“Rusiyadan çirkli neftin nəql edilməsi səbəbindən “Drujba” boru kəməri ilə Avropa bazarlarına neftin ötürülməsinin dayandırılması alternativ marşrutların yaradılması məsələsini daha da aktuallaşdırıb”.
Bunu “Report” Agentliyinə açıqlamasında “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripka bildirib.
Qeyd edək ki, bu ilin aprel ayının sonlarında Belarusun “Belneftxim” konserni Rusiyadan “Drujba” neft kəməri vasitəsilə nəql edilən çirkli neft səbəbindən nəqli dayandırıb. Boru kəmərinin Polşadan keçən hissəsində neft çirklənməsi aşkar edilib. Neftdə xlororqanikin həddindən artıq norması “Adamova Zastava” qəbul nöqtəsində aparılan analizlərdən sonra aşkar edilib.
S. Skripkanın sözlərinə görə, belə bir boru kəmərlərindən biri də Brodı (Ukrayna) – Plotsk “Adamova Zastava” (Polşa) kəməri ola bilər: “Ötən il təsdiq edilmiş layihənin texniki-İqtisadi əsaslandırılmasına görə, bu boru kəməri ilə nəql ediləcək neftin əsas istifadəçilərindən Polşa və Almaniya neft emalı zavodları olması gözlənilir”.
O bildirib ki, bu il boru kəmərinidən istifadə edəcək iri şirkətlər və tədarükçülərlə danışıqlara başlanılacaq: “Təbii ki, Brodı-Adamova Zastava boru kəmərinin əsas neft tədarükçüsü Azərbaycan Dövlət Neft Şirkəti olacaq. Həmçinin, Xəzər regionunda işləyən digər şirkətlər də bu layihəyə cəlb ediləcəklər”.
S. Skripka qeyd edib ki, “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas işi Xəzər dənizi regionundan Avropaya resursların tədarükünə xidmətlərin göstərilməsi olacaq.
“Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsi 12 iyul 2004-cü ildə Ukraynanın “Ukrtransnafta” və Polşanın “PERN Przyjazn” şirkətləri tərəfindən yaradılıb.
Qeyd edək ki, “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (25,32%), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09%), Ukraynanın “Ukrtransnafta” (28,79%), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79%) və litvanın “AB Klaipedos Nafta” (1%) şirkətləridir.
Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək.