formalaşmışdırsa, hətta bir çox hallarda bank zəmanəti belə təqdim etmədən tədarükçüdən mal və xidmətin dəyərinin ödənilməsi üçün möhlət almaq mümkündür vəya debitor borcların dövretmə perioduna uyğun kreditor borcların da ən azı həmin müddətdə dövr edə bilməsi üçün tədarükçülərdən daha üzün müddətə ödəniş möhləti almaqla ehtiyacı təmin etmək mümkündür. İnkişaf etmiş ölkələrdən olan tədarükçülər öz ölkələrində bank kreditlərini çox aşağı faizlə əldə etdikləri üçün, möhlətli satış zamanı bunun üçün aldıqları bank kreditlərinin faiz xərclərini satılan malların dəyərinə əlavə etsələr belə, yenə də həmin malların ölkədaxili bank krediti ilə tədarük edilməsindən daha sərfəli olur. Əgər satıcı şirkət möhlətli satışı bankların təminat məktubları vəya akkreditivləri qarşılığında satmağa hazırdırsa, bu variant belə ən ucuz kredit resursundan daha sərfəli hesab edilə bilər. Qeyd edilən bütün vasitələr nəzərdən keçirilmişdirsə və həlli mümkün olmamışdırsa bu zaman bankların təklif etdiyi maliyyələşdirmə alətlərinə müraciət etmək olar. İxrac akkreditivi satıcının öz ölkəsində kredit alması üçün ən sərfəli vasitədir. Belə ki, ödəmə riskinin mimimum hesab edildiyi ixrac akkreditivi açılması halında ixracatçı ölkənin bankları çox rahatlıqla, əlavə girov tələb etmədən, hətta şirkətin maliyyə dayanıqlığını yoxlamadan akkreditiv əsasında ixrac edilmiş mallara görə alacaqları aşağı faizlərlə maliyyələşdirməyə hazırdırlar. Çünki bu halda krediti verən bank alıcının və satıcının ödəmə riskini deyil, təsdiq edən vəya akkreditivi açan bankın riskini diqqətə almış olur. Buna görə də xüsusi ilə inkişaf etmiş ölkələrdən mal və xidmətlər idxal edərkən ən yaxşı vasitələrdən biri və hətta birincisi möhlətli ödəniş şərti ilə İdxal akkreditivi-nin açılmasıdır. Bu halda həm siz malları dərhal ödəniş etmədən almış olursunuz, eyni zamanda o malların tədarükçüsü olan şirkət də həmin malların dəyərini dərhal öz ölkəsində yerləşən bankdan qısamüddətli kredit ilə təmin etmiş olur ki, bu da hər iki tərəfin məmnuniyyətinə səbəb olur. Satıcı şirkət ilə danışaraq bu əməliyyatdan yaranan faiz və komissiya xərcilərini müəyyən nisbətdə bölüşmək də mümkündür. İdxal akkreditivi vasitəsi ilə maliyyələşmə ənənəvi bank kredit(lər)i vasitəsi ilə maliyyələşmədən daha uzucdur.
Əgər şirkət möhlətli satış edirsə, bu zaman ən uyğun maliyyələşmə növü faktoring və/vəya fakturanın dikontlaşdırılması vasitəsi ilə maliyyələşmə olacaqdır. Bu halda şirkət banka daşınar vəya daşınmaz əmlak girovu vermək məcburiyyətində qalmayacaqdır, həmçinin girovun rəsmiləşdirilməsi və sığortalanması kimi məsrəflərdən uzaq olacaqdır. Eyni zamanda ödənişinə möhlət verilən alıcı şirkətlər nüfuzlu şirkətlərdirsə, bankın kredit qərarını çox qısa vaxt ərzində almaq mümkündür. Alacaqların maliyyələşdirilməsi üçün faktorinq-in iki əsas üstünlüyü, girovsuz olması və rəsmiləşdirilməsi üçün əlavə vaxta və xərcə qənaət edilməsidir.
Əgər şirkət çox sayda orta və kiçik sahibkardan mal və xidmətlər alırsa və təchizatçıların banklardan kredit götürmək imkanları müxtəlif səbəblərdən məhduddursa, əks-faktorinq-dən istifadə edilməsi ilə kreditor borcların müddətini tənzimləmək mümkündür.
Əgər şirkətin həftə sonu üçün vəya tətil günləri üçün sonuncu iş günündən öncə normadan artıq stoklama ehtiyacı üçün maliyyələşmə mənbəyi axtarılırsa bu zaman ən ideal seçim “overdraft”lar- (gecəlik kreditlər)-dir. Bu məhsulun üstünlüyü onun çevikliyində və qiymətinin 1 illik kredit xəttlərindən daha ucuz olmasında və avtomatik olaraq açılıb-bağlanılmasındadır. Şikrətin bu kreditlərlə bağlı xərci yalnız istifadə etdiyi məbləğə görə gün sayı ilə hesablanır. Eyni zamanda banklar bir çox hallarda bu məhsul üzrə limitləri, əlavə girov tələb etmədən müştərinin hesab hərəkətinin müəyyən bir dövrünüi təhlil etməklə təyin edirlər. Bu kredit növü də sahibkarlar üçün həm vaxta, həmdə xərclərinə qənaət etmək imkanı verir.
Xammalın qiymətinin volatilliyindən faydalanmaq üçün ən effektiv vasitə ilk növbədə xammalın təchizatçısı ilə bağlana biləcək forvard müqavilələri ola bilər. Əgər bu yolla malın qiymətini qarşıdakı müddət üçün hər iki tərəfi qane edən qiymətə razılaşmaq mümkün olarsa, həm böyük həcmdə stoklama etməməklə anbar xərclərinə qənaət etmək olar, həm də qiymət artışından sığortalanmaq olar. Stoklama zamanı malın xarab olması riskindən də bu yolla azad olmaq mümkündür. Əgər əsas təchizatçılar ilə bu barədə razılığa gəlinə bilinmirsə (xüsusi ilə mal qiyməti beynəxalq bazarda tələb və təklif əsasında formalaşan xüsusi əmtəədirsə) o zaman ötən illərin statistikası ilə ortalama qiymət artışının hazır məhsulun tərkibindəki xərci hesablanıla bilər, əgər bu xərc kredit xətti üçün lazım olan müddətdə faiz xərclərini bir-neçə dəfə üstələyirsə bu halda ən yaxşısı 6-12 müddətinə kredit xətti ilə bu ehtiyacın təmin edilməsidir.
2 ilədək annuitet ödənişli kreditlər, orta və uzunmüddətli yatırımlar edilməsi səbəbi ilə yaranmış işlək kapital çatışmazlığı vəya satışların hər hansı səbəbdən kəskin artışı səbəbi ilə yaranmiş işlək sərmayə yetərsizliyi problemini həll etmək üçün daha effektiv vasitə sayıla bilər. Bu halda kredit xəttinin istifadəsi sahibkarda izafi rahatlıq yaratması səbəbindən məsləhət görülmür. Belə ki, sahibkar qazanılmış cari dövr mənfəəti hesabına kredit xəttinin aylıq faiz ödənişindən artıq qalan hissəsini digər orta vəya uzunmüddətli ehtiyaclarına yönəldə bilər ki, nəhayət kredit xəttinin sonuncu ödəniş günündə bütün əsas borcun bir gündə bağlanılması şirkətin nəğd vəsaitlərinin axınına mənfi təsir göstərə bilər. Bu səbəblə işlək sərmayə çatışmazlığını təmin etmək üçün kredit xətti deyil, aylıq bərabər ödənişli 1-2 illik müddətli kreditlər ilə təmin edilməsi daha düzgün seçimdir.
Bütün hallarda kreditin faiz xərci və götürülməsi planlaşdırılan bank kredit hesabına əldə ediləcək proqnoz gəlirlər vəya qənaət ediləcək xərclər diqqətlə təhlil edilməli, yalnız bundan sonra maliyyələşdirmə mənbəsinin və üsulunun seçilməsi haqqında qərar qəbul edilməsi tövsiyyə ediləndir.
Müəllif:
Vüqar Əlipaşayev,
UNEC doktorant.