13 C
Baku
Saturday, November 23, 2024

Broker pulu real bazara buraxmırsa bu, hələ o demək deyil ki, o fırıldaqçıdır

Müsahibimiz: Standard Capital MMC-in qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Əlibəyli

Son günlərdə gənclərimizin Foreksə qeyri adi marağını hiss edirik. Sizcə bu nə ilə bağlıdır, doğrudanmı Foreksdə qazanmaq asandır?

Asan qazanc nəyə deyilir? Əgər bir iş insanın ürəyincədirsə və o, işindən zövq alırsa, bu qazanc onun üçün asan sayılır. Ümumilikdə Foreksdə qazanmaq bu işə necə yanaşmağınızdan asılıdır. Əgər kimsə bu işə kazinoda olduğu kimi yanaşırsa və Foreks onun üçün “buy” və “sell” əməliyyatlarından başqa bir anlam kəsb etmirsə, əlbəttə belə qazanc ona asan görünə bilər.

Misal üçün heç bir analiz etmədən girib neft alırsınız və qiymət qalxır. Təbii ki, qiymət qalxırsa, siz qazanırsınız. Əməliyyatdan çıxıb satış verir və qazanırsınız. Belə gözüyumulu şəkildə alıb-satmaq yalnız müəyyən dövrə qədər uğurlu ola bilər. Axı bəxt həmişə sizin yanınızda olmayacaq. Məntiqi təhlil yoxdursa, uğura çox da bel bağlamağa dəyməz, heç kəs şansın həmişə sizin tərəfinizdə olacağına zəmanət vermir.

Ona görə də bazarı təhlil edib, əməliyyata başlamaq daha yaxşıdır. Bu analizlərin də fərqli növləri vardır: iqtisadiyyatçılar var ki, daimi iqtisadi xəbərləri tendensiyaları izləyir və fundamental analizləri aparırlar. Foreks mütəxəssisləri də vardır ki, onlar öz strategiyaları əsasında işləyir, bu strategiyalara müxtəlif indikatorlar əlavə edərək, analiz aparmağa başlayır. Kimin üçünsə bu asandır, kiməsə görə çətindir, bunu dəqiq deyə bilmərəm. Mənim özümə gəldikdə isə bunu asan və ya çətin deməzdim, sadəcə çox yorucudur. Uzunmüddətli əməliyyatlardan və səhm alqı-satqısından başqa mən gündəlik əməliyyatlar aparıram, çünki mən “day trayder”əm. Bu çox əsəb aparan iş prosesidir. Daima əməliyyatları, qiymətləri izləmək məcburiyyətindəyəm. Asan ya çətin olmasına daha özünüz qərar verin.

Bəs ümumi tendensiya?

Söhbət bizim müştərilərdən gedirsə təbii ki, udanlar da var, uduzanlar da. Udanlar daha çox peşəkarlar, bu işə illərini sərf edərək, təcrübə əldə edənlərdir. Uduzanlar isə daha çox işə barmaqarası və qeyri ciddi yanaşanlardır. Düzdür elə şirkətlər də var ki, fırıldaqçılıq edir və müştərilərinin çoxu uduzur.

Valyuta bazarı ilə yaxından-uzaqdan əlaqəsi olmayan və bu işə tamamilə yeni başlayan bir şəxs Foreksə nədən başlamalıdır, onun bu istiqamətdə atacağı ilk addım nədən ibarət olmalıdır?

Təlimlərə yazılmaq lazımdır, şirkətlər tərəfindən pulsuz təlim kursları keçirilir, ilkin anlayışlar izah edilir. Təbii ki, bu, bəs etmir, nəzəri biliklərlə yanaşı təcrübə lazımdır.

Təcrübəni necə qazanmaq olar? İlkin tanışlıq kursundan sonra, yalançı-demo hesab açılır. Buna simulyasiya hesabı da demək olar və siz virtual pullarla əməliyyatlar aparırsınız. Bu pullar təbii real olmasa da, bazarı öyrənmək üçün yaxşı vasitədir, demo hesabla işləyərək, real bazarı daha yaxşı başa düşmək olur.

Bununla yanaşı əgər xarici dil bilgiləriniz varsa, vebinarlara – onlayn seminarlara üzv ola bilərsiniz. Təlimləri onlayn şəkildə ingilis və rus dilli saytlarda izləmək olar. Bu saytlardan istifadə pulsuzdur, xüsusi ilə də Rusiyada bu praktika geniş yayılmışdır. Onlayn kurslardan faydalanmaq olar.

Yüksək sürətli internet və xarici dil bilgiləri bu sahədə bilikləri artırmağa nəinki kifayət edir, həm də gözəl imkanlar yaradır.

Bəs demo hesabın açılması üçün əlavə nə isə tələb olunur?

Əslində heç nə, ola bilər ki, hansı sa şirkətdə cüzi miqdarda komissiya haqları ola bilər, amma bizim şirkətdə və eləcə də özünə hörmət edən başqa şirkətlərdə demo hesabın açılması üçün heç nə tələb olunmur. Bu tam təmənnasız bir xidmətdir. Misal üçün, siz neftin satışlarını analiz edib, demo hesabda əməliyyatlar həyata keçirə və öz uğurlarınızı izləyə bilərsiniz. Uğurlu olduğunuzu hiss etdiyiniz təqdirdə, real bazarda da əməliyyatlara başlamaq olar.

Forekslə bağlı istənilən bir araşdırma zamanı qarşıma iki əsas kəlmə çıxır: fundamental və texniki analiz? Bunların özəl xüsusiyyətləri hansılardır, siz öz işinizdə hansına üstünlük verirsiniz?

Texniki analiz adından da göründüyü kimi texniki məlumatlara üstünlük verir – burada riyazi düsturlardan və onların əsasında çıxarılmış indikatorlardan, həmçinin qrafiklərdən istifadə olunur. Texniki analiz özü də iki yerə ayrılır: qrafiki və indikator analizi.

  1. Qrafiki analiz sırf qiymətlərin təhlili üzərində aparılır. Orada cürbəcür fiqurlar yaranır, o fiqurlar təhlil olunur . Doji şamı əmələ gəlir və ya “baş və çiyin” şəkilli fiqurlar, üçbucaqlar və s.
  2. İndikator analizi müəyyən düsturlar əsasında hazırlanır və qrafikə əlavə olunun indikatorlardır. Onlardan MACD, RSİ və s. misal göstərmək olar.

Fundamental analiz iqtisadi və ya siyasi xəbərlərin, mütəmadi dərc olunan iqtisadi indekslərin, dövlətlərin iqtisadi göstəricilərinin analizi əsasında aparılır. Bu, bir az daha çox professionallıq tələb edir, iqtisadi biliyi olmayan və analiz etməyi bacarmayan adam üçün bu sfera daha çətin olacaq.

Yeni başlayanlar üçün ən yaxşısı texniki analizdir.

Oxucularımızdan biri xahiş edib ki, tətbiq etdiyiniz Foreks strategiyaları haqqında məlumat verəsiniz.

Mənim strategiyalarım mənim öz beynimin məhsuludur, bunlar şəxsidir və onları şəxsi əlyazmalarımın seyfində saxlayıram. Ona görə də bu haqda danışmaq istəməzdim. Lakin keçmiş strategiyalarımı sizinlə paylaşa bilərəm.

Foreksdə strategiyaları treyderlər öz iş üslubları, hətta deyərdim ki, həyat tərzlərinə uyğun hazırlayırlar. Məsələn treyderlər var ki, gecələr işləməyi sevirlər, treyderlər var ki, məhz yapon yeni ilə işləyirlər. Gecələr oturub birjanı izləyirlər.

Misal üçün mən bazara təzə daxil olan vaxt divergensiya ilə işləyirdim. Forekslə az çox maraqlananlar və işləyənlər bunun nə olduğunu bilir. Divergensiya: qiymət qrafikinin maksimum və minimum qiymətləri ilə onun indikatora olan proyeksiyasının maksimum və minimum qiymətlərinin əks istiqamətdə olmasıdır. Qiymət üzü yuxarı qalxdıqda, indikatorlar aşağı düşür və s. “deyəsən bir az çətin oldu sizin üçün”.

Məhz bu səbəbdəndir ki, hər treyder məhz öz iş tərzinə uyğun strategiya qurur və ona indikatorlar əlavə edir. Kim isə yapon şamları ilə işləməyi xoşlayır, məsələn “doji” şamı yarananda satış əmri vermək lazım olduğunu söyləyir. Təzə-təzə başlayanda əksəriyyət başqalarının artıq sınanmış strategiyasını götürür, onların üzərində öyrənir, ticarət aparır, daha sonra isə öz işləmə tərzinə uyğun onları modifikasiya edir, müəyyən dəyişikliklər və əlavələr edir. Yəni köhnə strategiya üzərində öz strategiyalarını qururlar.

Strategiyaları tapmaq elə də çətin deyil, əgər başqalarının strategiyası ilə işləmək istəsəniz, onları da internetdə tapa bilərsiniz. Bundan ötrü rus dilində “pulsuz foreks strategiyaları” yazıb axtarış etməyiniz kifayət edir. Azərbaycan dilində isə axtarmağınıza dəyməz.

Müştəri sərbəst ticarət aparacaq qədər məlumatlı deyilsə, o nə etməlidir. Məsələn müştərinin müəyyən qədər pulu var, o özü ticarət aparmaq istəmir, bunu bacaran bir adama həvalə etmək istəyirsə?

Azərbaycanda portfel idarəçiliyi o qədər də inkişaf etməyib, həm də qanunvericilik hələ ki, pulun idarəedilmə məqsədi ilə digər bir tərəfə həvalə edilməsinə yol vermir. Ancaq bunun digər yolu vardır ki, siz PAMM hesablara investisiya yatıra bilərsiniz.

PAMM hesab nəyi göstərir (ing. Percentage Allocation Management Module) – bir nəfər investor var və digər tərəfdən hər hansı bir treyder var ki, o da öz vəsaitini idarə edir. Onun qrafikləri, arxivi açıq görünür, siz onun nəinki bir iki ay öncə, həm də bir iki il öncəki işlərinə baxa və onun öz işində nə qədər uğurlu olduğunu izləyə bilərsiniz.

İstənilən şəxs həmin PAMM hesaba qoşulub öz vəsaitini həmin treyderə yatıra bilər, başqa sözlə öz pulunun idarə edilməsini həmin treyderə həvalə edə bilər.

Bu treyderin kimliyi, hansı ölkədə işlədiyi bilinmir. Bu işin həm bir vergi tərəfi də yoxdur, qazancınızdan vergi ödəmirsiniz, pulunuzun idarəedilməsi onlayn baş verir. Bütün bu əməliyyatların bir ucu offşor zonalara gedib çıxır, burada heç bir qadağa və s. məhdudiyyət yoxdur. Öz pulunuzu PAMM treyderlərin idarəçiliyinə verə bilərsiniz.

Bəs onda brokerlər nə işə baxır?

Brokerin fəaliyyəti insanların beynəlxalq birjalara çıxışını təmin etməkdir. Misal üçün Bank Standart 16 min şirkətin səhmi ilə ticarət etmək imkanı yaradır. Bu yeganə bir platforma üzərindən həyata keçirilə bilən çoxsaylı ticarət imkanıdır, siz internetə çıxışı olan istənilən bir cihaz, planşet, noutbuk, kompüter və hətta telefonla belə ticarət edə bilirsiniz. Həmçinin də müxtəlif növ sövdələr, opsionlar, kontrakt opsionlar, fyuçesrlər, foreks valyuta opsionları və s. alətlərin alqı-satqısı da mümkündür.

Broker şirkətini seçərkən müştəri hansı xüsusiyyətlərə fikir verməlidir?

Əslində çox çətin məsələ olmasa da, təəssüf ki, müştərilər üçün çətinlik törədə bilir. Bir çox broker şirkətləri vardır. Azərbaycanda brokerlərin fəaliyyəti foreks dilinq mərkəzlərindən başlayır. Onların mərkəzləri əsasən offşor zonalarda yerləşir. Azərbaycanda brokerlərin fəaliyyətini tənzimləyəcək vahid qurum hələ ki, yoxdur. Kim hansı ölkədə olmasından asılı olmayaraq, rahat ticarət edir. Amma xarici ölkələrdə vəziyyət belə deyil. Hər bir brokerin fəaliyyətini tənzimləyəcək qurumlar vardır. Onların fəaliyyəti nizamlanır. Məsələn götürək qonşu ölkə olan Türkiyəni, orada brokerlərin fəaliyyəti SPK ( Sermaye Piyasası Kurulu) tərəfindən tənzimlənir.

Bəzən belə bir fikrə rast gəlirik ki, bir qisim Foreks şirkətləri məhz müştərinin uduzmasından qazanır, bu şirkətlər sırasında “market maker”-ləri qeyd edirlər. Bu fikrə münasibətiniz necədir?

Bəzən deyirlər ki, “bu brokerə getmə, o sənin pulunu real maliyyə bazarına buraxmır, pulunu özündə saxlayır”. Amma broker pulu real bazara buraxmırsa, bu o demək deyil ki, o fırıldaqçıdır. Fırıldaqçı o brokerdir ki, müştərinin pulunu real bazara buraxmamaqla yanaşı – müştərinin qazancını ona geri vermir. Bax bu, fırıldaqçılıqdır.

Türkiyədə necədir? Türkiyədə də “market maker”lər vardır. “Market maker”lərə icazə verilib ki, hedge etsinlər.

Bunu asan dillə izah etməyə çalışacağam ki, hər kəsə aydın olsun, elmi dildə, ya professional səviyyədə izah etsəm çox az adam başa düşəcək, ona görə qoy, həmkarlarım mənə bu sadə izahata görə irad tutmasın. “Market maker”lər pulu real bazara buraxmırlar, amma onlar pulu real bazara buraxmasa da nəzarət edici orqanlar diqqət yetirirlər ki, firmalar üzərlərinə həddindən artıq, bacara biləcəklərindən artıq risk almasınlar.

Misal üçün müştəri gəlir həmin şirkətə və 1 milyon dollarlıq hesab açır və şirkət 1 milyon dolları bazara buraxmır. Şirkətin özünün balansı isə 500 min və hətta 100 min dollar ola bilər. Amma 1 milyonluq müştərini saxlayır özündə və real bazara buraxmır. Bu böyük riskdir, nəyə görə? çünki bir milyon pulu olan müştəri sabah 2 milyon qazana bilər və şirkət müştəri pulu hesabdan çıxarmaq istədikdə, əgər ona real bazara çıxmaq imkanı verməyibsə, bu vəsaiti haradan tapıb ona verə biləcək? Real bazara buraxmayıbsa, pul özündə qalır.

Bəs, belə etməkdə onun nə məqsədi var? Pulu ona görə özündə saxlayır ki, onsuzda statistika göstərir ki, Foreksdə sırf valyuta ticarəti ilə məşğul olanların 90%-dən çoxu itirir. 90%-dən çoxu itirirsə, deməli şirkətin müştərilərinin də çoxu uduzur, qazananlar isə az olur. Deməli itirilən pullardan qazananların pulları vermək olar. Amma üzərinə bu qədər risk almaq lazım deyil.

Belə şirkətlər Azərbaycanda da var, yəni ümumiyyətlə heç bir müştərisinin pulunu bazara çıxarmırlar. Deməli bu şirkətlər müştərinin uduzmasında daha çox maraqlıdırlar.

Bu həddindən artıq böyük problemlərə gətirib çıxarır, əsas da problemlər onda yaranır ki, müştəri pulunu hesabdan çıxarmaq istəyir.

Bəs seçimi necə etmək lazımdır ki, yanılmayasan?

Fikir vermək lazımdır ki, həmin şirkətin fəaliyyəti tənzimləyici orqanlar və qurumlar tərəfindən nizamlansın. Xarici ölkələrdə, eləcə Türkiyənin və ya Rusiyanın özündə bu fəaliyyət nizamlanır. Araşdırma aparmaq isə problem deyil. Misal üçün internetdə araşdırma apara bilərsiniz, həmin şirkətlə işləyən insanların fikirlərini, şəbəkələrdə yazdığı rəyləri oxuya bilərsiniz. Həmin brokerlər nə qədər pul qazanıb, hesabından nə qədər pul çıxarıb və ya brokerin fəaliyyəti ilə bağlı hansı neqativ fikirləri vardır.

Həmçinin minimal hesab açıb, brokerin işini yoxlamaq olar, adətən minimal hesablarla bağlı daha çox problem yaşanır. Çünki minimal hesabları bazara buraxmırlar.

Mən də öz təcrübəmdə bu tip problemlər ilə üzləşmişəm. Lakin bu problem sayəsində, mən ayırd etmişəm ki, hansı brokerlə işləmək olar, hansı broker ilə isə yox. Bu problemlər nədən ibarət olub: Həmin fırıldaqçı brokerlər real pulu bazara buraxmamaq ilə yanaşı, platformanın özündə ciddi problemlər yaradırlar. Misal üçün süni qiymət dəyişikləri törədə bilirlər.

Beşinci gündən birinci günə keçdikdə, gap əmələ gəlir, guya ki, qiymət düşüb, amma əslində qiymət heç zaman o həddə olmayıb. Azərbaycan brokerlərində də bu var, amma adlarını təəssüf ki, çəkə bilmərəm, həmçinin dünya brokerlərində də belə hallar olur. Mənim bir zamanlar işlədiyim Rusiya şirkətlərindən birində də başıma belə hadisələr gəlib: Əməliyyatı açmışam və əməliyyat müsbətdədir, yəni gəlir qazanıram. Əməliyyatı dayandırıb, müsbətdə ikən çıxmaq istəyirəm. Lakin platforma donmuşdu və əmrlərə tabe olmurdu. Mən əməliyyatı saxlaya bilmirdim. Bu problem bir neçə dəfə qarşıma çıxdı. Mən istədiyim vaxt əməliyyatı aça bilmirdim, platformaya nəzarət sənin əlindən çıxırdı. Ondan sonra başa düşdüm ki, bu brokerlə işləmək lazım deyil və pulumu oradan çıxartdım.

Amma bir çox insanlar xəbər tutanda artıq çox gec olur.

Belə hallar olmasın deyə yoxlamaq, araşdırmaq, peşəkarlara müraciət etmək lazımdır. Məsələn mənim bir neçə tanışım var ki, gəlib mənə müxtəlif şirkətlər haqqında suallar verir. Hamının öz seçimi vardır. Amma yenə də hamıya professionallarla məsləhətləşməyi tövsiyə edirəm.

Foreksdə psixoloji amillərin təsirini necə qiymətləndirirsiniz?

Psixoloji amillər təkcə Foreksdə deyil, bütün işlərdə və xüsusən də biznesdə ən vacib rollardan birini oynayır. Foreksdə psixoloji ağrıya tab gətirmək daha çətindir. Çünki gözünün qabağında qiymət daima hərəkət edir və sən orda mənfiyə və ya müsbətə gedirsən, ya itirirsən, ya da qazanırsan. Balansın artıb, azalmasının psixoloji təsiri çox böyükdür.

Bəs risk götürmə qabiliyyəti necə?

Ümumiyyətlə əgər insan professional deyilsə, hətta 100% əmin olduğu halda belə gərək riskə getməsin. Yeni başlayan bir adam necə 100% nəyəsə necə əmin ola bilər, necə iddia edə bilər ki, qiymət aşağı düşəcək? Ümumi balansın cəmi 10%-ilə risk etmək olar.

Foreksdə mənfəət/itki nisbətinə necə yanaşırsınız?

Boş şeylərdir. Əhəmiyyəti yoxdur. Ümumiyyətlə deyirlər ki, nisbət ikinin – birə olmalıdır. Əməliyyat açanda “take profit” – “stop loss”-dan iki dəfə yuxarıda olmalıdır. Mən isə deyirəm ki, bunlar boş şeylərdir. Nəyə görə? Çünki bunlar hamısı strategiyadan asılıdır. “Take profit” – “stop loss”-dan hətta üç dəfə daha aza ola bilər, nəinki yuxarı. Hər şey strategiyaya bağlıdır. Əgər bir strategiya dalbadal 10 dəfə ziyan verirsə və ondan sonra cəmi bir dəfə müsbətlə nəticələnirsə, bu vəziyyəti özünüz təsəvvür edin. Bu zaman “take profit” ilə “stop loss” nisbətini nəinki ikiqat, hətta beşqat qoysan belə təsir etməyəcək.

Misal üçün əgər bir strategiya 100 dəfə minusla nəticələnirsə, istər nisbət 5-in birə olsun, istər də 2-nin 1-ə siz uducazaqsınız. Ona görə də “take profit” ilə “stop loss” nisbətlərini məhz strategiyaya uyğun müəyyən etmək lazımdır. Məsələn düşünürlər ki, əgər nisbət 2-nin birə olsa mən 200 pips qazanacağam, 100 isə itkim olacaq. Amma sizin strategiya 10 dəfə dalbadal mənfi nəticə verərsə itkiniz 1000 pips, qazancınız isə 200 pips olacaq və itkiniz 800-ə bərabər olacaq. Strategiyaya uyğun “take profit” ilə “stop loss” nisbətləri müəyyən edilməlidir.

Valyuta və səhmlərlə ticarətin hansını daha əlverişli sayırsınız, bəs özünüz daha çox hansına üstünlük verirsiniz?

Səhm bazarında ticarətə başlamazdan öncə səhmləri düzgün analiz etməyi öyrənmək lazımdır. Səhmləri analiz edə bilmədən bu bazara girməyə dəyməz. Bir şirkəti analiz edib, sonra onun səhmləri ilə bağlı qərar vermək daha effektivdir. Bazara düzgün analiz etmədən girmək də riskli bir şeydir. Blackberry-nin səhmlərini bir neçə il və ya bir neçə ay bundan öncə alanlar təbii ki hazırda ziyandadırlar, çünki səhmlər çox düşüb, amma elə insanlar tanıyıram ki, səhmləri indi almağa başlayıblar.

Müəyyən şirkətlər var ki, onların genişlənməsini təxmin etmək olar, məsələn “Google”.

Düzdür. Mən almışdım bu səhmləri və baxmayaraq ki, may ayında səhmlərin qiymətləri adətən düşür, onlar mən istədiyim səviyyəyə qalxdı, yəni istədiyimə çatıb onları satdım. Hazırda qiymətlər isə düşür, amma bu qısamüddətli korreksiyadır. Təbii ki, ümumi götürdükdə Google-un səhmlərinin qiyməti çox qalxmışdır. Elə şirkətləri var ki, onların qiyməti hətta böhran dövründə də qalxır. Bunlara “Gillete”-i və ya “McDonald’s”-ı misal göstərmək olar, çünki bəzi məhsullara həmişə tələbat var. Məntiqli olmaq və bazara bələd olmaqla ticarətə başlamaq olar.

Ötən il Facebook-un ilk səhm yerləşdirilməsi baş tutmuşdu, gündəmdə xüsusi işıqlanan bir məsələ idi və bu səhmlərlə bağlı çoxlu maliyyə alətləri yaranmışdı, bizim treyderlər bu səhmlərə maraq göstərirdi?

Səhmlər bazara çıxmamışdan öncə də bir neçə adam müraciət etmişdi ki, biz o, səhmləri almaq istəyirik, düzü mən məsləhət görmürdüm. Əslində ilk öncə özüm də belə bir marağa düşmüşdüm, sonra fikirləşdim ki, heç bir maliyyə analizi etmədən, hesabatlara baxmadan bu səhmləri almaq nə dərəcədə düzgün və məntiqə uyğundur. Bu bazara gözüyumulu girmək deməkdir. Hətta Uorren Baffet də bu səhmləri almamışdı. İlk gündən, yəni birja açıldıqdan bir neçə saat sonra qiymətlər düşməyə başladı. Yəni insanlar həmin günü mənfi ilə başa vurdular.

Treyd aləmində və ya Foreks dünyasında örnək aldığınız, yəni özünüz üçün ustad hesab etdiyiniz bir insan varmı ki, daima onu mütaliə edirsiniz? Kimlərsə Sorosu oxuyur, kimsə Uorren Baffeti.

Yalnız özüm. Əgər söhbət valyuta bazarından, yəni Foreksdən gedirsə təkcə özümü özümə örnək hesab edirəm. Səhm bazarı ilə bağlı isə təbii ki, çox oxumaq, şirkətlərin analizini öyrənmək lazımdır. Əlbəttə ki, təzə başlayan zamanlarda mən Eliotun “Dalğalar nəziyyəsini” və Bill Williamsın “psixo analizini” oxumuşdum. Foreksə başlamaq istəyən hər bir şəxsə tövsiyə edərdim ki, Bill Williamsın “Ticarət Xaosu” əsərini oxusun, düzdür, Azərbaycan dilində yəqin ki, bu kitabı tapa bilməyəcəksiniz, amma ingilis və rus dillərində oxumaq mümkündür. Bill Williams psixoloqdur, orada psixoloji aspektlərə geniş yer verilib.

Son olaraq, qeyd etmək istədiyiniz hər hansı bir nüans varmı?

Müsahibəyə görə təşəkkür edirəm, ümid edirəm ki, sizin suallarınız sayəsində verdiyim cavablar və mənim dediklərim azacıq da olsa insanların maariflənməsinə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər