Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava məlumatlarının daha operativ çatdırılması üçün yeni sayt hazırlayıb.
Report agentliyi xəbər verir ki, bunu Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr və saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır: “Əhali bunların hansının doğru, yalnış və ya hansının rəsmi məlumat olduğunu, adətən, araşdırmadan qəbul edir. Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır. Yeni yaradılan meteo.az saytı bu qeyri müəyyənlikləri aradan qaldırmaqla əhaliyə, eləcə də turistlərə proqnoz əldə etmək imkanını verəcək”.
O qeyd edib ki, saytdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə etmək mümkündür: “Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək.
Saytda fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteo-məlumat, ilin isti mövsümündə çimərliklər, ilin soyuq dövründə isə qış kurortları üçün məlumatları əldə edə bilərlər”.