1 C
Baku
Saturday, December 14, 2024

Sabahdan Bakıda Xəzər İnşaat Həftəsi başlayır

Sabahdan Bakıda Xəzər İnşaat Həftəsinə start verilir. 

Report agentliyi xəbər verir ki, Həftə çərçivəsində sabahdan başlayaraq oktyabrın 25-nə qədər Azərbaycan paytaxtında “BakuBuild 2019” sərgisi keçiriləcək. 

Sərgidə dünyanın 23 ölkəsindən 280 şirkət iştirak edəcək. 

Bununla bağlı keçirilən mətbuat konfrasında sərginin təşkilatçısı – “Caspian Evebt Organisers” şirkətinin regional meneceri Edvar Stron bildirib ki, bu il “BakuBuild” sərgisi üçün əlamətdar ildir: “Regionun əsas inşaat sərgisi öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildən keçirilən sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 000-ə yaxın şirkəti bir araya gətirib. Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi özünü işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayiş olunduğu etibarlı işgüzar platforma kimi doğrulda bilib. “BakuBuild” sərgisinin vacibliyini layiqincə qiymətləndirməmək olmaz. Belə ki, məhz sərgi vasitəsi ilə ölkə bazarında yeni texnologiyalar tətbiq edilir və investisiyalar cəlb olunur. İştirakçıların bir çoxu artıq uzun illərdir ki, sərgiyə qatılaraq öz tarixini sərginin tarixi ilə bölüşür. Bu il sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır”.

Onun sözlərinə görə, ötən il ilə müqayisədə bu il “BakuBuild” sərgisinin ərazisi 10% böyüyüb, iştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir: “Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiyanı 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya – Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib”. 

“Caspian Event Organisers”in layihə rəhbəri Rəşad Qədimov isə bildirib ki, İqtisadiyyat Nazirliyi yanında  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə “BakuBuild” sərgisində öz stendi ilə iştirak edir: “KOBİA-nın stendində İnşaat sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini və məhsullarını təqdim edir. Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunur”.

Qeyd edək ki, “BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi – “Caspian MebelExpo”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi – “Securex Caspian” və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçiriləcək. 

Xatırladaq ki, “BakuBuild” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Həmçinin “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 

Son xəbərlər
Digər xəbərlər