10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın maliyyə sektoru Fransanın məşhur bankını qarşılamağa hazırlaşır

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın bu ilin mart ayında Fransaya baş tutmuş səfəri çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) ilə bu ölkənin “Rothschild&Cie” bankı arasında Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb. Bununla da, 3 500-dən çox peşəkar mütəxəssisi ilə 40-dan çox ölkədə maliyyə xidmətləri göstərən məşhur bank Azərbaycanın maliyyə sektoruna töhfəsini vermək imkanı qazanıb.

584e9eab 1fb9 466c 8cf3 a7013a832311

Müqaviləyə əsasən, tərəflər 3 strateji istiqamət üzrə əməkdaşlıq edəcək. Bunlardan biri bank sektorunun cari vəziyyətinin və sektora təsir edən əsas amillərin qiymətləndirilməsi, aparıcı bankların biznes modellərinin skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanmasıdır. 2-ci istiqamət banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, posedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi, 3-cü istiqamət isə milli valyutada mövcud olan maliyyə alətlərinin və bazarlarının, onların inkişaf perspektivlərinin, maliyyə institutlarının rolunun, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanlarının nəzərdən keçirilməsi və tövsiyələrin hazırlanmasıdır.

Qabaqcıl beynəlxalq təcrübə əsasında həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsində və inkişaf etdirilməsində, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsində, iqtisadi artımda sektorun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.

da8a7a9f be23 4cf9 8ed8 50780b48b3fb

Fransa bankı ilə əməkdaşlıq imkanlarını Report Agentliyinə şərh edən İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat Fakültəsinin dekanı Gəray Musayev bildirib ki, ölkədə iqtisadi sabitliyin bərpa olunması, iqtisadi artım tempinin yüksəlməsi, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi üçün iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektorunda da adekvat addımların atılması zəruridir. Bu baxımdan, maliyyə sabitliyinin qurulması, onun dayanıqlıllığının təmin edilməsi, maliyyə institutlarının sağlamlaşdırılması prosesində dövlət vəsaitlərindən istifadənin minimuma endirilməsi mexanizminin qurulması, bankların restrukturizasiyası və ən önəmlisi maliyyə sektorunun ÜDM-ə, iqtisadi artıma təsirinin artırılması mühüm əhəmiyyət kəsb edir.

“Heç şübhəsiz, AMB-lə ilə dünyanın aparıcı maliyyə konsaltinq qurumlarından olan, eyni zamanda investisiya bankçılığı və kapitalın idarəedilməsi sahəsində ixtisaslaşmış “Rothschild&Cie” bankı ilə əməkdaşlığa dair imzalanmış müqavilə yuxarıda qeyd olunan məsələlərin həlli istiqamətində, xüsusən də maliyyə institutlarının sağlamlaşdırılması, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlərin üzrə tövsiyələr hazırlanması, həyata keçiriləcək tədbirlərdə rasionallığının və sistemliliyin təmin edilməsinə töhfə verəcək. Bunun üçün ilk öncə bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri “skorinq” metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək”, – o qeyd edib.

700bd415 193d 4010 a781 4abb4331ba33Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və Mühasibat Fakültəsinin dekanı Gəray Musayev

Ekspertin fikrincə, bu əməkdaşlığın həm ölkə daxili, həm də beynəlxalq səviyyədə təsiri olacaq: “Bu əməkdaşlıq ölkədə kapital və borc bazarlarının, bazar iştirakçılarının, prosedurların və infrastrukturun təkmilləşdirilməsinə, xarici investisiyaların ölkənin maliyyə sektoruna cəlb edilməsinə, sektorda rəqabət mühitinin və elektron bankçılığın genişlənməsinə, bank məhsulların şaxələndirilməsinə kömək edəcək. Digər tərəfdən, ölkəmizdən xarici ölkələrə ediləcək investisiyaların düzgün istiqamətləndirilməsi, sektorların doğru müəyyənləşdirilməsi, ölkə banklarının beynəlxalq borc və kapital bazarlarında iştirakına imkan yaradacaq”.

Bundan başqa, G.Musayev qeyd edib ki, “Rothschild&Cie” bankı ilə əməkdaşlıq və qurumun Azərbaycanın maliyyə sektoru haqqında verəcəyi rəy ölkəmizin beynəlxalq maliyyə bazarlarda daha yaxından tanınmasına, əməkdaşlığın qurulmasına, etibarlılığın artmasına və bu sahəyə xarici investorların cəlb edilməsinə şərait yaradacaq. Bu isə öz növbəsində Azərbaycan banklarının da beynəlxalq kapital bazarlarına çıxışını asanlaşdıracaqdır.

“Ölkədə kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası, qeyri-işlək aktivlərin restrukturizasiyası öz aktuallığını qoruyur və bu prosesin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. Bu baxımdan, fransızların həmin bankların restrukturizasiyası ilə bağlı görülən tədbirlər üzrə tövsiyələri, alternativlər nəzərə alınacaq və eyni zamanda dövlət vəsaitlərinə qənaət edilməklə, bu prosesə beynəlxalq maliyyə qurumlarının və xarici kapitalın cəlb edilməsinə çalışılacaq”, – deyə fəlsəfə doktoru fikrini tamamlayıb.

622ad197 42f1 4808 8624 e2c9ab85002d“Ageromys Internatıonal” konsaltinq şirkətinin baş direktoru Mişel Makinski

Yerli ekspertlərlə yanaşı, xarici ekspertlər də sözügedən müqavilənin əhəmiyyətini yüksək qiymətləndirirlər. Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı, Fransa Biznes Məktəbinin professoru, eyni zamanda “Ageromys Internatıonal” konsaltinq şirkətinin baş direktoru Mişel Makinski “Report”un yerli bürosuna bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün böyük səy göstərir: “Neft-qaz sahələri ilə yanaşı digər sahələrin inkişafına, ümumilikdə regionların inkişafına xüsusi diqqət ayrılır. Bu baxımdan Azərbaycanda bank sektorunun da inkişaf etdirilməsinə, dünya standartlarına çatdırılmasına ehtiyac var. Bunun üçün isə Azərbaycan Avropa ilə əməkdaşlığını inkişaf etdirməlidir. Bu günə qədər xeyli iş görülsə də, Azərbaycanın malik olduğu potensialın fonunda əməkdaşlıq lazımi səviyyəyə çatdırılmayıb.

Odur ki, AMB ilə “Rothschild&Cie” bankı arasında əməkdaşlığa dair müqavilənin imzalanması böyük əhəmiyyət kəsb edir. Bu bankla yanaşı, Fransanın Maliyyə Səhm Qrupu (GAFI) və yaxud “Financial Action Task Force” şirkəti (FATF) tərəfindən Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi, tövsiyələr verilməsi, normalara münasibətdə hansı səviyyədə yer aldığının müəyyən edilməsi bankların, xüsusilə AMB-nin işinin daha da yaxşılaşdırılmasına xidmət edər və yüksək bank standartlarına cavab vermək üçün stimul ola bilər. Fransanın bank sahəsində ixtisaslaşmış ekspertlərinin köməyi ilə Azərbaycan bankları beynəlxalq banklar və o cümlədən beynəlxalq investisiya bankları kimi çoxtərəfli maliyyə orqanları üçün daha artıq maraq kəsb edə bilər. Fransada bu sahə üzrə əməkdaşlıq proqramları və texniki yardım proqramları mövcuddur ki, onlar Azərbaycan banklarını investorlar üçün daha cəlbedici edə, ölkənin daha dinamik və çoxtərəfli inkişafına kömək edə bilərlər”. 

Son xəbərlər
Digər xəbərlər