6 C
Baku
Sunday, December 15, 2024

Səlim Müslümov: “Əmək müqavilələri ilə bağlı informasiya sisteminin istifadəyə verilməsi üzrə işlər yekunlaşmaqdadır”

Dünya Bankı ilə əməkdaşlıq müstəvisində həyata keçirilən “Sosial müdafiənin inkişafı” layihəsinin icrası nəticəsində işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsi, Dövlət Məşğulluq və Əmək Müfəttişliyi Xidmətlərinin institusional potensialının gücləndirilməsi, İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının, modul təlim proqramlarının hazırlanması və digər sahələrdə uğurlu işlər aparılıb.
 
Bununla yanaşı, BMT-nin İnkişaf Proqramının dəstəyi və Norveçin SYSLAB (Yenilik və məşğulluq üzrə sistem laboratoriyası) təşkilatı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və məşğulluğun inkişafı” layihəsi xüsusi önəm kəsb edir. Bu layihənin əsas məqsədi işsizlik səviyyəsinin azaldılması, ölkəmizdə yeniliklərə əsaslanan düşüncə tərzinin həvəsləndirilməsi və mütərəqqi texnologiya əsasında kiçik və orta sahibkarlığın gücləndirilməsidir. Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda keçirilən konfransda bildirib.
 
Nazir bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında  iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi və s. istiqamətlərdə Azərbaycanın gələcək illər üçün inkişaf prioritetləri müəyyən edilib:
 
“Tədbirlərin digər istiqaməti isə qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması və əmək münasibətinin leqallaşdırılması, əmək haqlarının vergidən və sosial sığorta ödəmələrindən yayınmaqla verilməsi hallarının qarşısının alınması, eyni zamanda işçi vətəndaşın gələcək sosial təminat hüququna malik olmasına əsas yaradılmasıdır. Bu məqsədlə aparılan islahat tədbirlərindən biri kimi Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən cari ilin yayından etibarən əmək müqavilələrinin əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməsinə başlanacaq. Hazırda sistemin istifadəyə verilməsi üzrə işlər yekunlaşmaqdadır”.

Son xəbərlər
Digər xəbərlər