10 C
Baku
Thursday, December 12, 2024

İPO nədir? Azərbaycanda onun keçirilməsi necə baş tutur

IPO nədir? Azərbaycanda hansı şirkətlər IPO keçirə bilər? Qanunun IPO üçün müəyyən etdiyi tələblər hansılardır? IPO keçirən şirkətlərin əsas məqsədi nədir? Bu məqalədə biz bütün bu suallara cavab verəcəyik. 

IPO nədir? IPO (Initial Public Offering) –şirkətin səhmlərinin tənzimlənən bazara ilkin kütləvi yerləşdirilməsidir. Sadə sözlə desək, IPO – şirkətin səhmlərini ilk dəfə öz qeyri-məhdud sayda investorlara satılması prosesidir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, səhmin emitenti qismində yalnız Açıq Səhmdar Cəmiyyəti çıxış edə bilər.  

Səhm nədir? Səhm – səhmdarın səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını təsdiq qiymətli kağızdır. Səhmdarın digər hüquqları da var, onlar səhmin növündən asılı olaraq dəyişirlər: adi və ya imtiyazlı. 

Adi səhm     İmtiyazlı səhm 
  • divident almaq hüququ
  • şirkətin idarə olunmasında iştirak etmək hüququ
  • şirkətin ləğvindən sonra qalan mülkiyyətdən pay almaq hüququ
  • sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə divident almaq hüququ
  • bu dividentin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququ

IPO keçirmək istəyən şirkət Açıq Səhmdar Cəmiyyəti kimi təşkil olunmalıdır, çünki mülki hüququn müddəalarına uyğun olaraq, ASC-nin səhmdarları öz səhmlərini digər səhmdarların razılığı olmadan uzaqlaşdıra bilərlər, həmçinin səhmlərin sərbəst satışını həyata keçirə bilərlər, IPO-nun mahiyyəti də məhz bundan ibarətdir. 

IPO-nun əsas məqsədi

  1. Şirkətin inkişafı, yeni imkanların açılması. Müəyyən hallarda beynəlxalq müqavilələr və qarşılıqlı fayda əsasında qurulmuş sövdələşmələrdə iştirak etmək üçün IPO tələb olunur. 
  2. İctimaiyyətin, xüsusilə də bazar iştirakçılarının və yeni investorların diqqətini cəlb etmək. IPO – nun keçirilməsindən sonra şirkət ictimailəşir, hesabatları daha dəqiq və şəffaf olur. Bütün bu sadalananlar əslində əksər şirkətlər üçün prioritet sayılır biznes aləmində.
  3. Səhmlərinin dəyərinin artması. Şirkətin rəhbərliyi bazarın perspektivindən əmin olduqda, səhmdarlar üçün IPO çox faydalı ola bilər. Bunun əsas səbəbi isə səhm qiymətinin hərracların başlamasından sonra artmasıdır. 
  4. Şirkətə əlavə kapitalın cəlb edilməsi. IPO-nun keçirilməsi şirkətə çoxlu sayda investorların kapitallarını cəlb etməyə imkan yaratmış olur.
  5. Şirkətin real dəyərinin müəyyən edilməsi. PO şirkətə səhmlərin və buna görə bazarda şirkətlərin real dəyərini təyin etməyə imkan verəcəkdir.
  6. Likvidlik, IPO-nun keçirilməsi strategiyası (exit strategy). Siz IPO-ya çıxmış şirkətin səhmlərini asanlıqla pula çevirə bilərsiniz. Özəl şirkətə yatırım etmiş sərmayəçilər, qismən daha məhdud hüquqlara malikdirlər. Bir qayda olaraq, özəl şirkətin səhmlərini pula çevirmək üçün, bu səhmlər başqa bir investora satılır (“secondary buy out” – ikinci satınalma və ya “founders or management buy out” – şirkət təsisçilərin və ya rəhbərliyin satın alması). 
  7. Personalın stimullaşdırılması. Bir çox şirkətlərdə bonus proqramları var. Çalışqan əməkdaşlara şirkətin səhmləri verilir, bu halda işçi şirkətin inkişafında daha maralı olur. 
  8. Şirkətin sağlamlaşdırılması. IPO üçün keçirilən hazırlıqlar şirkətin sağlamlaşdırılmasına yardım edir. 

IPO mərhələləri

Azərbaycan IPO üzrə xüsusi qanunvericiliyə malik deyil, lakin emitentlərə olan tələblər, habelə səhmlərin emissiya və ləğv edilməsi qaydasını tənzimləyən müddəalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli kağızlar bazarına dair Qanun, Bakı Fond Birjası, listing, reyestr, qiymətli kağızların alqı-satqısının təşkili və digər normativ aktları tənzimləyən qaydalarla müəyyən olunur. 

İPO prosesinin müddətinə gəldikdə, bu şirkətin hazırlıq səviyyəsindən və daxili proseslərin və prosedurların Birjanın tələblərinə uyğun olub-olmasından asılıdır. 

IPO prosesi özündə bir neçə mərhələni cəmləşdirir:

 

1. IPO keçirmək qərarına gəlmək. IPO komandasını yaratmaq. “Due diligence” keçirmək (yoxlama). 

 

Yuxarıda da qeyd edildiyi kimi, IPO keçirməyin məqsədləri fərqli ola bilər. Lakin yalnız IPO keçirmək qərarına gəlmək kifayət deyil. Bu mərhələdə emitent şirkətin maliyyə-təsərrüfat vəziyyətini, təşkilati strukturunu və aktivlər strukturunu, informativ (həmçinin, maliyyə) şəffaflığını, korporativ idarəetmə təcrübəsini və şirkət fəaliyyətinin başqa aspektlərinin tənqidi təhlilini edir və bu analizin nəticələrinə görə aşkar edilmiş zəiflikləri və çatışmazlıqları aradan qaldırmağa çalışır, hansılar ki, ona IPO-nu müvəffəqiyyətlə həyata keçirməyə mane ola bilərlər. Bu tip fəaliyyət adətən ictimai kapital bazarına çıxış haqqında son qərarın qəbul olunmasına qədər edilir. Hər hansısa əskiliklər aşkar olunarsa, şirkətin sağlamlaşdırılması üçün tədbirlər görülməlidir. Bu məqsədlə IPO üzrə komanda yaratmağınız məqsədəuyğundur: hüquqi şirkətlər, PR-agentliklər, audit şirkətlər və bu sahədə təcrübəli olan mütəxəssislər. 

Şirkət eyni zamanda Bakı Fond Birjasının üzvü olan investisiya şirkəti ilə razılaşma əldə etməlidir. 

 

2. IPO üçün hazırlıq. Şirkətin sağlamlaşdırılması. 

 

Əgər aradan qaldırılmış çatışmazlıqları nəzərə alaraq ilkin mərhələnin nəticəsinə görə İPO perspektivi emitent tərəfindən müsbət qiymətləndirilirsə, onda İPO prosesi yeni mərhələyə keçir — hazırlıq mərhələsinə aiddir:

  • Şirkət strukturunun yenidən təşkili
  • Beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanması
  • Maliyyə hesabatlarının dəqiqliyini təsdiq etmək üçün müstəqil auditoru cəlb etmək
  • Səhm kapitalının artması
  • Korporativ idarəetmə sistemində dəyişikliklərin tətbiqi, onun təkmilləşdirilməsi
  • Əhəmiyyətli hadisələr və şirkətin fəaliyyətində dəyişikliklər barədə məlumat vermək üçün veb sayt yaratmaq
  • Qeyri-əsas aktivlərin şirkətdən çıxarılması
  • Gələcək illər üçün ətraflı maliyyə planını, proqnozunu və büdcəsini hazırlamaq
  • İnvestorlar üçün şirkətin uğurları haqqında məlumat hazırlamaq

 

  • Səhmlərin emissiyası. Səhmlərin dövlət qeydiyyatı. Emissiya prospektinin tərtib edilməsi. 

 

Səhmlərin emissiya prosesi bir neçə mərhələdən ibarətdir:

  1. Şirkət səhmlərin emissiyasına dair qərar verir. Bu qərar Səhmdarlar Cəmiyyəti tərəfindən qəbul edilir. Eyni zamanda buraxılacaq səhmlərin tipi, nominal dəyəri, sayı və ümumi məbləği müəyyən edilir. 
  2. Səhmlərin emissiya prospektinin tərtib edilməsi. Emissiya prospektində emitetin maliyyə vəziyyəti və emitent səhmlərinin təyin etdiyi hüquqlar barədə məlumatlar yer alır.
  3. Səhm buraxılışının dövlət qeydiyyatı. Emissiya prospektinin təsdiqi. Səhmlərin dövlət qeydiyyatı, emissiya prospektinin təsdiq edilməsindən və dövlət reyestrinə daxil edilməsindən ibarətdir. Dövlət qeydiyyatı üçün emitent maliyyə bazarlarına nəzarət Palatasına müraciət etməli və tələb olunan digər sənədləri təqdim etməlidir. Palata ərizəni nəzərdən keçirir və imtina üçün əsas olmadıqda qeydiyyat başa çatır və emissiya prospekti təsdiqlənir.
  4. Prospektdə əks olunan məlumatların açıqlanması. Təsdiq edildikdən sonra, emissiya prospekti maliyyə bazarlarına nəzarət Palatası tərəfindən vahid informasiya mənbəyində (MEAS), BFB-nin və emitentin veb səhifələrində açıqlanmalıdır. Emissiya prospekti emitentin ünvanında, səhmlərin satışı nöqtələrində yerləşməlidir. 

 

3. Listing 

 

Dövlət qeydiyyatından sonra emitent səhm yerləşdirmək hüququnu alır. Beləliklə, şirkət növbəti mərhələyə daxil olur. “Listing” sözü ingilis dilindən götürülüb və “siyahı tutmaq” deməkdir. Listingin mahiyyəti də məhz qiymətli kağızların tənzimlənən bazarlarda ticarətə buraxılmış maliyyə alətlərinin siyahısına əlavə edilməsidir. Bakı Fond Birjası (BFB) Azərbaycanda fəaliyyət göstərən yeganə fond birjası olmaqla, tənzimlənən bazarlarda qiymətli kağızlarla ticarətin həm də yeganə təşkilatçısıdır. Hazırda BFB-də ölkədə fəaliyyət göstərən əksər şirkətlərin (bura həm ASC həm də QSC və MMC-lər daxildir) səhm və istiqrazları ticarət olunur. Bu o deməkdir ki, həmin qiymətli kağızlar ilk növbədə BFB-nin “Listing qaydaları” na müvafiq şəkildə listingdən keçmişdir.

BFB-nın şirkətlərə qarşı irəli sürdüyü bir sıra tələblər var. Hər bir seqment üçün tələblər fərqlidir. 

Listing tələbləri

Əsas bazar seqmenti

Standart bazar seqment

 

 

Təşkilati-hüquqi forma

Fəaliyyətin müddəti

Xalis mənfəət

Maliyyə hesabatı

Müstəqil auditorun yekun qərarı

Kapitalın minimal həcmi

Veb-səhifə

Direktorlar şurası/Nəzarət şurası

İdarə Heyətində və Müşahidə Şurasında əhəmiyyətli dəyişikliklər

Dövriyyədə olan səhmlərin sayı

Emitentin nizamnaməsi

Açıq Səhmdar Cəmiyyəti

3 il

Son üç maliyyə ilindən biri

Beynəlxalq maliyyə hesabatlarının standartlarına uyğun hazırlanmışdır

Son 3 maliyyə ili; son maliyyə ili üçün yekun nəticə müsbət olmalıdır

2 500 000 AZN +

Minimum 3 üzv, onlardan 1/3 direktor/müstəqil üzv olmalıdır

Son 3 ay ərzində hökumətdəki dəyişikliklərin 50% -dən çox olmamalıdır

Emitentin səhmlərinin 10%

Veb-səhifədə yerləşdirilir

Açıq Səhmdar Cəmiyyəti

1 il

1 il

Beynəlxalq maliyyə hesabatlarının standartlarına uyğun hazırlanmışdır

+

200 000 AZN

+



 


 

 

 

 



 

4. Hərraclar.

 

Listingdən keçmiş səhmlər hərraclara çıxarılır. Hərracların başlanğıc tarixi və listing qiyməti Birjanın veb-səhifəsində hərracların başlamasından bir iş günü əvvəl yerləşdirilir. 

 

  • Maliyyə bazarlarına nəzarət Palatası tərəfindən səhmlərin emissiyası ilə bağlı hesabatın təsdiq edilməsi. Nağd pulun alınması. 

 

IPO-dan sonra emitent maliyyə bazarlarına nəzarət Palatasına hesabat təqdim etməlidir. Palata bu hesabatı nəzərdən keçirir və imtina üçün heç bir səbəb olmadıqda onu təsdiqləyir. 

Hesabat təsdiq edildikdən sonra cari hesab bağlanır, hesabdakı vəsait isə emitentin bank hesabına köçürülür. Beləliklə, IPO prosesi başa çatmış olur. 

IPO ilə bağlı olan çətinliklər

IPO bir sıra tələblərin ardıcıl olaraq yerinə yetirməsini tələb edir. Əlavə olaraq, IPO keçirməzdən əvvəl şirkətin rəhbərliyi qarşıya çıxa biləcək bütüm çətinlikləri nəzərə almalıdır.

Şəffaflıq və hesabatlılıq. IPO-dan sonra şirkət mütəmadi olaraq öz fəaliyyətinin uğurunu və ya uğursuzluğunu göstərən maliyyə hesabatlarını dərc etməlidir. Bundan başqa, şirkətin nizamnamə kapitalında səhmdarlar və onların sahib olduqları pay haqqında məlumatları əks etdirən nizamnamə şirkətin internet səhifəsində yerləşdirilməlidir.

Vaxt və pul xərci. İdarə heyəti, səhmlərin yerləşdirilməsindən əldə edilən gəlirlərin İPO-nun dəyərindən çox olub-olmamasını əvvəlcədən qiymətləndirməlidir. Xarici məsləhətçilərə çəkilən xərcləri də unutmaq olmaz (investisiya şirkəti, hüquqi məsləhətçi, auditor və s.). Bundan əlavə, İPO keçirmək və İPO-ya daxil olmuş bir şirkət kimi fəaliyyət göstərmək vaxt xərclərini tələb edir. 

Yekun nəticə

IPO üçün hazırlıq prosesi asan deyil, bir neçə aydan bir ilədək davam edir. Digər tərəfdən, IPO şirkətlərə əlavə kapital cəlb etmək imkanını verir. 

Emitent – qiymətli kağızların emissiyasının həyata keçirən hüquqi şəxs. 

Müəllif:
Nəzrin Quluzadə

Son xəbərlər
Digər xəbərlər