Vətəndaşlar tərəfindən yüksək qiymətləndirilən özünüməşğulluq proqramının genişləndirilməsi həm işsiz şəxslərin özünüməşğulluğa cəlb edilməsi ilə onların əmək bazarına çıxmasına, həm də aktiv məşğulluq tədbirlərinin artırılmasına imkan yaradacaq. Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi bu istiqamətdə mühüm dəstək olacaq.
Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə keçirilən görüşdə bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətindən danışan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əhalinin səmərəli məşğulluq imkanlarının artırılması üçün aparılan işləri diqqətə çatdırıb. Vurğulayıb ki, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi mütəmadi olaraq genişlənməkdə davam edir. Proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. Bu ildə isə 10 000 ailənin proqrama cəlb olunmasının nəzərdə tutulduğunu deyən nazir əsas məqsədin həssas qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaq olduğunu qeyd edib.
Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığından bəhs edən nazir “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi çərçivəsində artıq bir neçə görüşün keçirildiyini və layihənin detallarının müzakirə edildiyini bildirib. S.Babayev bildirib ki, layihənin əhəmiyyəti özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində, Nazirliyin nəzdindəki peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsində və digər istiqamətlərdə özünü göstərəcək.
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni layihə barədə məlumat verib və artıq icrası üçün hazırlıq işlərinə başladıqlarını bildirib.
Layihə beynəlxalq təcrübənin öyrənilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi, məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, proqramda iştirak imkanları müəyyənləşdirilmiş şəxslər üçün təlim proqramlarının hazırlanması, təlimçilərin əmək haqlarının ödənilməsi, Nazirliyin nəzdində fəaliyyət göstərən peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsi, müdafiə prosesinin təşkili və ən yaxşı biznes ideyalarına malik şəxslərin seçilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın alınması, özünüməşğulluq iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.