2 C
Baku
Saturday, December 14, 2024

Vergilər Nazirliyi sərəncam narazılığına aydınlıq gətirdi

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən sonra məcburi sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənilməsinə dair hesabatların təqdim olunmasına nəzarət Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Bununla yanaşı, vergi və sosial qanunvericilikdə aparılan dəyişikliklərlə sosial ödəmələrin faiz nisbəti ödəyicilər arasında yeni bölgüdə müəyyənləşib.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və özəl sektorda işləyən, əməkhaqqı 200 manata qədər olan işçilərin gəlirlərindən 3 faiz, işəgötürənin vəsaitindən isə 22 faiz sığorta haqqı kimi tutulur. Vətəndaşın gəliri 200 manatdan çox olarsa, gəlirdən 200 manata qədər olan hissəyə 6 manat, artıq hissədən isə qalan məbləğin 10 faizi, işəgötürəndən isə 200 manata görə 44 manat, artıq olan hissəyə görə 15 faiz sığorta haqqı tutulur. Qeyd edək ki, 2019-cu ilin 1-ci rübündə məcburi dövlət sosial sığortası üzrə büdcəyə 582,1 milyon manat, işsizlikdən sığorta üzrə isə 22,8 milyon manat həcmində vəsait daxil olub.

Sosial sığorta hesabatlarının vergi orqanları tərəfindən qəbul edilməsi vergi ödəyiciləri üçün bir çox prosesləri sadələşdirib. Bununla belə, ilkin mərhələdə vergi və sosial hesabat sistemlərinin uzlaşdırılması zamanı sığorta haqlarının ödənilməsində və bölüşdürülməsində müəyyən çətinliklər müşahidə olunub. Texniki səbəblərdən yaranan çətinliklər bəzi hallarda hətta vergi ödəyicilərinin bank hesablarına sərəncam qoyulması ilə nəticələnib.

Bu məsələyə aydınlıq gətirən Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə bildirib ki, vergi ödəyicilərinin belə hallarla üzləşməməsi üçün müvafiq addımlar atılıb:

“Vergi ödəyicilərindən daxil olan müraciətlərin təhlili göstərir ki, sosial sığorta ödənişlərinin büdcə təsnifat koduna uyğun düzgün bölüşdürülməməsi nəticəsində bir təsnifat kodunda artıq ödəmələrin, digər təsnifat kodunda isə borcun yaranmasına səbəb olur. Bu da vergi ödəyicisinin borcu olan hissədə sərəncamların göndərilməsi ilə nəticələnir. Son nəticədə vergi ödəyicisi artıq ödəməsi olduğu halda, sərəncamların bank hesablarına göndərilməsinə narazılığını bildirir. Bu tipli problemlərin yaranmaması üçün ödəniş edən zaman büdcə təsnifat kodunu seçəndə vergi ödəyicilərinin diqqətli olmaları tövsiyə edilir”.

Bildirilib ki, Vergilər Nazirliyi vətəndaş məmnunluğunu əsas götürərək bölüşdürülməmiş və ya ödənişin fəaliyyət növünə uyğun olmaması nəticəsində yaranan problemin həlli məqsədilə bölüşdürülməmiş ödənişlərin vergi orqanları tərəfindən avtomatik bölüşdürülməsinə texniki imkan yaradıb. Avtomatik proses əsasında vəsaitlərin bölüşdürülməsi təmin olunduqdan sonra həmin borca hesablanmış penyalar azaldılır və bank hesablarına qoyulmuş sərəncamlar geri çağırılır.

Bəzi vergi ödəyicilərini narahat edən nüanslardan biri də əvvəlki dövrlərdə sosial sığorta üzrə yaranmış borclar və onların səbəbləri ilə bağlıdır. N.Vahabzadə artıq bununla bağlı dəqiqləşmələrin aparılmasının yerli vergi orqanlarına həvalə edildiyini bildirib: “Bir sıra vergi ödəyicilərinin müraciətləri əsasən 1 yanvar 2019-cu il tarixinədək hesablanmış və saldo şəklində şəxsi hesab vərəqəsində əks etdirilən borcların məbləğinin düzgün olmaması və bu tipli yanlış hesablamalarla bağlı müvafiq tədbirlərin həyata keçirilərək şəxsi hesab vərəqəsi üzrə məbləğlərin düzəldilməsi tələbi üstünlük təşkil edir. Sosial sığorta üzrə borcların araşdırılaraq dəqiqləşmələrin aparılması istiqamətində aidiyyəti üzrə işlərin icrası yerli vergi orqanları tərəfindən həyata keçirilir”.

Son xəbərlər
Digər xəbərlər