Dünyada son dövrlər geniş yayılmağa başlayan yaşıl yumurtaya tələbat və maraq çox olduğundan artıq Azərbaycana da Türkiyədən bu yumurtalar gətirilib.
Medicina.az xəbər verir ki, sözügedən yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Ona görə onu ağ yumurta kimi ucuz əldə etmək çətindir.
Lakin mütəxəssislər Şimali Amerika toyuqlarının yumurtladığı bu yumurtanın adi ağ yumurtadan heç nə ilə fərqlənmədiyini bildirir.
“Yaşıl və mavi yumurta Şimali Amerika kökənli Amerikauna toyuq növünün məhsuludur. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində, digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Bu yumurtada yaşıl qabıqdan başqa bir özəllik yoxdur”.
Qeyd edək ki, Türkiyədə İsmet Koç adlı təqaüdçü ailəsi ilə birgə bu toyuqlardan saxlandığı ferma açıb və yumurtasını ixrac edir.
O deyir ki, onun bu yumurtaları bir çox xəstəliklərin dərmanıdır, xolesterin yaratmır. Koç hətta prezidentə belə yaşıl yumurta göndərdiyini iddia edir.
Hazırda elan saytlarında 3-5 manata satılan yaşıl yumurtanın təkcə Türkiyədən gətirilmədiyi də məlum olub. Artıq bizdə də fermerlərdən ikisi bu toyuqlardan əldə edib, fermada yetişdirir.
©Oxu.az