9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank tədavülə yeni yubley pul nişanları buraxıb

2019-cu ildə Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılmışdır.

Bu barədə Banker.az-a AMBdən bildiriblər.

Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.

Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Azərbaycan Mərkəzi Bankının inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunmuşdur.

Azərbaycan Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunmuşdur.

Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Son xəbərlər
Digər xəbərlər