“Prinsipcə, Vergilər Nazirliyini və Gömrük Komitəsini ləğv edib, onların görəvlərini Maliyyə Nazirliyinə vermək daha doğru olardı”.
Banker.az bildirir ki, bunu siyasi şərhçi Erkin Qədirli yazır.
E.Qədirli güman edir ki, Vergilər Nazirliyinin və Əmlak Komitəsinin ləğv edilməsinin və görəvlərinin İqtisadiyyat Nazirliyinə verilməsinin bir anlamı ola bilər – qarşıdan genişmiqyaslı özəlləşdirmə gəlir.
“”Oliqarxlardan” alınmış və bir ələ yığılmış, eləcə də hələ dövlət mülkiyyətində olan bəzi sahələr (müəssisələr) xarici investorlara satılacaq. Neftdən alınan gəlirlərin davamlı olaraq azalması, öz iqtisadiyyatımızın resurs çatışmazlığından əziyyət çəkməsi, azad kapitalın olmaması və s. kimi səbəblər, iqtisadiyyatı qısa zamanda və uzun hədəflər baxımından canlandırmaq üçün tək bir yolun qaldığını göstərir – ölkəmizə böyük xarici investisiyaları gətirmək”.
Şərhçi deyir ki, hələ bu ilin yaz aylarında (yanılmıramsa, martda) ziyalılarla görüşdə İlham Əliyev gözlənilmədən dedi “…məhkəmə islahatlarına ciddi ehtiyac var”. Bunu niyə incəsənət və s. sahələrinin adamlarıyla görüşdə desin ki? Məsələ görüş iştirakçılarında deyil, zamanlamada idi.
Bildirək ki, Prezidentin o sözləri deməsindən bir neçə həftə sonra Birinci Vitse-Prezident Fransaya rəsmi səfər etdi. Səfərdə onunla bir neçə nazir və başqa yüksək rütbəli şəxslər olub. Fransanın Baş nazirilə danışıqlar, ardınca hökumətlərarası anlaşmalar imzalandı. Rotşildlə görüş oldu. Rotşild sonra Bakıya da gəldi, burada da danışıqlar apardı. Fransızların ölkəmizin maliyyə, nəqliyyat (özəlliklə dəmir yolu) və energetika sahələrinə çoxdan maraq göstərdiklərini bir neçə dəfə yazmışam. Görünür, işlər sürətlənir, anlaşmaya gəlinib.
“Məhkəmə islahatı” söhbəti, hər şeydən öncə, xarici investorları üçün açılıb. Ardınca Prezident əmək müqavilələri, tibbi sığorta, eləcə də sağlam əmək bazarının yaranması üçün başqa önəmli nəsnələrdən danışıb. Hazırlanmaqda olan qanun layihələrini görmədiyimdən, onların keyfiyyəti haqqında indi nəsə yaza bilməyəcəyəm. Bu günlərdə İsveçrənin investorları ölkəmizə gəlib. Onların da, başqa sahələrlə yanaşı, maliyyə sistemimizə marağı az deyil. Ola bilsin yaxın gələcəkdə ölkəmizə böyük xarici banklardan hansınısa, ya da bir neçəsini buraxdılar.
“Bu siyasətin yürüdülməsini Maliyyə Nazirliyinə tapşırmaq olmazdı (onun görəvləri başqadır), İqtisadiyyat Nazirliyinin bundan öncəki durumu isə bu işlərin görülməsi üçün yetərli deyildi. İndiki halında (vergilər və əmlak görəvlərilə birlikdə) bu nazirlik daha yetkilidir” – deyə, E.Qədirli şərhində bildirir.