7 C
Baku
Thursday, December 12, 2024

Bank səhmdarı, Azərbaycana 1,5 milyard manat yönəldir

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə təsdiq etdiyi yeni beşillik Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində AİB-in Azərbaycan hökumətinə ayıracaq maliyyə vəsaitinin məbləği müəyyənləşmək üzrədir.

AİB-in Bakı ofisindən Banker.az-a verilən məlumata görə, hazırda bu istiqamət üzrə hesablamalar aparılır. İlkin hesablamalara əsasən, strategiya çərçivəsində AİB Azərbaycan hökumətinə 900 mln. ABŞ dolları (cari durumda manatla ifadədə 1,53 mlrd. manat) məbləğində kredit ayıra bilər: “Vəsaitin məbləği təxminən bir aydan sonra dəqiq bilinəcək və təsdiq olunacaq”.

Qeyd edək ki, AİB-in 2019-2023-cü illəri əhatə edən, ölkə üzrə yeni strategiyası Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayıracaq: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, eləcə də infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildə AİB-ə üzv olduqdan sonra nəqliyyat, enerji, dövlət sektorunun idarəetməsi, su təchizatı və kanalizasiya, maliyyə, kənd təsərrüfatı və təbii sərvətlər, səhiyyə layihələri və proqramları üzrə təxminən 4,2 mlrd. ABŞ dolları həcmində suveren və qeyri-suveren kredit, zəmanət və texniki yardımı alıb.

AİB ifrat yoxsulluğun azaldılması istiqamətində səylərin gücləndirilməsi ilə Asiya və Sakit okeanı regionunun çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevrilməsi əzmindədir. AİB 2018-ci ildə 21,6 mlrd. dollara bərabər yeni kredit və qrant üzrə öhdəlik götürüb. 1966-cı ildə yaranmış Banka 49 regiondan 68 ölkə üzv olub.

Xatırladaq ki, Asiya İnkişaf Bankı Azərbaycanda fəaliyyət göstərən “AccessBank” QSC-nin əsas səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər