“Samsung” şirkəti Çində smartfon istehsalı üzrə sonuncu zavodun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.
Məlumata görə, 2013-cü ildə şirkətin Çinin mobil telefonlar bazarında payı 20 faiz təşkil edib. Hazırda bu rəqəm 1 faizədək azalıb. Altı min əməkdaşın çalışdığı müəssisədə 2017-ci ildə 63 milyon mobil telefon istehsal edilib. “Samsung” nümayəndələrinin sözlərinə görə, bütün avadanlıqlar digər bazarlara köçürüləcək.
Qeyd olunur ki, ölkənin Xueyçjou şəhərində yerləşən zavodun bağlanılması təkcə Cənubi Koreya şirkətinin biznesin aparılmasında səmərəliliyi artırmaq istəyi ilə deyil, eyni zamanda Çin və ABŞ arasında ticarət münaqişəsi fonunda narahatlıqla əlaqədardır. Bundan başqa, yerli iqtisadiyyatın zəifləməsi, dünyada smartfonlara tələbatın azalması və Çin zavodlarının işçiləri üçün xərclərin artması öz rolunu oynayıb. Bir müddət əvvəl “Samsung”un Tyantsin şəhərində yerləşən analoji müəssisəsi də fəaliyyətini dayandırıb.
Qeyd edək ki, oxşar strategiyanı hazırda “Sony” şirkəti də həyata keçirir. Belə ki, Yaponiya istehsalçısı Pekin zavodunu bağlayaraq istehsalı Tailanda köçürüb. “Apple” şirkəti də istehsalın şaxələndirilməsi üçün səylər göstərir. Yeni qlobal strategiyaya uyğun olaraq ABŞ şirkətinin rəhbərliyi bir neçə il ərzində zavodları Hindistan, İndoneziya, Malayziya və Meksikaya köçürməyi planlaşdırır.
©İctnews