2019-cu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2.5% artmışdır. Qeyri-neft sektorunda artım 3% olmuş və əsasən ticari sektordan qaynaqlanmışdır. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft sənayesində artmış, ticarətdə azalmış, xidmət və tikinti sektorlarında isə dəyişməz qalmışdır.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından faiz dəhlizinin parametirlərinə dair açıqlamada, iqtisadi aktivliklə bağlı şərhdə deyilir.
İstehlakın və qeyri-neft investisiyalarının genişlənməsi şəraitində qabaqlayıcı tsikl göstəricilərinin əksəriyyəti yüksəlməyə meyillidir.
Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dollar) şəraitində xarici ticarət balansı profisitli olmuşdur. İlkin məlumata görə 8 ayda ixrac 5.1%, o cümlədən, qeyri-neft ixracı 15.4% artmış, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11.7% təşkil etmişdir.
Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.
Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5% və ya 4.7 mlrd. dollar artaraq 49.4 mlrd. dollara çatmışdır.
Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5.1%, o cümlədən, ət məhsulları üzrə 10.7%, süd məhsulları üzrə isə 14.4% yüksəlmişdir (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.