2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 131,6 mln. manat vəsait yönəldilib ki, bu da ötənildəki göstəricidən( 6 milyard 331,7 mln. ) 3,2% az olması deməkdir. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Sərf edilmiş vəsaitin 68,4%-ini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 63,8%-i məhsul istehsalı sahələrinə, 26,6%-i xidmət sahələrinə, 9,6%-i isə ümumi sahəsi 1 087,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3%-ini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7 %, büdcə vəsaitləri 27,7 %, əhalinin şəxsi vəsaitləri 7,0 %, bank kreditləri 6,8 %, büdcədənkənar fondların vəsaitləri 1,4 %, sair vəsaitlər isə 0,4 % təşkil etmişdir.
2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.