İsveçrənin Credit Suisse bankı 10 illər boyunca ABŞ vətəndaşlarının vergidən yayınmasına kömək etdiyini etiraf etmişdir. Mübahisənin həlli yolunda bank Amerika hökumət orqanlarına 2,6 milyard dollar cərimə olunacaq.
Amerika hökumətinin verdiyi məlumata görə, Credit Suisse bankı vergidən yayınmaq məqsədilə müştərilərə offşor zonalarda strukturlar yaratmağa kömək edib. 2002-2008-ci illər ərzində bankın fırıldaqçılıq əməlləri sayəsində təqribən 22 min amerkalı vergidən yayınmağı bacarıb. Hökumətə dəymiş ümumi zərər isə 12 milyard dollar həcmində qiymətləndirilir.
The New York Times-ın verdiyi məlumata görə, son 20 illikdə ilk dəfədir ki, nəhəng bir bank öz səhvini etiraf edir. Sonuncu dəfə 1989-cu ildə Drexel Burnham Lambert şirkəti qanun pozuntusuna yol verdiyini etiraf etmişdi.
Credit Suisse bankı cərimə ilə yanaşı, müstəqil nəzarətçi də təyin etməlidir. Bu nəzarətçi isə bankın iki illik fəaliyyətinə nəzarət edəcək.