Bank sektoru – Azərbaycan iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Bu bazarda fəal oyunçulardan biri də Unibank-dır. Unibank-ın CEO-su Cəlal Qasımov bank sektorunun inkişaf perspektivləri barədə biznesinfo.az saytının suallarını cavablandırıb.
Azərbaycanda bank sisteminin inkişafının əsa istiqamətləri hansılardır?
Keçən ilin ortalarından ölkəmizdə istehlak kreditləşməsi aktiv sürətdə inkişaf etməyə başladı. Bununla əlaqədar bir qrup banklar bazarda ciddi oyunçuya çevrilməyə çalışırlar. Əgər əvvəl bankların əksəriyyəti kiçik və orta biznes seqmentlərində işləyirdisə və pərakəndə bankçılıq əsasən iki-üç bankın ixtiyarında idisə, indi artıq bir çox banklar strategiyalarını dəyişir, ya daha universal olmağa çalışırlar, ya da pərakəndə bankçılığa tərəf meyl göstərirlər.
Kredit kartlarının sayı dinamik şəkildə artır, elektron ödəmələr artır, komissiyalardan banklar əlavə gəlir mənbələri əldə edirlər.
Kart biznesinin inkişaf etməsi və bankların tədricən pərakəndə bankçılıq sferasına doğru hərəkəti Azərbaycanın bank sektorunda iki əsas qısamüddətli tendensiyadır. Rusiya və Ukrayna bazarlarında da bir neçə il əvvəl eyni tendensiyaları müşahidə etmək olardı. Sadəcə, onlar bu yola bizdən daha əvvəl başlayıblar.
Pərakəndə bank xidmətləri bazarında rəqabət hər il daha da sərtləşir. Perspektivdə o, özünü necə büruzə verəcək?
Ölkəmizdə bankların pərakəndə kredit xidmətlərinin böyük hissəsi nağd kreditlərdən ibarətdir. Son 1,5-2 ildə taksitli məhsullar sürətlə inkişaf etməyə başlamışdır. Bunlar müştərilərə ödənişi hissə-hissə möhlətlə etməyə imkan verən kartlardır. Bu zaman banklar mağazaların hesabına öz komissiyalarını qazanırlar. Bizdə olan məlumata görə bazarda indi onların sayı 250-300 mindir.
Bir çox banklar indi fəal şəkildə “nağd kredit” məhsulunu inkişaf etdirməyə başlayırlar. Artıq bəzi banklar digər banklar tərəfindən verilmiş kreditlərinin təkrar maliyyələşdirilməsini təklif etməyə başlayıblar. Bu rəqabətin nə qədər gücləndiyini göstərir. Artan rəqabət şəraitində fərqlənmək üçün banklar təklif etdikləri xidmətin keyfiyyətini yaxşılaşdıracaqlar. Əgər əvvəllər insanlar istehlak krediti əldə edə biləcəkləri bankı axtarırdılarsa, indi artıq bankların keyfiyyətli borcalanları axtarmağa başladığı mərhələ başlayır.
Unibank həm fiziki şəxslər, həm də kiçik və orta bizneslər üçün kredit məhsullarının böyük seçimini təklif edir. Bu gün hansı kredit növlərinə ən çox tələbat var?
“Nağd kredit” məhsullarına böyük tələbat var. O, bizim satışların 50%-dən çoxunu təşkil edir. Bizim ikinci yayılmış məhsulumuz “ALBALI” taksit kartıdır. Onların sayı artıq 100 mini keçib. Biz bu göstəricilərə bir il ərzində nail olmuşuq. Qeyd edim ki, kredit kartlarının ümumi sayı 190 mini keçir.
Oxşar tendensiyaları digər banklarda da müşahidə etmək olar. Onların müştəriləri ilk növbədə nağd kreditlərdən istifadə etməyə üstünlük verirlər, ikinci yerdə isə taksit kartları gəlir. Buna obyektiv səbəblər var. Nağd və taksit kartları orta sinif və orta sinif içərisində gəlirlərinə görə aşağı seqment daxilində geniş yayılıb. Bütün dünyada olduğu kimi ölkəmizdə də belə müştərilərin sayı zəngin insanlardan çoxdur.
Taksitli kartlara aid olmayan kredit kartları daha ləng inkişaf edir, lakin gec və ya tez onlar geniş yayılacaqlar.
Hazırda banklarda kreditlər üzrə orta faiz dərəcəsi necədir? Onlar Azərbaycan üçün nə dərəcədə optimaldır? Yaxın iki-üç ildə faiz dərəcələri necə dəyişəcək?
Azərbaycanda pərakəndə bankçılıq faktiki olaraq yalnız ekspress kreditləşdirilmədən ibarətdir. Bizdə faiz dərəcələri Rusiya, Ukrayna və s. kimi ölkələrlə müqayisədə kifayət qədər münasibdir.
Məsələn, ekspress-kreditləşdirmə üzrə ixtisaslaşmış “HomeCreditbank”, “Русский Стандарт” və digər banklarda faiz dərəcələri 70 % və ya daha yüksəkdir. Bizim bazarda bütün komissiya haqları və ödəmələr daxil olmaqla, ekspress kreditlər üzrə faiz dərəcələri 30-35 % arasında dəyişir.
Marja böyük görünür, amma yaddan çıxartmamalıyıq ki, bunlar 1000-1500 AZN həcmində kiçik kreditlərdir. Hər bir müştəri bir dəfə kredit götürüb orta hesabla xidmət üçün 24 dəfə banka gəlir, yaxud poçt və ya digər ödəmə kanalları vasitəsilə ödəniş həyata keçirir. Biz xidmətlərinə görə poçtla hesablaşırıq, “Milli Ön”ə və bir sıra digərlərinə ödəniş edirik. Bütün bunlar yüksək əməliyyat xərclərinə gətirib çıxarır.
Düşünmürəm ki, gələcəkdə faiz dərəcələri əhəmiyyətli dərəcədə artacaq. Əvvəla, onların artması tələbatın azalmasına gətirib çıxara bilər. İkincisi, bu seqmentdə artan rəqabətə görə belə bir hadisə baş verməyəcək. Lakin eyni zamanda faiz dərəcələri aşağıdakı səbəblərdən aşağı da düşməyəcəklər:
- Bazarda rəqabət artdıqda marketinq, İT, filial şəbəkəsinin saxlanılması üçün olan xərclər və xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı digər xərclər artır.
- Bu seqmentdə artan rəqabət mütləq kreditlər üzrə itkilərin cəlb edilməsinə və müvafiq olaraq marjanın düşməsinə gətirib çıxaracaq.
Siz Azərbaycanda pərakəndə bankçılığın inkişaf perspektivini necə görürsünüz?
Mən bazarda daha çox oyunçu görürəm. Mütləq deyil ki, bunlar yeni banklar olsun. Hazırkı banklardan bəziləri istehlak kreditləri bazarında daha fəal oyunçular olacaqlar. Daha çox reklam və müştərilərlə kommunikasiya olacaq, yeni yayılma kanalları meydana çıxacaq, internet bankçılıq, mobil bankçılıq inkişaf edəcək.
Rəqabətin güclənməsi və marjanın düşməsi ilə banklar aktiv surətdə yeni texnologiyalar tətbiq edəcəklər. Daha çox insan fəal şəkildə kredit kartlarından istifadə edəcək.
Unibank-ı gələcəkdə hansı istiqamətdə inkişaf etdirməyi planlaşdırırsınız?
Son bir il yarımda biz pərakəndə bankçılıq bazarında çox böyük iş görmüşük. Unibank Azərbaycanın pərakəndə bankçılıqla məşğul olan bankları sırasında ən yüksək yerlərdən birini tutub. Biz bu istiqamətdə işləməyə davam edirik. Gələcəkdə müştərilərimizi çoxlu yeniliklər gözləyir. Unibank pərakəndə bankçılıq sahəsində yerini möhkəmləndirərək mikrokreditləşmə və kiçik və orta bizneslərə kreditlər kimi biznes xətlərinin inkişafına daha çox diqqət ayıracaq. Biz Azərbaycanda bank sənayesinin böyük inkişaf perspektivləri olduğuna inanırıq. Buna dövlətin qeyri-neft sektoruna ayırdığı diqqət, eləcə də hərtərəfli və eyni zamanda qətiyyən həddini aşmayan, Mərkəzi Bank tərəfindən həyata keçirilən tənzimləmə kömək edir. Bu iki amilin olması Azərbaycanda bank sektorunun gələcək inkişafına dəstək olacaq.