Dövlət Gömrük Komitəsi «Holcim (Azərbaycan)» ASC-ni cərimələyib.
Banker.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində verilən qərara görə, «Holcim (Azərbaycan)» İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1 500 manat məbləğində cərimə edilib.
«Holcim (Azərbaycan)» ASC bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, məsələyə hazırda orda baxılır.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.