Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mayın 3-də keçirilən 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirib.
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir”, – deyə S.Nuriyev bildirib.
Onun sözlərinə görə, ölkə başçının tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq 2 mərhələdə təşkil edib.
S.Nuriyev xatırlatdı ki, bu prosesin 1-ci mərhələsində əməkdaşlığa cəlb olunub nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətinin dəstəyi ilə Bakı şəhərinin inkişaf konsepsiyası hazırlanmış, habelə aparılmış hərtərəfli təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib.
Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilib. Bakının Baş planının hazırlanması işinin artıq başlanılmış 2-ci mərhələsində Komitə “Boston Consulting Group” və “AS+P” şirkətlərinin iştirakı ilə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparacaq.
Bununla yanaşı S.Nuriyev bildirilib ki, Komitə tərəfindən əvvəlki illərdə hazırlanmış Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı və Tovuz şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən 2019-cu ilin ilk rübündə təsdiqlənib.
“Hazırda Quba şəhərinin Baş planı layihəsi Nazirlər Kabinetinə təsdiq üçün təqdim edilib, Biləsuvar şəhərinin baş planının yekun layihəsinin aidiyyatı təşkilatlarla razılaşdırılması başa çatdırılıb. Eyni zamanda, Komitənin sifarişi əsasında 2018-ci ilin sonunda hazırlanmasına başlanılmış daha 6 şəhərin – Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmirin baş planları layihələrinin işlənməsi prosesi davam etdirilməkdədir”, – Komitə sədri qeyd etdi.