2 C
Baku
Sunday, December 15, 2024

Banklar və AMB haqqında qanundakı mühüm dəyişiklik təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 27 iyun 2019-cu il tarixli, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Banker.az xəbər verir ki, imzalanan qanunda deyilir,

Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 44-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü hissədə “Milli Məclis tərəfindən” sözləri “Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə” sözləri ilə əvəz edilsin;

1.2. altıncı hissənin ikinci cümləsi çıxarılsın;

1.3. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələlər “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq tənzimlənir.”.

Maddə 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 12.1.10-cu maddəyə “layihələri” sözündən sonra “və qanun layihələrinə dair izahat” sözləri əlavə edilsin;

2.2. 20.5-ci maddədə “öz nizamnaməsinə” sözləri “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin və həmin maddəyə “barədə” sözündən sonra “illik” sözü əlavə edilsin;

2.3. 22-ci maddənin mətnindən “gəlirlərinin və xərclərinin” sözləri çıxarılsın və həmin maddənin mətnində “qanunvericiliyə” sözü “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;

2.4. 27.7-ci maddəyə “icrasına dair” sözlərindən sonra “illik” sözü əlavə edilsin.

Maddə 3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-cı maddəsi ləğv edilsin.

Maddə 4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun  41.2-ci maddəsinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“Bank sirrini təşkil edən məlumatlar Azərbaycan Respublikasının Hesablama Palatasına “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilir.”.

41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.

Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.

Xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə məlumat banklar tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada Mərkəzi Seçki Komissiyasına verilir.

Bank müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Maddə 5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa  aşağıdakı məzmunda 5.2-1-ci maddə əlavə edilsin:

“5.2-1. Kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir.”.

Maddə 6. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 58.6-cı maddə əlavə edilsin:

“58.6. Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir.”.

58.Mərkəzi Bankın auditi

58.1.  Mərkəzi Bankın fəaliyyəti yalnız Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq bir və ya bir neçə il müddətinə təyin edilmiş auditor tərəfindən ildə bir dəfə yoxlanılır.

58.2.  Zəruri hallarda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq auditor yoxlaması növbədənkənar qaydada təyin edilə bilər.

58.3.  Mərkəzi Bankın auditi Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılır. Auditlə bağlı xərclər Mərkəzi Bankın vəsaiti hesabına ödənilir.

58.4.  İlin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Respublikası Prezidentinə təqdim edilir.

58.5. Audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etdirilir.

 

Son xəbərlər
Digər xəbərlər