2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olan demokrat-senator Berni Sanders amerikalı tələbələrin hazırda 1,6 trilyon dollara çatan bütün təhsil kreditlərinin tamamilə və yubanmadan silinməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
“The Washington Post” qəzetinə istinadla xəbər verilir ki, Sandersin qanunverici təşəbbüsü dəstəklənərsə, bu, ümumilikdə 45 milyon amerikalıya təsir edəcək. Senator borcların maliyyə tranzaksiyalarına, əsasən də birja əməliyyatlarına (0,5 faiz) və qiymətli kağızlara (0,1 faiz) əlavə olunacaq yeni vergilər hesabına ödənilməsini təklif edir. Siyasətçi bütün bunları “Wall Street vergiləri” adlandırır. Təklifin reallaşacağı təqdirdə, Berni Sanders tələbə borcları probleminə yarım il ərzində son qoymağı mümkün hesab edir.
Bir qədər əvvəl Ağ ev 2003-cü ildən bəri ABŞ-da tələbə kreditləri üzrə borcların ümumilikdə 350 faizdən çox artdığını bildirib. Hakimiyyətin proqnozuna əsasən, təhsil almaq üçün kredit götürən amerikalıların təxminən 30 faizinin borclarını ödəmək imkanı yoxdur.
©Azərtac