ABŞ-ın San-Fransisko şəhərinin səlahiyyətliləri, polis və digər yerli qurumlar tərəfindən üz tanıma proqramının istifadəsini qadağan edib. Bu haqda New York Times qəzeti xəbər verir.
Banker.az xəbər verir ki, nəşrə görə, qadağa bu texnologiyanın özünün, eləcə də bu texnologiyadan istifadə edən xarici sistemlərdən əldə olunan informasiyanı istifadəsinə aiddir. Müvafiq qərar şəhər şurasının nümayəndələri tərəfindən dəstəklənib. Gələn həftə bu məsələ ilə bağlı yenidən səs vermə keçiriləcək.
Qəzetin yazdığına görə, San-Fransisko bu texnologiyadan imtina etmiş ilk şəhərdir. Xatırladaq ki, üz tanıma sistemi polis əməkdaşları tərəfindən kiçik və iri cinayətlər faktı üzrə şübhəli şəxslərin axtarışı zamanı istifadə olunub.
Hal-hazırda bu texnologiya ABŞ-ın bir sıra hava limanlarında, böyük stadionlarda və bir neçə polis departamentində istifadə olunur.
Daha əvvəl vətəndaş azadlığını müdafiə edən təşkilatlar, ABŞ hökumətinin bu texnologiyadan sui-istifadə edə biləcəyindən narahatlıqlarını ifadə etmişdilər. Xüsusən, fəallar hakimiyyətin vətəndaşlara total nəzarət etməyə başlaya biləcəyindən qorxurlar.
Bu kimi qadağaların tətbiqi Oklend, Somervil və Massaçuseç şəhərlərində nəzərdən keçirilir.