Vergilər Nazirliyinin təsdiq etdiyi “Nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydası” Vergi Məcəlləsinin 24.0.6-cı maddəsinə əsasən hazırlanıb və nəzarət-kassa aparatlarının (NKA) vergi orqanında uçota alınması və uçotdan çıxarılması qaydasını müəyyən edir. 

NKA malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan pul hesablaşmalarının qeydiyyatında istifadə edilən, hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini təmin edən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan avadanlıqdır. İstifadəçi NKA-nı əldə etmək üçün operatora müraciət edərək onunla müqavilə bağlayır. Operator təqdim edilən NKA-ya istifadəçi və onun təsərrüfat subyekti (obyekti) barədə məlumatları daxil edir və NKA operatorlarının internet portalında (e-kassa.gov.az) nəzarət-kassa aparatının uçota alınması haqqında ərizə formasının uçotla bağlı müvafiq xanalarını dolduraraq vergi orqanına göndərir. Ərizəyə istifadəçi ilə operator arasında bağlanmış müqavilənin PDF formatı da əlavə edilməlidir.

Daxil edilən məlumatlar əsasında NKA-nın quraşdırıldığı təsərrüfat subyekti (obyekti) üzrə istifadəçinin uçotda olub-olmaması, NKA barədə məlumatın Vergilər Nazirliyinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi, onun digər təsərrüfat subyektində qeydiyyatda olub-olmaması yoxlanılır. Məlumatlarda kənarlaşma aşkar edilmədikdə, interaktiv rejimdə Vergilər Nazirliyinin elektron informasiya sistemindən operatorun portalda olan elektron kabinetinə sertifikat faylı göndərilir. Operator nəzarət mexanizmi qurğusuna (NMQ) sertifikat faylını daxil edir və bu barədə akt tərtib edərək portal üzərindən Vergilər Nazirliyinə təqdim edir.

Qaydaya əsasən, NKA-nın aktivləşməsi üçün istifadəçi Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə daxil olaraq qaydanın 2.4-cü bəndində qeyd edilən aktın nömrəsini sistemə daxil edir və aktın məzmunu ilə tanış olduqdan sonra onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Bundan sonra sistem tərəfindən hazırlanan NKA-nın qeydiyyat vərəqəsi istifadəçinin elektron kabinetinə göndərilir. Qeydiyyat vərəqəsi istifadəçinin müraciəti əsasında kağız formasında da verilə bilər. Qeydiyyat vərəqəsi təsdiqləndikdə NKA, eyni zamanda NMQ aktivləşir. Sənəddə qaydaya əlavə edilən bildirişlərin nümunələri də əksini tapıb.

Qayda ilə ətraflı buradan tanış ola bilərsiz.