-1 C
Baku
Sunday, December 15, 2024

Dəmir yolları ilə daşımalardakı tariflərə dair konfransdakı şikayət həllini tapır

Yanvarın son günlərində Prezident İlham Əliyevin də iştirak etdiyi “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda “Şəmkir Food Export” şirkətinin direktoru Tahir Hüseynov “180 manat ödəməkdənsə 700 manat ödənir” deyə dəmir yolları tarifindən şikayətlənmişdi.

Bundan 100 gün keçməmiş bu barədə problem artıq həllini tapmaqdadır. Belə ki, “Rusiya Dəmir Yolları” (RDY) ASC və “Azərbaycan Dəmir Yolları” (ADY) QSC arasında əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Bu barədə RDY-nin məlumatında deyilir.

Sənədi bu gün “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov və ADY sədri Cavid Qurbanov imzalayıblar.

“Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə uzlaşdırılmış siyasət həyata keçirilməsinə yönəlib”, – deyə məlumatda qeyd olunur.

Tərəflər dəmir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımalarının artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədirlər.

Bundan əlavə, ADY ilə RDY “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəlib.

“Şirkətlər öz səylərini Şərq-Qərb istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycanla Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaların Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcəklər”, – deyə məlumatda vurğulanır.

Eyni zamanda, yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilkin məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində və digər marşrutlarda perspektiv daşıma həcmlərini nəzərə alaraq, Samur-Yalama sərhəd keçidinin buraxma qabiliyyətininin artırılması üçün infrastrukturun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər