Eldar Abdullayev sədr təyin olunub
Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin (İH) sədri Vüqar Namazov tutduğu vəzifəni tərk edib. Bu barədə V.Namazovun özü məlumat verib.
“İyunun 3-də BFB-nin səhmdarlarının illik yığıncağı keçirilib. Yığıncaqda qurumun 2018-ci il üzrə maliyyə nəticələri və 2019-cu ilin büdcəsi təsdiq edilib, Audit Komitəsi yenidən formalaşdırılıb. Bundan başqa, digər işə keçməyimlə əlaqədar səhmdarlar tutduğum vəzifədən azad olunmağımla bağlı qərar qəbul ediblər”, – deyə V.Namazov bildirib.
O əlavə edib ki, İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq İH-nin üzvü Eldar Abdullayevə həvalə edilib.
Bakı Fond Birjası qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 2000-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olub.
İnterfax.az