12 C
Baku
Wednesday, December 11, 2024

Bakının neft emalı zavodu işini dayandırıb

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.

Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: “Müəssisənin işinin bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”.

“İlk növbədə neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti dayandırılıb. Tədricən başqa qurğularda da təmir işləri aparılacaq” – deyə, İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, NEZ-dən xammal alan “Azərkimya” İstehsalat Birliyinin kimya müəssisələrinin işi də dayandırılıb.

Xatırladaq ki, NEZ-də yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının tikintisi nəzərdə tutulub.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq.

Son xəbərlər
Digər xəbərlər