Google şirkəti Chrome OS əməliyyat sistemini inkişaf etdirməkdə davam edir. Beləliklə Made by Google tədbirində şirkət Pixelbook Go adlı yeni noutbuk modelini təqdim etdi. Yeni noutbuk modeli ümumilikdə əvvəlki Pixelbook və Pixel Slate modellərindən fərqlənir. Pixelbook Go-nun əsas özəllikləri sırasında ultranazik gövdə, yüksək çalışma müddəti və nisbətən aşağı qiymət göstəricisi var. Pixelbook Go Intel Core m3, i5 və i7 əsasında qurulub.
Bu modellərdən birini seçməkdən asılı olaraq istifadəçiyə 8/16 GB RAM və 64/128/256 GB daxili yaddaş həcmi təqdim olunur. Şirkətin verdiyi məlumata əsasən noutbukun çalışma müddəti 12 saatdır. Bu noutbuk modeli ultrabook kimi təqdim olunur. Onun qalınlığı 13 mm, çəkisi isə 910 qramdır. Noutbuk həmçinin 4K keyfiyyətli 13.3 düym ekrana da sahibdir. Beləliklə Intel Core m3 prosessoru, 8 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunmuş Pixelbook Go modelinin qiyməti 649$ təşkil edəcək. Digər modellərin qiymətləri barəsində məlumat isə daha sonra veriləcək.
©Technote