Sosial şəbəkənin rəhbəri qeyd edir ki, “Facebook” fərdi məlumatların qorunması probleminin həlli məsələsində gecikən şirkətlər arasında tək deyil.
Banker.az xəbər verir ki, “Son illərdə “Facebook” və digər böyük İnternet şirkətləri müxtəlif sosial problemlərlə üzləşmiş olublar. Onların bir çoxunu həll etməli idik, amma gecikdik”, – deyən Zuckerberg müxbirin məxfiliyin pozulması və seçkilərə müdaxilə ilə bağlı sualına cavab verib.
“Biz məxfilik kimi bir sıra problemlərlə üzləşdik, amma dəyişdik. Əgər cəmiyyət üçün həssas olan məsələlərdən birinə rast gəliriksə, onu həll etmək üçün bizə vaxt lazımdır”, – deyə “Facebook” un rəhbəri əlavə olaraq bildirib.
Vesti.Ekonomika-nın daha əvvəl yazdığı kimi, “Cambridge Analytica” ilə qalmaqal səbəbiylə “Facebook” a hücum davam edir. 2018-ci ilin mart ayında bu şirkətin “Facebook” un tətbiqi vasitəsilə istifadəçi məlumatları toplayaraq ABŞ-dakı prezidentlik kampaniyası və İngiltərənin 2016-cı ildə Avropa Birliyindən çıxması ilə əlaqədar keçirdiyi referendum zamanı siyasi reklam yerləşdirmək üçün istifadə etdiyi məlum olub.
Sentyabrın əvvəlində senator Ron Wyden Zuckerberg-i həbsxanaya göndərməklə hədələyib. Siyasətçinin fikrincə, “Facebook” rəhbəri “istifadəçi məlumatlarının qorunması ilə bağlı məsələlərdə Amerika xalqına dəfələrlə yalan danışıb”. “Düşünürəm ki, o, şəxsən məsuliyyətə cəlb edilməlidir”.