2 C
Baku
Saturday, December 14, 2024

“İri sahibkarlara daha çox vergi tətbiq etmək olar”-Analtika

Azərbaycanda iqtisadi inkişafın təmin olunması, büdcə gəlirlərini formalaşdıran maliyyə mənbələrinin artırılması üçün qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması ölkənin yeni iqtisadi modelinin əsas prioritetlərindəndir. Burada mühüm məsələlərdən biri isə xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyini maksimal dərəcədə təmin etməkdir. 

Bu istiqamətdə ölkədəki mövcud çatışmazlıqlar və atılması vacib olan addımlarla bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı-ekspert Pərviz Heydərov qeyri-neft sektorunun inkişaf istiqamətində atılan zəruri addımlardan birinin də ölkədə həyata keçirilən struktur islahatları olduğunu qeyd edib. Ekspert ehtimal edir ki, yaxın gələcəkdə Vergilər və İqtisadiyyat nazirlikləri kimi digər qurumların da birləşdirilməsinin şahidi ola bilərik.

2019-cu ildən etibarən Azərbaycanda dövlət tərəfindən genişmiqyaslı və çoxistiqamətli sosial paket tətbiq edilməyə başlanılıb. Belə bir sosial paketin icrası böyük maliyyə vəsaiti tələb edir. Dövlət isə bu vəsaiti yalnız xammal və enerji resurslarının ixracından əldə edilən gəlirlər hesabına qarşılaya bilməz. Məlum olduğu kimi, bu vaxta qədər Azərbaycanda dövlət gəlirlərinin əsas hissəsini neft və qaz ixracından əldə olunan gəlirlər təşkil edib. Bu il isə, tətbiq edilən sosial paketin dayağı qismində dövlət yeni islahatlar həyata keçirməyə başladı. Belə ki, bu il kölgə iqtisadiyyatına qarşı daha genişmiqyaslı mübarizə başlanıldı, vergi məcəlləsinə 300-ə yaxın dəyişiklik edildi, vergi dərəcələri yumşaldıldı, özəl sektorda min manata qədər maaş alan fiziki şəxslərdən gəlir vergisinin alınması ləğv edildi. Bütün bunlar isə 2016-cı ildən qarşıya qoyulan, qeyri-neft sektorunun inkişaf etdirilməsi planlarının tərkib hissəsi idi. Sözügedən addımların atılması yeni bir zərurət ortaya çıxartdı ki, bu da struktur islahatlarına getmək idi.

Struktur islahatları vahid idarəetmə mexanizminin tətbiq edilməsi ilə iqtisadiyyatın idarə olunmasını asanlaşdırmaq, təkmilləşdirmək, operativliyini təmin etmək, dövlət büdcəsi gəlirlərini daha da artırmaq, qeyri-neft sektorunun inkişafında daha sürətli addımlar atmaq məqsədi daşıyır. Bu məqsədlə Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildi, eyni zamanda antiinhisar üzrə dövlət siyasətinin aparılması da İqtisadiyyat Nazirliyinə həvalə edildi. Ehtimal edirəm ki, digər sektorlar üzrə də müəyyən idarəetmə orqanlarının birləşdirilməsinin şahidi ola bilərik. Məsələn, bir iqtisadçı olaraq hesab edirəm ki, Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC-ni Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilmək məqsədəuyğun addım olar. Eyni məntiqlə, idarəçiliyin bir əldə cəmləşməsi üçün yaxın gələcəkdə Dövlət Gömrük Komitəsini də İqtisadiyyat və ya Maliyyə nazirliklərindən birinin tərkibinə daxil etmək mümkündür”, – deyə P.Heydərov bildirib.

İqtisadçı-ekspert Pərviz Heydərov: “Struktur islahatlarının dərhal səmərə verməsini gözləməyə dəyməz”.

Onun sözlərinə görə, struktur islahatlarının kökündə duran əsas məqsədlərdən biri də idarəetmə aparatı xərclərini azaltmaqdır: “Azərbaycanda 10 milyon əhali üçün dövlət idarəetmə aparatı çox böyükdür. Odur ki, dövlətin atdığı addımlar gənc kadrların irəli çəkilməsi və idarəetmə aparatını yığcamlaşdırma xarakteri daşıyır. Dövlət idarəetmə orqanlarının saylarının azalması, idarəetmə aparatının tərkibinin nisbətən bəsit olması, idarəetmənin bir əldə cəmləşməsi idarəçiliyin daha operativ aparılmasına xidmət edəcək. Çünki artıq eyni bir məsələ ilə bağlı bir neçə orqandan deyil, bir orqandan cavabdehlik tələb olunacaq. Lakin strukturların bir-birinə adaptasiya olması, idarəetmənin yalnız sənəd üzərində deyil, həmçinin əməli surətdə bir əldə cəmləşdirilməsi prosesi müəyyən qədər vaxt aparacaq. Bəzi orqanlarda bu proses 5-6 ay, bəzi orqanlarda isə 1 ilə qədər çəkə bilər. Ona görə də struktur islahatlarının dərhal səmərə verməsini gözləməyə dəyməz. Amma bu o demək deyil ki, islahatlar dayandırılmalıdır. Əksinə, bu kimi islahatlara davam etmək lazımdır”.

Ekspert Azərbaycanda aqrar sahədə xarici investorları cəlb etmək üçün geniş imkanların olduğunu da bildirib: “Qeyri-neft sektoruna xarici investisiya cəlb etmək dövlətin ən əsas vəzifələrindən biridir. Lakin bunu təmin etmək bir o qədər asan məsələ deyil. Çünki xarici investorlar daha çevik şəkildə gəlir gətirən sahəyə meyl edirlər. Biz ölkədə qeyri-neft sektorunda cəlbedici amillərin sayını artırmalı, əlverişli investisiya mühiti yaratmağa davam etməliyik. Bunun üçün dövlət lazım gəldikdə bəzi maraqlarından da keçməlidir. Çünki qeyri-neft sektorunda savadlı sahibkarlara ehtiyac var. Bizdə isə bu cür sahibkarların sayı azdır. Əksər yerli sahibkarlar yeni bir məhsul istehsal etməkdənsə, xaricdən gətirib ölkədə satmağa üstünlük verirlər. Bu sahədə savadlı, təşəbbüskar, müasir təfəkkürlü sahibkar yetişdirmək isə uzun illər tələb edir. Xarici investorun isə savadla bərabər həm də kifayət qədər maliyyə və texnoloji vəsaitləri var. Odur ki, qeyri-neft sektorunun bəzi istiqamətlərində xarici investorlar üçün vergi və rüsum güzəştləri etməyə dəyər”.

P.Heydərov inhisarçılığa qarşı mübarizənin vacibliyindən də danışıb: “Azərbaycanda kənd təsərrüfatı sektoru xarici investisiya üçün daha cəlbedici ola bilərÖlkəmizdə aqrar sahədə xarici investorları cəlb etmək üçün geniş imkanlar var. Amma burda bir məsələni də nəzərə almaq lazımdır. Bizdə əhalinin mühüm bir hissəsi aqrar sektorda çalışır. Ona görə də xarici investoru ölkəyə cəlb edərkən elə bir siyasət yürütməliyik ki, yerli əhali də məşğulluqdan kənarlaşdırılmasın.

İnhisarçılıq olan bir yerdə rəqabət olmur. Rəqabət olmayan yerdə isə bazar iqtisadiyyatından və qiymətlərin düzgün tənzimlənməsindən söhbət gedə bilməz. Hər dəfə dövlət müdaxilə edib inzibati metodlarla qiymət müəyyən edə bilməz. Əgər rəqabət olsa qiymətlər öz yerini tapacaq. Azərbaycan kiçik ölkə olduğuna görə burda inhisarçı mövqe qazanmaq daha asandır. Azərbaycanda inhisarçılığa qarşı mübarizə aparmaq Rusiyadan qat-qat çətindir. Bu sahədə dövlətin üzərinə böyük yük düşür. İxrac-idxal əməliyyatlarında, o cümlədən istehsalatda heç kəsə imkan vermək olmaz ki, 30%-dən artıq paya sahib olsun. Təəssüf ki, bizdə bəzi sahələrdə sahibkarlar inhisarçı mövqeyə sahibdir. Bununla mübarizə aparmaq asan başa gəlməyəcək. Lakin qanunvericilik yolu ilə inzibati metodlardan istifadə etməklə, eyni zamanda kiçik və orta sahibkarlara əlverişli mühit yaratmaqla inhisarçılığa qarşı mübarizə aparmaq olar. Bunun üçün iri sahibkarlara daha çox vergi tətbiq edib, kiçik və orta sahibkarları isə bir sıra vergilərdən azad etmək olar”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Azərbaycanda “Rəqabət Məcəlləsi”nin qəbul edilməsinin zəruri olduğunu qeyd edib: “”Rəqabət Məcəlləsi” haqqında qanunun tətbiq edildiyi bir sıra ölkələrdə rəqabət komissiyası fəaliyyət göstərir. Bu komissiya yalnız dövlət məmurlarından deyil, eyni zamanda bitərəf şəxslərdən təşkil olunur. Üzvlərin fəaliyyəti bitdikdən sonra onlar seçki yolu ilə yeniləri ilə əvəzlənir. Komissiya tərəfindən ölkədəki iqtisadi vəziyyətlə bağlı dəqiq analizlər aparılır və əldə olunan məlumatlar mütəmadi olaraq ictimaiyyətlə paylaşılır. Düşünürəm ki, ölkəmizdə də “Rəqabət Məcəlləsi” qəbul edilməlidir”.

Qeyri-neft sektoruna xarici investisiya axınının təmin edilməsinə gəlincə, ekspert qeyd edib ki, bunun üçün beynəlxalq reytinq agentliklərinin göstəricilərinə cavab vermək lazımdır:

İqtisadçı-ekspert Cəfər İbrahimli: “Qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün beynəlxalq şirkətlərin reytinqini qazanmaq lazımdır”.

“Azərbaycanda neft sektorundan gələn gəlirlərin bir hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilir. Lakin dövlət tərəfindən qeyri-neft sektorunun inkişafının təmin edilməsi konkret bir müddət üçün keçərlidir. Dövlət daimi olaraq bu funksiyanı icra edə bilməz. Ona görə də sahibkarlar dövlət tərəfindən ayrılan güzəştli kreditlərdən, yaradılan əlverişli şəraitdən istifadə etməlidilər ki, gələcəkdə bu dəstək azalarsa öz hesablarına işlərini davam etdirə bilsinlər. Qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün isə beynəlxalq reytinq agentliklərinin tələb etdiyi göstəricilərə cavab verməli, onların reytinqini qazanmalıyıq”.  

Son xəbərlər
Digər xəbərlər