3 C
Baku
Saturday, December 14, 2024

İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq

18-24 noyabr tarixlərində İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək. Həftə ərzində Azərbaycanla yanaşı, dünyanın digər ölkələrində də seminarlar, konfranslar, aşpazlarla görüşlər, aşpazlıq kursları, dequstasiyalar, şam yeməkləri, biznesin təşviqi fəaliyyətləri və digər tədbirlər təşkil olunacaq.

Həftənin tərəfdaşlarından olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova tədbir zamanı müxtəlif aktual mövzuların da müzakirə olunacağını bildirib: “Tədbir təkcə İtaliya mətbəxinin və mədəniyyətinin təbliği ilə yekunlaşmır. Həftə çərçivəsində təşkil olunan seminar və konfranslarda qida və ətraf mühitin qorunması, sağlam qida mədəniyyəti, qida təhlükəsizliyi, qida hüququ, ərazilərin xüsusiyyətləri, biomüxtəliflik və aqroturizm kimi günümüzdə böyük aktuallıq kəsb edən mövzulara da toxunulacaq”.

İtaliya Mətbəxi Həftəsi çərçivəsində noyabrın 21-də Bakıda “Təhlükəsiz qida, keyfiyyətli məhsullar və güclü bir ölkə markası. İtaliya-Azərbaycan Dialoqu” mövzusunda konfrans keçiriləcək. Konfransda “Sağlam qida və ərzaq təhlükəsizliyi” mövzusunda çıxış edəcəyini deyən Leyla Məmmədova tədbirin Azərbaycan-İtaliya münasibətlərinə töhfə verəcəyini bildirib: “Həftə boyunca məşhur italyan aşpazlar Anna Maria Palma, Nikola Batavia, Stefano Boselli və Carlo Cracco yerli kənd təsərrüfatı məhsullarımızdan müxtəlif italyan yeməkləri hazırlayacaqlar. Başqa sözlə, Azərbaycan məhsulları İtaliya kulinariya ənənələrini zənginləşdirəcək. Bu proses özlüyündə həm italyan mətbəxini, həm də bizim yerli məhsullarımızın keyfiyyətini nümayiş etdirəcək. Biz də öz növbəmizdə İtaliyadan ölkəmizə təşrif buyuran dövlət və özəl sektor nümayəndələri ilə Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı sahəsindəki əməkdaşlıqları müzakirə edəcəyik. Məqsədimiz aqroturizm sahəsində İtaliyanın sınanmış təcrübəsindən “Şəhərdən Kəndə” layihəsini daha da təkmilləşdirmək üçün faydalanmaqdır”.

Qeyd edək ki, hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan İtaliya Mətbəxi Həftəsinin əsas məqsədi bu ölkənin mətbəxini və qida məhsullarını dünyada tanıtmaqdır.

Son xəbərlər
Digər xəbərlər