Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1 milyard 854,8 milyon manata çatdırılmışdır. Vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil etmişdir.
2019-cu il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 13,0 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq 232,3 manat təşkil etmiş və orta aylıq əmək haqqının 39,7 faizinə bərabər olmuşdur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli 1515–VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunmuşdur.
2019-cu il iyulun 1-i vəziyyətinə 383,6 min nəfərə sosial müavinətlər təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 68,0 min nəfər, əlilliyə görə – 173,0 min nəfər, ailə başçısını itirməyə görə – 47,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər olmuşdur.
Əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilmişdir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 286 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 9,0 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 1294 nəfər bir yaşınadək uşağı olan 1269 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,0 min uşaq üçün sosial müavinət verilmişdir.
2019-cu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32102 ailəyə 34241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilmişdir.
Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 380 nəfər zərərçəkən kompensasiya almışdır.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfər olmuşdur.