Müsahibimiz: “Bank of Baku”-nun İdarə Heyəti Sədrinin müavini cənab Zaur Qaraisayev
Zaur müəllim, Sizin fikrinizcə, hal hazırda bank sektorunda ən çox hansı sahədə və nə uğrunda rəqabət gedir?
Sözsüz, pərakəndə bankçılıq sahəsində və istehlak kreditləri bazarında payın artırılması uğrunda Azərbaycanda istehlak kreditləri bazarı inkişaf etməkdədir və son illər dünya iqtisadiyyatının böhrana girməsinə baxmayaraq, bu sahə hər il müsbət dinamika göstərir. Bu inkişaf öz növbəsində banklar üçün daha qazanclı və risk səviyyəsi aşağı olan istiqamət kimi görünür və onların istehlak bazarına çox aqressiv girməsinə stimul verir. Lakin qeyd etməliyəm ki, risk səviyyəsi göründüyü kimi aşağı deyil, istehlak kreditləri bazarında riskləri uğurla effektiv idarə etmək üçün yüksək inkişaf etmiş bankdaxili infrastruktur olmalıdır, bütün proseslər düzgün qurulmalıdır.
Bank of Baku hazırda bank bazarında ən aqressiv kredit siyasəti yeridən banklardan biridir, bu isə öz növbəsində böyük reklam xərcləri tələb edir ki, bu da kreditlərin maya dəyərinə təsir göstərir, bu gedişlə faizlərin enəcəyini gözləməyə dəyərmi?
Ümumiyyətlə, reklam, artan rəqabət mühitində müştərilərlə ünsiyyətin qurulması, məhsul və xidmətlər barədə məlumatın çatdırılması alətlərindən ən mühümünə çevrilir. Əlbəttə, reklam xərcləri ildən ilə artır və xidmət və məhsulların dəyərindəki çəkisini artırır, lakin effektiv reklam satışların həcminə birbaşa təsir edən amildir və bir xidmət və ya məhsulun satışını dəstəkləməkdən başqa bankın uzunmüddətli imicinə də təsir edir. Bunu nəzərə alaraq reklam xərclərini daha uzun müddət ərzində tanımaq olar. Digər tərəfdən, maya dəyəri artdıqca gəlirlik səviyyəsini eyni səviyyədə saxlamaq üçün faiz dərəcələri artırılmalıdır, lakin rəqabətlilik mühitində faiz dərəcələri tələb və təklif əsasında formalaşır. Rəqabət artdıqca, banklar gəlirliliyin azaldılması hesabına faizləri tənzimləməli olacaqlar. Bu normal prosesdir.
Şəxsi müşahidəmə əsasən də deyə bilərəm ki, bütün reklam növlərindən istifadə edirsiniz, amma mən daha çox sosial şəbəkələrdə və internetdə rast gəlirəm reklamlarınıza.
Bəs hansı reklam vasitəsini siz daha effektiv və hədəf yönümlü hesab edirsiniz?
Bu normal haldır, çünki vaxtının böyük hissəsini sosial şəbəkədə keçirən insanlar reklamları burada görməlidirlər. Hal hazırda ən yüksək reklam effektini radio və sosial şəbəkələrdə verilən reklamlarda görürəm. İnsanlar işə gedən və ya qayıdan zaman avtobuslarda və şəxsi avtomobillərdə ən azı 20-30 dəqiqə vaxt sərf edirlər və radioya qulaq asan zaman bizim reklamlarımızı eşidirlər.
Sosial şəbəkələrə döndükdə isə, 3 il əvvəl bankın səhifəsini Facebook sosial şəbəkəsində yaradanda uğurlu olacağına bankda az adam inanırdı. Lakin indi Twitter, Linkedin, Facebook, Instaqram, Youtube və digər şəbəkələrdə təmsil olunur və gələcək inkişaf strategiyası üzərində işləyirik. Bu sahə böyük və tükənməz potensiala malikdir. Bir çoxlarımız smartfon və planşetlər istifadə edirik, işdə, evdə kompüterlərimiz var, hər zaman online olaraq şəbəkələrdə baş verənləri izləyirik və əlbəttə ki, reklamları görürük. Əlavə olaraq qeyd etməliyəm ki, internet resurslarında reklam xidmətləri daha az xərc tələb edir, bu baxımdan da şirkətlər üçün yüksək maraq yaradır. Fikrimcə növbəti 10 ildə reklamın 70-80% mobil və internet resurslarına daşınacaq.
Bank işində xidmət sahəsi ilə bağlı pozisiyalar vardır ki, işə düzəlmək arzusu ilə banka müraciət edən şəxslər əsasən o sahələrə yönləndirilir, lakin insanlar var ki, özünü bankda görmək istəsə də məhz belə pozisiyalardan başlamaq istəmir və onları uğurlu karyera yolunda uğursuz bir mərhələ hesab edir.
Bu fikirlə razısınızmı, ümumiyyətlə kadr seçimi və yerləşdirilməsi Bank of Bakuda necə qurulur?
Bu məsələdə işə müraciət edən şəxslərin gözləntilərini bankın ehtiyacları ilə üzləşdirmək kimi bir dilemma var, çünki əksər hallarda işə müraciət edən şəxslər bankın daxili strukturunu, vəzifələrini, öhdəliklərini bilmirlər və bank sferasının prestijli iş yeri olduğuna əsaslanaraq müraciət edirlər. Bizim pilləli seçim prosesimiz namizədləri onların daha uyğun ola biləcəkləri vakansiyaya yönəldir. Vakansiya spesifik təhsil və təcrübə tələb etdikdə isə həmin tələblər aydın olaraq göstərilir və namizədlər bu vəzifəyə uyğunluqları barədə özləri qərar verə bilir. Hal hazırda bir çox iş təklif edən saytlarda boş vakansiyalar barədə məlumat yerləşdiririk və iş axtaranlar bu resurslarda ətraflı məlumat əldə edə bilərlər.
Sizcə Azərbaycanda kadrların peşəkarlıq səviyyəsi ilə bağlı problemlər varmı və problemləri, təbii ki, öz sahənizdə aradan qaldırmaq üçün nə edirsiniz?
Biz kadrlarımızın peşəkar səviyyəsinin daim artırılmasına böyük diqqət və önəm veririk. Bunun üçün hər il müəyyən büdcə ayrılır və sevindirici haldır ki, ayrılan məbləğ ildən-ilə artır. Peşəkarlığı artırmaq üçün əsasən ölkədaxili və xarici seminarlardan, əməkdaşın hazırkı və gələcək vəzifəyə uyğunluğunu təsdiq edən sertifikassiya proqlamlarından istifadə olunur. Əlavə olaraq, 2012-ci ildən etibarən, bankımızda texniki sahəsi tam təchiz olunmuş daxili təlim mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə təcrübəçilər və işçilər tək-tək və qrup şəklində treninq və seminarlar alaraq mütəxəssisləşirlər. Bank of Baku bank sferasında təcrübəsi olmayan insanları işə götürərək onları inkişaf etdirən məktəb kimi ad qazanmışdır və biz bununla fəxr edirik. Qeyd edim ki 2012-ci il ərzində bankın 500-ə yaxın əməkdaşı fərqli seminar və treninqlərdən keçmişdir, bu da bütün əməkdaşların 70%-dir.
Digər əhəmiyyətli bir məqama toxunmaq istərdim. İnsanlar bir çox nəzəri və praktiki biliklərə ali məktəblərdə yiyələnməlidirlər, lakin təəssüflə qeyd etməliyəm ki, məzunlara bank işinin müəyyən sahələrində tələb olunan qabaqcıl biliklər verilmir. Buna görə də bəzi sahələrə əməkdaş tapmaq çətin olur. Bir çox hallarda bu vəzifələrə uyğun olanlar artıq təcrübəli və ya xarici ali məktəblərdə təhsil almış şəxslərdir. Biz bu sahədə müəyyən addımlar atmışıq, belə ki, Qafqaz universiteti ilə əməkdaşlıq çərçivəsində bankımız tərəfindən universitetdə “Mühasibat uçotu və audit” laboratoriyası təsis edilmişdir. Bu laboratoriyada tələbələr maliyyə və mühasibatlıq sahəsində qabaqcıl məlumatlar əldə edəcək və ACCA, CFA, CİMA kimi sertifikasiyalara hazırlaşacaqlar. Biz bununla bank və maliyyə peşəkarlarının hazırlanması üçün öz töhfəmizi vermiş və ali təhsil qurumları ilə biznesin arasında körpü yaratmış oluruq.
Bank of Baku-da kadr axınının qarşısının alınması üçün hansı siyasət yerinə yetirilir?
Axı aydındır ki, hər hansı bir əməkdaşın aparıcı rəhbər kimi ərsəyə gəlməsi üçün bank çoxlu səy və güc sərf edir və kadr itkisi həm güclü kadrın, həmdə illərlə yığılmış biliklərin bankdan axması deməkdir.
Əlbəttə ki, istənilən işçi axını bizi narahat edir. Biz işçilərlə uzunmüddətli işbirliyi qururuq və “biz bir ailəyik” prinsipini öndə tuturuq. Bankın istənilən əməkdaşı öz problemlərini və narahatlıqlarını birbaşa ali rəhbərliklə bölüşür və onların həlli üçün dərhal addımlar atılır. Komanda quruculuğu tədbirləri üçün mütəmadi olaraq vəsait ayrılır, fərqli yarış və tədbirlər keçirilir. Lakin iri qurum olduğumuzu nəzərə alaraq, işçi axınının ümumi iş ahənginə təsir etməməsini, lazım olan vakansiyaların vaxtında doldurulmasını təmin etməliyik və bu sahədə yetərincə uğurluyuq. Son illər ərzində bazarda artan rəqabət nəticəsində işçi axını çoxalmışdır, lakin görülən tədbirlər nəticəsində biz nəinki zəifləmədik, əksinə daha da gücləndik. 2011-ci ilin əvvəlinə işçi sayının 500 nəfər, bu günə isə 830 nəfəri keçməsi bunun bariz nümunəsidir.
Biz daim əməkdaşların mənəvi motivasiyasına yönəlmiş yeniliklər edirik və daxildə qəbul edilmiş dəyərlərimizi işçilərimizə çatdırırıq. Əməkdaş işdən getmə haqqında düşünəndə bu amilləri də ölçür. Hər bir insanı tam məmnun etmək mümkün deyil, lakin biz buna nail olmağa çalışırıq.
Hazırda əksər kartlı kredit məhsullarında “güzəşt müddəti” (grace period) tətbiq olunur və ya faizsiz kredit anlayışı gətirilir reklama.
Əgər kreditlər faizsizdirsə bəs bankın qazancı nədir?
Məsələ bundadır ki, bank müştəri ilə uzunmüddətli əlaqə qurmağa çalışır. Bu münasibətlərdə bank hər zaman nə isə alan mövqeyində olmamalıdır, müəyyən müddətdən sonra müştərilərə güzəştlər etməlidir. Bu güzəştlərdən biri də, qeyd etdiyiniz güzəşt müddətidir. Adətən güzəşt müddəti 30-45 gün arasında olur, bu müddət ərzində müştəri kredit borcunu tam bağladıqda heç bir faiz ödəmir, müddət keçdikdə isə artıq faizlər hesablanır. Əlavə olaraq müştəri pulu bankomatdan nağd çıxardıqda buna görə komissiya ödəyir, POS terminallardan ödədikdə isə bank komissiyanı satıcıdan alır. Lakin güzəşt müddətini sadəcə “Faizsiz müddət” kimi qəbul etməməliyik, bank üçün bu alət müştərinin məmnuniyyətini artıraraq banka loyallığını bərkitmək üçündür.
Bankda (və ya Bank of Baku-da) işləmək istəyən gənc sizin fikrinizcə hansı keyfiyyətlərə malik olmalıdır?
Əzmkar, aktiv, ünsiyyətcil, iş yoldaşlarına dəstək olan, öz üzərində çalışan olmalıdır və ən əsası – bankda çalışdığı ilk gündən bankı və işini sevməlidir! Professional bilik və bacarıqlara gəldikdə isə, əlbəttə maliyyə üzrə baza biliklərinə malik olmalıdır, riyazi məntiqi güclü olmalıdır. Bu keyfiyyətlərə malik olan şəxslər bizim sınaqlardan uğurla keçir, karyeralarında nailiyyətlər əldə edirlər.
Sizin menecmentdə olan işçiləri, həmçinin filial müdirlərini tez-tez müxtəlif tədbir və təlimlərdə görürük. Bank of Baku-da işçinin professional inkişafı ilə bağlı hansısa proqram varmı? Varsa həmin proqramdan hansısa nüanslar haqqında oxucularımıza danışa bilərsinizmi?
Qeyd etdiyiniz istiqamətdə müxtəlif proqramlardan istifadə edirik. Hal-hazırda əməkdaşın karyera planı və menecment rezervinin yaradılması proqramı çox aktualdır. Bu proqramlar çərçivəsində effektiv metodikalar vasitəsilə potensialı olan əməkdaşları müəyyən edir, onların bankda gələcək inkişafını planlaşdırır və bununla bağlı konkret addımlar atırıq. Məsələn, iyun ayında bankın orta menecment səviyyəsində çalışan 11 əməkdaşı “Banklarda menecment və liderlik bacarıqları” mövzusu üzrə İstanbul şəhərində keçirilmiş təlimdə iştirak etmişdirlər. Ötən ilin sonunda bankın bütün əməkdaşları ilə inkişaf ehtiyacı analizi keçirilmişdir və əldə edilmiş nəticələr əsasında təlim proqramı tərtib edilmişdir. İlin ortası olmasına baxmayaraq, planın böyük bir hissəsi həyata keçirilmişdir.