Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) yarandığı vaxtdan ölkə rəhbərliyinin inkişaf və modernləşmə kursuna uyğun olaraq maliyyə bazarlarının inkişafı, tənzimləmə və nəzarət mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə əsasən tətbiq edilməsini prioritet hədəf müəyyən etmişdir. Bu istiqamətdə görülən işlər çərçivəsində Palata dünya miqyaslı beynəlxalq təşkilatlardan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına, Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq təşkilatına və nəhayət cari ilin 2 avqust tarixindən bank nəzarəti sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olmuşdur.
Bank Nəzarəti üzrə Bazel Komitəsi bank nəzarəti üzrə prudensial standartları müəyyən edən orqan olub 1974-cü ildə 10 ölkə (Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Niderland, İsveç və Böyük Britaniya) tərəfindən yaradılmışdır. Bazel Konsultativ Qrupu Bazel Komitəsinin üzvləri qarşısında xüsusi öhdəlik yaratmadan nəzarət orqanları arasında vahid platformanı formalaşdırır. Bu qrupun əsas məqsədi nəzarət orqanları arasında müzakirələr formatında bank nəzarəti məsələlərində qarşılıqlı təcrübə mübadiləsinin təmin edilməsidir. Konsultativ Qrup tərəfindən bank nəzarəti sahəsində formalaşdırılan təkliflər isə Bazel Komitəsinə təqdim oluna bilir.
Konsultativ Qrupa üzv olan ölkə isə hazırda 29 ölkənin təmsil olunduğu geniş dialoq platforması çərçivəsində qabaqcıl beynəlxalq nəzarət təcrübələrini öyrənmək imkanını əldə edə bilir. Hazırda qonşu və regional ölkələrdən Gürcüstan, Qazaxıstan və Ukraynanın maliyyə nəzarət orqanları Bazel Konsultativ Qrupunun üzvləridir. Palatanın Bazel Konsultativ Qrupuna üzv qəbul olunması ölkədə maliyyə bazarları sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması istiqamətində aparılan islahatların beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin bir göstəricisidir.
Konsultativ Qrupa üzv olmaq Palatanı geniş dialoq platformasına çıxarmaqla bank sistemi üzrə təmzimləmə və nəzarət sahəsində qabaqcıl ölkələrin təcrübələrindən yararlanmağa, bu sahədə ölkədə mövcud qanunvericiliyin Bazel standartlarına tam uyğunlaşdırılmasına, habelə Bazel Komitəsində təkliflərlə çıxış etməyə imkan verəcəkdir.