Müsahibimiz: “Bank of Azerbaijan”-ın Risklərin İdarə Edilməsi Departamentinin direktoru Malik Nəsirov
Malik bəy, ilk öncə müsahibəni cavablandırmağa razılaşdığınız üçün təşəkkürlər. Vəzifənizin risklər bağlı olduğunu nəzərə alıb, suallarımı əsasən bu istiqamətdə verəcəyəm, çünki son zamanlar bank riskləri əsas gündəmdə olan məsələdir.
– Malik bəy, ümumiyyətlə risklərin idarə olunması nə deməkdir, banklara risk menecmentinin tətbiqinin nə kimi əhəmiyyəti var?
Mən də öz növbəmdə Sizə diqqətinizə görə təşəkkürümü bildirirəm. Sualınıza cavab olaraq əvvəlcə qeyd etmək istərdim ki, kəskin rəqabət şəraitində bank risklərinə diqqət ifrat dərəcədə artmaqdadır. Nəzərə alsaq ki, ümumiyyətlə bank fəaliyyəti iqtisadi fəaliyyət kateqoriyasına daxildir, onda şərtsiz olaraq qəbul etməliyik ki, ayrı-ayrı subyektlər arasında maliyyə vasitəçiliyi münasibətlərində riskin mövcudluğu qaçılmaz haldır və hal-hazırkı bank bazarında da getdikcə bir-birinə qarşı daha aqressiv mövqe tutan bankların yüksək riskli əməliyyatlar həyata keçirməyə çalışması bu fikrimizi təsdiq etməyə bir daha əsas verir. Yəqin ki çoxları da mənimlə razılaşar ki, risklər-yeni imkanlar deməkdir. Bu isə öz növbəsində risklərin idarə edilməsi tələbini gündəmə gətirir. Diqqət yetirsək görə bilərik ki, hal-hazırkı dövrümüzdə də bu mövzu ədəbiyyatlardan tutmuş iqtisadi təhsil obyektlərində müdafiə olunan dissertasiya mövzularınadək diqqət mərkəzindədir. Gəlin bank bazarında bu məsələnin rəngarəngliyinə nəzər salaq.
Əslində bank maliyyə vasitəçiliyinin sürətləndiricisi olaraq iqtisadiyyatın inkişafında danılmaz rol oynayan bir maliyyə qurumudur. Belə ki, bank, kapital ehtiyacı olan bir kütlə ilə kapital yerləşdirmək, borc vermək istəyən kütlə arasında maliyyə vasitəçiliyi edir. Yəni ki, banklar depozitorlardan depoziti alır və maliyyə vasitəçisi olaraq borcalanlara kredit məhsulları formasında ötürürlər. Kredit məhsullarının verilməsi isə sözsüz ki, artıq risk yaradır. Banklar da digər müəssisələr kimi, riskləri biznesin adi dəyəri olaraq qəbul edir və mənfəət əldə etmək üçün qaçılmaz bir proses hesab edirlər. Yuxarıdakı fikirlərimin sonluğu olaraq bəlli olur ki, banklar ümumilikdə öz fəaliyyətində risklərin idarə olunması ilə daima məşğul olurlar. Başqa sözlə desək,Risk və gəlirlilik arasında nisbəti idarə edə bilmək hər bir bank üçün strateji məqsəd olmalıdır.
Eyni zamanda bir məqamı da vurğulamaq istərdim ki, risk bankın yarandığı andan etibarən artıq mövcud olur, nümunə üçün strateji riski buna misal çəkə bilərik. Yəni hələ heç bir bank əməliyyatı etməyən bank, strateji risk daşıyıcısı olaraq fəaliyyətə başlamış olur. Risk əslində abstrakt anlayışdır, çünki bu sözün mənasını bilən adam avtomatik olaraq risk dedikdə öz əqli idrakı, şüuru çərçivəsində qazanacağı və itirəcəyi arasında kompromis tədbirlər anlamış olur. Bu nəticəyə gəlmək olar ki, risk yalnız itki deyildir. Risk dedikdə gəlirlik və ya iqtisadi kapitalda dəyişkənlik nəzərdə tutulur. Eyni zamanda risklərin idarə edilməsinə bir fəaliyyət kimi də baxa bilərik. Elə bir fəaliyyətdir ki, burada arzuolunmaz hadisələrdən sığortalanmaq üçün iqtisadi subyektdən ilk növbədə xüsusi bilik və bacarığa malik olması tələb olunur. Son olaraq fikrimizi bu cür bitirə bilərik ki, risklərin düzgün idarə edilməsi gəlir əldə etmək məqsədi ilə riskin qəbul edilməsi deməkdir.
Risklərin idarə edilməsinin müxtəlif ədəbiyyatlarda müxtəlif yanaşmalarla və müxtəlif vizyonlarla təsvirləri qeyd edilmişdir. Sadəcə olaraq razılaşmalıyıq ki, bu fəaliyyət yaradıcı olduğu üçün şablonlara və dəyişməzliyə uyğunlaşa bilməz. Bundan da irəli gəlir ki, Bazel müdriklərinin son tövsiyələri bankların özlərinə məxsus riskləri idarə etmə modellərinin olmasının zəruriliyidir.
Risklərin idarə edilməsi sistemi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi, tənzimlənməsi, monitorinqi və onlara dair hesabatlığı əks etdirilməsi prosesidir.
Hər bir bankda da əməliyyatlarının həcminə, növünə, fəaliyyətinin spesifikliyinə, mühitinə, mürəkkəbliyinə eyni zamanda rastlaşdığı risklərə uyğun olaraq risklərin idarə edilməsi sistemi yaradılmalıdır. Risklərin idarə edilməsi sistemi üç əsas elementi özündə birləşdirir:
- risklərin idarə edilməsi siyasəti (Bu siyasət – bankın ümumi strategiyası əsasında risklərin idarə edilməsi üzrə bankın məqsədlərini və əsas prinsiplərini əks etdirən risklərin idarə edilməsi siyasətinin yazılı sənəd formasıdır. Risklərin idarə edilməsinə dair bütün daxili sənədlər də bu siyasətlə tənzimlənməlidir);
- risklərin idarə edilməsi qaydaları (Bu qaydalar risklərin idarə edilməsi prosesini tənzimləməlidir);
- risklərin idarə edilməsinin təşkilati strukturu (Bu elə bir iyerarxiyadır ki, burada əsas məqsəd bank daxilində bütün əhəmiyyətli vəzifə və səlahiyyətlərin, hesabat vermə adekvatlığının və nəzarət mexanizmlərinin müəyyən edilməsidir).
Banklarda risk menecmentin tətbiqinin əhəmiyyətini bir neçə sözlə ifadə etmək mümkün olmadığı üçün, bankın məruz qaldığı risk qrupları üzrə və onların idarə edilməsinə dair tövsiyələr barəsində xülasə verməyə çalışacağam. Əslində müxtəlif ədəbiyyatlarda risk fərqli kateqoriyalara bölünür. Aşağıdakı risklər – kredit riski, bazar riski, əməliyyat riski, nüfuz riski, strateji risk və likvidlik riski əsas risk qrupları olaraq MB-ın qaydalarına uyğun olaraq təsniflənldirilmişdir. Nəzərə almalıyıq ki, əsas risk qrupları özü də bəzi alt risk qruplarına bölünür, misal üçün bazar riski – öz növbəsində faiz dərəcəsi riski, valyuta riski, kapital riski, əmtəə riskləri alt qrupuna, əməliyyat riski isə- insan resursu riski, sistem riski, proses riski, kənar risklər alt qruplarına ayrılır. Təsnifatın özü də müəyyən meyarlar üzrə aparılır, yəni riskin səviyyəsi, bank əməliyyatı və xidmətinin növü, riski müəyyən edən faktorlar, risk fəaliyyətinin ölçüsü və əhatəsi, riskə dayanıqlı inkişaf səviyyəsi, riskin bank fəaliyyətindən asılılıq dərəcəsi, riskin başvermə zamanı, bankın strateji missiyası, riskin tutumu, müştərilər bazası, əməliyyat növlərinin spesifikasına və s.
Azərbaycan bankları risklərin idarə edilməsi məsələsinə nə dərəcədə ciddi yanaşır? Yadımızdadır ki, 2008 ilin böhranından sonra banklar risklərin idarə edilməsi ilə ciddi məşğul olmağa çalışırdılar – indi necə, ümumi götürsək yerli banklarda risklərin idarə edilməsi hansı səviyyədədir?
Banklarda risklərin idarə edilməsi əslində həmin bankdakı risk mədəniyyətinin olduğu səviyyədədir. Risk mədəniyyəti bankda varsa deməli həmin bank cari audit yoxlamasınadək təyin edilmiş risklərin minimumlaşdırmağa çalışmış olur, eyni zamanda bankın gələcəkdə rastlaşa biləcək risklərdən maksimum sığortalanmış olur. Bundan öncəki sualda da qeyd etdiyimiz kimi bank riskləri müxtəlif ədəbiyyatlarda müxtəlif əsas və alt qruplardan ibarət risklərə bölünür. Hər birinin də idarə edilməsi metodu özünəməxsus yanaşma ilə həyata keçirilir.
Bu işin səmərəli və dinamik inkişafında Azərbaycan Respublikası Mərkəzi Bankının rolu danılmazdır. Misal olaraq bu yaxınlarda AMB tərəfindən hazırlanmış “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ı misaı göstərə bilərik. AMB öz növbəsində banklarda risklərin idarə edilməsi üzrə strategiya, qaydalar, təşkilati struktur və hesabatlıq sistemlərini, habelə risklərin müəyyənləşdirilməsi, ölçülməsi, idarə edilməsi, monitorinqi və hesaabtlılığına dair minimum tələbləri müəyyən edən yeni “Banklarda risklərin idarə edilməsi haqqında Qaydalar”ın layihəsi hazırlamışdır.
Ümumilikdə nəzərə alsaq ki, Risklərin İdarə Edilməsi struktur kimi son zamanlar yeni yaradılan və gün-gündən də önəmli sayılan ciddi strukturlardan biridir, onda əminliklə deyə bilərik ki, 2008-ci ilin maliyyə böhranından sonra da risklərin idarə edilməsi fəaliyyətinə münasibət ciddiliyini qorumaqla yanaşı get-gedə daha da təkmilləşdirilməkdə davam edir. Səbəb isə bundan ibarətdir ki, risklərin idarə edilməsi strukturu və sistemi bankın stabil inkişafı və dayanıqlılığının təminatı üçün zəruri struktur vahidi olaraq cari nəzarəti həyata keçirir və eyni zamanda artıq mövcud olan, tanınmış riskləri, habelə gələcəkdə gözlənilən risklərin idarə edilməsi ilə məşğul olur. Risklərin idarə olunması istiqamətində mövcud problemləri aradan qaldırılması məqsədilə Mərkəzi Bank 2011-2014-cü illər ərzində aşağıdakıları strateji hədəf kimi nəzərdə tutub:
Risk əsaslı nəzarət sisteminin yeni arxitekturasının formalaşdırılması prosesinin tamamlanması məqsədilə müvafiq konsepsiyanın işlənməsi, banklarda risklərin idarə edilməsi üzrə hüquqi normativ bazanın yaradılması, əsas risk kateqoriyalarının qiymətləndirilməsi üzrə metodologiyanın hazırlanması, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi metodologiyasının hazırlanması nəzərdə tutulur.
Risk əsaslı nəzarət sisteminin implementasiya proseduralarının formalaşdırılması məqsədilə bank sistemi üzrə müvafiq yeni prudensial nəzarət rejiminin yaradılması və onun sistemləşdirilməsi, bank nəzarətinin daxili biznes proseslərinin yeni proseduralarının hazırlanması planlaşdırılır.
Daxili nəzarət və risklərin idarə olunması sisteminin qabaqcıl praktikaya tam uyğunlaşdırılması məqsədilə müvafiq institusional çərçivə və potensialın – idarəetmə çərçivəsinin, metodoloji bazanın və normativ proseduraların, biznes proseslərinin yaradılması və müvafiq kadr potensialının formalaşdırılması planlaşdırılır.
Zənnimcə lakonik şəkildə bu cümlələrlə risklərin idarə edilməsinin ciddiyyətini ifadə edə bildim.
– Hal-hazırda Azərbaycanda aktiv kreditləşmə prosesi müşahidə olunur və təbiidir ki, bu öz növbəsində problemli kreditlərin artımına səbəb olur. Ümumiyyətlə sizin fikrinizcə, hazırda hansı risklər Azərbaycan Bank sistemi üçün daha çox təhlükə kəsb edir?
Hal-hazırkı bank bazarında əməliyyat riskləri daha çox təhlükəlidir. Belə ki, kredit sifarişçilərinin artıq çox hissəsi kredit müştərisinə çevrilmişdir və daxili kredit tərbiyələndirilməsi zənnimcə orta səviyyədədir. Ən azından kredit götürmək istəyən sifarişçi “Kupça”nı stolun üzərinə atıb, mənə filan qədər pul lazımdır demir. Telefon zəngləri ilə kreditlərin verilməsi məhdudlaşdırılır. Bu isə öz növbəsində banklar üçün sevindirici haldır, çünki bank öz müştərilərini daimi müştəriyə çevirməklə fəaliyyətinin davamiyyətliliyin sığortalamış olur.
Əməliyyat riski – qeyri-adekvat və ya uğursuzluq ilə nəticələnmiş daxili proseslərdən, insanlardan və ya sistemlərdən, yaxud kənar hadisələrin baş verməsindən yaranan zərər riskidir. Bu risk maliyyə, o cümlədən bank sektorunda ən çox müzakirə edilən mövzulardandır. Bankda əməliyyat riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, nəzarət edilməsi və yoxlanılması üçün proseduralar tərtib olunmalıdır.
Məsələn: Bankın qarşılaşdığı risklərin qiymətləndirilməsi: Hər bir bank öz əməliyyatlarının və fəaliyyətinin potensial əməliyyat riskinə həssaslığını qiymətləndirməlidir. Əslində bu proses daxildə aparılır və analoji olaraq, adətən əməliyyat riski mühitinin nə dərəcədə güclü və nə dərəcədə zəif olduğunu müəyyənləşdirmək üçün hazırlanan yoxlama cədvəllərindən eləcə də keçirilən seminarlardan ibarət olur;
Əməliyyat riskləri üzrə Risk Xəritəsinin yaradılması vacib amildir: bu zaman, müxtəlif biznes bölmələri, təşkilati fəaliyyət və ya proseslərin risk növləri ilə qarşılaşması zamanı baş verə biləcək fəsadların ehtimalı və idarə olunması üzrə məsuliyyət bölgüsü təyin edilə bilər. Təyin olunan risk göstəriciləri statistik və ya metrik ola bilər. Onlar adətən maliyyə sahəsinə aid olur və bankın risk mövqeyini aydınlaşdırır. Göstəriciləri müntəzəm olaraq (12 ay və ya 3 ay) təhlil etmək məqsədəuyğundur. Nəticə isə bankın rəhbərliyinin risk narahatçılıqlarının səbəb ola bilən dəyişikliklərdən xəbərdar olmasıdır. Misal üçün, tamamlanmamış əməliyyatların dərəcəsi, işçilərin axını dərəcələri, səhvlərin və çatışmamazlıqların baş vermə tezliyi və/və ya ciddiliyi daxil ola bilər;
Başqa bir alət kimi Qiymətləndirmə kartlarını göstərə bilərik: Qiymətləndirmə kartları keyfiyyət qiymətləndirməsinin kəmiyyət baxımından ifadə edilməsini təmin edir. Eyni zamanda müxtəlif növ əməliyyat riski təhlükələrinin nisbi dərəcəsinin yaradılması üçün əlverişli alətdir. Bəzi qiymət ölçüləri spesifik fəaliyyətə xas risklərə aid ola bilər, bəzən də digər qiymət ölçüləri bir necə fəaliyyət istiqamətlərinə aid ola bilər. Qiymət ölçüləri daxili risklərə aid ola bildiyi kimi, həmin risklərin qarşısını almaq üçün nəzərdə tutulan daxili proseduralara da aid ola bilər. Başqa bir məqam, qiymətləndirmə kartları biznes bölmələrində iqtisadi kapitalın, əməliyyat risklərinin tənzimlənməsi və nəzarət edilməsi üzrə fəaliyyəti nəzərə almaqla bölüşdürülməsi məqsədi ilə tətbiq edilə bilər. Davamı olaraq, limitləri, hədəfləri və s. də misal çəkmək olar.
Banklar çalışırlar ki, müştərilərin müraciətini mümkün qədər qısa müddət ərzində cavablandırsın. Bu gün müştərilərin də seçimi vaxt itkisini minimuma endirməklə bağlı olur. Əlbəttə müştəri analizini lazım vaxt ayırmadıqda, risklər artır, bu prosesi necə nizamlamaq olar?
Necə etmək olar ki, bir proses digərinə mənfi təsir göstərməsin?
Sürət gözəl şeydir, amma gözlənilmədən əyləc basılanda xoşagəlməz fəsadlara səbəb ola bilər. Bu baxımdan da qeyd etdiyiniz trendlər daim nəzarətdə saxlanılmalıdır, yaxşı olardı ki, tarixi simulyasiya nəticəsində əldə edilmiş sağlam təcrübəni avtomatlaşdıraraq kreditləşməyə tətbiq edilsin. Buna skorinq də demək olar. Amma istənilən halda səlis və düzgün individual təhlil kredit risklərini daha çox minimumlaşdırar, nəinki şablon suallar nəticəsində müəyyən əmsallarla qəbul edilən qərar. Sözsüz ki bu mənim şəxsi fikrimdir və skorinq kimi operativ araşdırma metodlarında da loyal münasibətim vardır.
MKR yaradılanda bir çoxları düşünürdü ki, kredit sahəsindəki risklər əhəmiyyətli dərəcədə azalacaq. Həqiqətən də bu orqanın fəaliyyəti təqdirəlayiqdir, amma buna rəğmən yenə də MKR ilə fəaliyyət prosesində bəzi problemlər üzə çıxır. Bunlar əsasən hansı problemlərdir və onların öhdəsində necə gəlmək mümkün olur?
Əslində MKR kredit tərbiyələndirməsində əvəzsiz rol oynamışdır. Deyə bilərik ki, kreditləşmə zamanı çox rahatlaşdıran alətlərdən biridir. Ən azından bu belə olmasaydı, banklar bu sistemə qoşulmaz və sorğular da etməzdi. Özü-özlüyündə MKR bankların təqdim etdiyi informasiyanın emalı ilə məşğul olan bir qurumdur. Ona görə də əsas diqqət etməli olduğumuz məqam banklar tərəfindən ötürülən informasiyadır. MKR yaradılan gündən bu günə kimi çox təkmilləşmişdir. Daima MKR-lə işləyənlər bunu təsdiq edə bilərlər. Razılaşmaq lazımdır ki, nöqsanlar və iradlar həmişə olacaqdır, zənnimcə tənqidin özü də bir növ inkişafın dinamik alətlərindəndir. Sadəcə olaraq problemlərə yanaşmanın özü də pozitiv olsa problemin həlli daha uğurlu olar. MKR-də 5C (6C) prinsipinin tətbiqi mümkün olsaydı sözsüz ki, banklar üçün sifarişçinin təhlili daha asan olardı.
Başqa bir məqam, görmək istədiklərim: vergi öhdəlikləri, kommunal borclar və s. Buna görə də hal-hazırda büroların yaranması məsələsi gündəmdədir. Bunu da alqışlayıram öz növbəmdə.
Daha nələr üzrə reyestr olmasını istərdiniz?
Keçən il səhv etmirəmsə daşınar əmlakın reyestri xidməti ilə bağlı banklarla görüş olmuşdu. Bu görüşdə də daşınar əmlakın reyestri xidmətinin Azərbaycan bank bazarında tətbiqi tam ətraflı müzakirə olundu və xarici bank nümayəndələri da öz təcrübələri ilə bölüşdülər. Zənnimcə bu tipli xidmətlərin daxili bank bazarında tətbiqi üçün ilk növbədə vətəndaşlıq qüsursuzluğu məfhumu məsələnin ilk pillələrini təşkil etməlidir. Çünki hər şey məhz bundan başlayır. Təklifim isə bu olardı ki, dələduzların “stoplist”i tipli bir reyestr xidməti yaradılsaydı bu da öz növbəsində bank bazarına kreditləşmə işində böyük köməklik göstərmiş olardı.
Ən riskli kredit məhsulu sizcə hansıdır və bunu nə ilə izah edərdiniz?
Gəlin razılaşaq ki, kredit əməliyyatları bank fəaliyyətinin əsas gəlir gətirən növlərindən biridir. Eyni zamanda həm də çox riskli əməliyyatlardan hesab edilir. Kredit riski, aktivlərin dəyərlərini itirməsinə və yaxud dəyərsiz hala düşməsinə səbəb olan, kontragentin maliyyə vəziyyətinin pisləşməsi nəticəsində yarana biləcək zərər ehtimalıdır. Bu risklərin idarə edilməsi isə bankın əsas məqsədlərindən biridir. Kredit portfeli genişləndikcə ona nəzarət də daha həssas yanaşma tələb edir. İri həcmli portfelə nəzarətin isə ən məqsədəuyğun forması portfelin diversifikasiyasıdır (şaxələndirilməsidir), belə ki, ayrı-ayrı meyarlar üzrə araşdırma daha effektiv nəticə verir. Bir sözlə təkmilləşdirilmiş səviyyədə kredit risklərinin idarə etmək istəyiriksə, “ənənəvi və praktiki” metodlarla yanaşı istər daxili və istərsə də xarici kredit reytinqləri sistemlərinə, kreditin ödənilməməsi ehtimalına və yığılma dərəcəsinə əsaslanan “riyazi-statistik” metodlardan istifadəyə üstünlük verməyimiz zamanın tələblərindən biridir. Əslində istənilən kredit məhsulu risklidir, çünki pul vəsaiti loru dillə desək kassadan çıxan kimi artıq risk altındadır.
Ən riskli kredit məhsulu isə ən çox faiz gəliri gətirən kredit məhsuludur. Plastik kartlarla verilən kreditləri mən ən riskli hesab edirəm. Ən azından ona görə ki, bu kreditlərin təyinatı haradasa qəti şəkildə bəlli olmur….
Belə bir fikir vardır ki “Maliyyə savadsızlığı özü də risikdir” – bu özünü ən çox nədə büruzə verir? Bəs, Sizcə tendensiya necədir, 5-10 il öncə ilə müqayisədə indi müştəriləri maliyyə cəhətdən daha savadlı hesab etmək olarmı?
5-10 illə müqayisədə deyərkən ən yaxın keçmişi məsələn 2007-ci ili götürsək, müşahidə edə bilərik ki, kredit sifarişçilərində kredit tərbiyələndirilməsi artıq inkişaf mərhələsindədir. Biznes kredit təhlili üçün vizit edən kredit mütəxəssisi artıq daha rahat işləyir, nəinki yaxın keçmişdə olan kreditləşmə proseslərində. Amma bunun da öz növbəsində maraqlı tərəfləri mövcuddur. Artıq iddiasında olduğu kredit məbləğini əldə etmək istəyən kredit sifarişçisi, kredit mütəxəssisinin bəzi şablon suallarına hazırdır və hətta deyərdim ki, cibində balans, gəlir və xərc cədvəlləri də saxlayır. Maliyyə savadsızlığı bu gün kredit sifarişçiləri arasında azalmışdır və haradasa mən deyərdim ki, maliyyə savadlılığı ilə (sözsüz ki, müəyyən çərçivədə) əvəz olunmuşdur.
Deməli bizim kredit mütəxəssislərimizin də işi bir balaca çətinləşmişdir və daha maraqlı olmuşdur. Artıq yeni imkanlar və sözsüz ki, öz növbəsində yeni risklər meydana çıxmışdır. Bunların idarə edilməsi bank-müştəri münasibətlərinin müştərək sayəsində dinamik inkişafı deməkdir. Ümumiyyətlə isə AMB-nin strateji hədəflərindən biri də əhalinin maliyyə savadlılığının artırılması və maliyyə xidmətləri üzrə istehlakçıların hüquqlarının müdafiəsidir. Bu istiqamətdə də AMB tərəfindən bildiyim qədər davamlı olaraq müxtəlif hədəf qrupları və geniş ictimaiyyət üçün bir sıra tədbirlər həyata keçirilməkdədir. Misal olaraq 31 oktyabr 2012-ci ildə Azərbaycanda ilk dəfə olaraq AMB-nın təşkilatçılığı ilə Əmanətlərin Sığortalanması Fondunun, Almaniya Əmanət Banklarının Beynəlxalq İnkişaf Fondunun iştirakı ilə qeyd edilmiş Beynəlxalq Əmanət Günüdür.
Zənnimcə bu formalı tədbirlərin daha çox keçirilməsi də öz növbəsində sözü gedən maliyyə savadsızlığının aradan qaldırılmasına böyük təkan verir.
Və son olaraq, maliyyə savadsızlığının aradan qaldırılmasına dair, Mərkəzi Bankın təşəbbüsü ilə banklarda tətbiq edilən FİFD anlayışını göstərmək olar. Bunun özü də maliyyə savadsızlığını aradan qaldıram bir alətdir.
– Hazırkı dövrdə hər hansı bir bankın risk menecerinin arsenalında hansı alətlər olmalıdır?
Risk Menecmentin yaradıcı iş olmasını nəzərə alaraq demək olar ki, bu, elə bir fəaliyyətdir ki, istənilən qədər alət fikirləşmək olar. Hər bir Risk Menecerinin özünün də işə fərdi yanaşması vardır. Kimi kredit risklərinin idarə edilməsinə daha yaradıcı yanaşır, kimi əməliyyat, kimi də digər risklərin. İstənilən halda ümumi formada bunları misal çəkə bilərəm:
- Kredit portfelinə dolğun nəzarət mexanizmi (müxtəlif PAR-lar, kredit işçisi səviyyəsində, filial səviyyəsində və bank səviyyəsində);
- Erkən xəbərdarlıq sistemi (hər bir risk növü üzrə);
- Likvidlik və valyuta riskinin idarə edilməsi sistemi (GAP analiz, duration analiz və s)
- Əməliyyat risklərinin idarə edilməsi üçün qiymətləndirmə metodologiyası (Sorğular, onların təhlili, biznes proseslərin təhlili və s.)əməliyyat risklərinin itki bazası
- İT risklərinin qiymətləndirilməsi metodologiyası (beynəlxalq standartlara uyğun)
- Qayda, təlimat, məhsullar və s. risk menecment tərəfindən təhlil edilməlidir
- Daxili ehtiyyatlanma metodologiyası (kreditlər qiymətləndirilir, daxili metodologiyaya əsasən)
- Skorinq və reytinq və s.
– Gələcəkdə risk menecer olmaq istəyən gənclərimizə nə tövsiyə edərdiniz- onlar hansı istiqamətdə özlərini inkişaf etdirsələr arzularına çata bilərlər?
Tövsiyəm bu ola bilər ki, səbrli, ambisiyalı, daim mütaliə etmə qabiliyyəti, sosial və iqtisadi xəbərləri izləmə, qərarların verilməsi zamanı dinamik və sürətli amma eyni zamanda əsaslara dayanan fikirlər formalaşdırmaq üçün zəngin həyat təcrübəsinə sahib olsunlar. Bank işini tam öyrənməyə çalışmaq və onu strukturlara bölməmək. Debatlarda düzgün suallar verərək, ən azından verilən sualın cavabının 50%-ni təxmin etmək və s.