Müəllif: Sahib Əfəndiyev, CIMA Cert BA
Ənənəvi Bankçılıqda olduğu kimi İslam Bankçılığında risklərin idarə edilməsi vacib məsələlərdən biridir.
Ənənəvi Bankçılıqda müşahidə olunan risklərin əksəriyyəti İslam Banklarında da müşahidə olunur.
Lakin İslam Bankçılığında həmin risklər bir az spesifikliyi ilə fərqlənir. Bundan başqa İslam Banklarının məruz qaldığı bəzi risklərin ənənəvi bankçılıqda müşahidə olunmaması ilə yanaşı ənənəvi bankçılıqdakı müəyyən risklər də İslam Bankçılığında müşahidə olunmamaqdadır. Daha da aydın olması üçün İslam Banklarının və ənənəvi bankların məruz qaldığı riskləri sadalayaq və İslam Banklarının məruz qaldığı risklərin spesifik və fərqli istiqamətlərini şərh edək.
• Kredit riski. Ənənəvi bankçılıqda kredit riski verilən pul kreditinin geri qaytarılmaması ehtimalını nəzərdə tutur. İslam Bankçılığında isə kredit riski İcara (İslam Lizingi), Murabaha (bank hər hansı əmlakı satın alır, sonra üzərinə rəsmi mənfəət normasını qoyaraq hissəli ödənişlə müştəriyə satır), Salam (satıcının məhsulu nağd ödəniş qarşılığında gələcəkdə müəyyən olunmuş bir tarixdə alıcıya çatdırmasını nəzərdə tutan satış növüdür) və İstisna (Salamdan əsasən tikintisi tələb olunan məhsulların tranzaksiyası zamanı istifadə olunması ilə fərqlənir) əməliyyatları üzrə debitorların ödəniş etməmə ehtimalına əsaslanır.
Ənənəvi bankçılıqda Lizing zamanı banklar müştərinin səliqəli ödəməsini təmin etmək məqsədilə gecikdirilən ödəmələrə görə cərimələr tətbiq edirlər. İslam bankçılığında tətbiq olunan cərimələr isə yalnız müştərinin gələcəkdə ödənişləri gecikdirməməsinə istiqamətlənib və bank bu cərimə məbləğlərini Mənfəət və Zərər Hesabatına (yeni İFRS terminologiyası ilə Maliyyə Vəziyyəti Haqqında Hesabata) yazmır, yəni bu cərimələri öz mənfəəti kimi tanımır. Çünki İslamda borcun həcminin artırılması riba olduğu üçün qadağandır. Əvəzində banklar bu cərimə məbləğlərini xeyriyyə fondlarına ödəyirlər. Xülasə İslam Bankları tərəfindən gecikdirilən ödəmələrə görə tətbiq olunan cərimələr gələcəkdə müştərilərin ödənişlərinə məsuliyyətli yanaşmama səbəbindən bankın likvidlik problemləri ilə üzləşmək risklərinin azaldılmasına xidmət edir. Likvidlik riski ilə bağlı məqamlar haqqında bir az sonra məlumat veriləcək.
• Pay investisiyası riski. Bu risk Muşarakah (mənfəətə və zərərə şərik prinsipi ilə tətbiq olunan maliyyələşmə üsulu) və Mudarabah (Bank proyekti tamamilə maliyyələşdirir, müştəri isə biznesin idarə edilməsini həyata keçirir) əməliyyatları zamanı investisiyanın mənfəət normasının gözləniləndən aşağı olması ehtimalı ilə bağlıdır. Bu risk İslam Bankları üçün spesifik sayılacaq risklərdəndir. Çünki İslam Bankları ənənəvi banklardan fərqli olaraq real proyektlərə investisiya fəaliyyətinə də cəlb olunurlar. Ənənəvi bankçılıqda isə bu risk qeyd etdiyimiz məlum səbəblərdən müşahidə olunmamaqdadır. Muşarakah aləti üçün xüsusi problemlər də mövcuddur. Məsələn, şərik firma maraqlıdır ki, mənfəəti daha az göstərsin. İslam Bankı isə bu səbəbdən və vəsaitlərin təyinatına uyğun və effektli xərclənməsi üçün firmanın obrazlı desək kitablarını daha yaxından təhlil etməyə meyillidir. Şərik firma isə deyildiyi kimi həm İslam bankına daha az ödəmək üçün, həm də vergi orqanlarına məlumatların sızmasının qarşısının alınması üçün kitablarını banka açmağa könülsüzdür.
• Şəriətə zidd fəaliyyət riski. İslam Bankçılığının fəaliyyətini ənənəvi bankçılıqdan fərqləndirən ən əsas risk növüdür. Yəni bu risk yalnız İslam Banklarının fəaliyyətində nəzərə alınır və ənənəvi bankçılıqda müşahidə olunmamaqdadır. İslam Bankları hər bir əməliyyatlarının şəriətə müvafiq olub-olmamasını müəyyən etməli və yalnız şəriətə müvafiq (shariah – compliant) fəaliyyətləri həyata keçirməlidir. Bu məqsədlə İslam Banklarında xüsusi bir struktur – şəriət şurası (shariah board) fəaliyyət göstərir. Bu şurada yüksək səviyyəli kvalifikasiya olunmuş İslam alimləri və ekspertləri təmsil olunurlar. Banklar hər bir yeni layihə və ya bazara təqdim etmək istədikləri yeni məhsul haqqında həmin layihənin və məhsulun şəriətə müvafiq olub-olmaması barədə şəriət şurasından icazə alırlar. Göründüyü kimi belə bir struktur ənənəvi bankçılıqda müşahidə olunmamaqdadır. İslam banklarının şəriətə zidd hər hansı bir fəaliyyəti onun İslam dünyasında reputasiyasının itirilməsinə səbəb ola bilər ki, bu da öz növbəsində mövcud və potensial depozitarları və müştəriləri itirməklə bankın mövcudluğuna böyük ölçüdə son qoya bilər.
• Bazar riski. Məlum olduğu kimi İslam Banklarının fəaliyyət istiqamətlərindən biri də Murabaha, Salam və İstisna alətləri vasitəsilə həyata keçirilən ticarət əməliyyatlarıdır. Məhz bu əməliyyatların subyekti olan mallar (əmtəələr) bankların aktivləri hesab olunur. Bu malların qiymətlərinin enməsi isə bankın balans hesabatında aktivlərinin dəyərdən düşməsi ilə nəticələnir və bu hal özünü İslam Bankları üçün spesifik olan (və ənənəvi bankçılıqda məlum səbəbdən müşahidə olunmayan) bazar riski formasında biruzə verir.
• Likvidlik riski. Hər iki sistem üçün keçərlidir. Lakin ənənəvi bankların müəyyən üstünlüyü var. Likvidlik riski İslam Maliyyə Sisteminin və İslam Bankçılığının əleyhdarları tərəfindən ən çox tənqid olunan məqamlardan biridir. Məsələn, ənənəvi banklar qısa müddətli nağd vəsaitlərini dövlət qiymətli kağızlarında saxlaya və likvidliklərini daha yaxşı idarə edə bilirlər, amma İslam Banklarında bu mümkün deyil, çünki sələm (faiz) İslamda haramdır. Bundan başqa ənənəvi maliyyə sistemində mərkəzi bank digər banklar üçün son kreditor instansiyası (lender of last resort – LLR) funksiyasını yerinə yetirir və bankların likvidliyinin təmini istiqamətində rol oynayır. Lakin İslam bankları bu imkandan istifadə edə bilmirlər, çünki bu mexanizm də sələm (faiz) üzərində qurulub. Bu da öz növbəsində İslam Banklarının likvidlik risklərinin idarə edilməsi sahəsində böyük problem kimi meydana çıxır.
Likvidlik riski ilə bağlı digər bir problem İslam Bankçılığında nağd vəsaitlərin proqnozlaşdırılmasının (cash flow forecasting) ənənəvi bankçılığa nisbətdə daha çətin olmasıdır. Çünki nağd axınlarının proqnozlaşdırılması bankın gələcəkdə üzləşə biləcəyi likvidlik problemlərinə qarşı müvafiq tədbirlər görməyə imkan yaradır. İslam Bankları isə Muşarakah və Mudarabah kimi mənfəətə və zərərə şərik prinsipi ilə (Profit and Loss Sharing – PLS) tətbiq olunan maliyyələşmə üsullarından da istifadə etdiyi üçün onların gəlirlərinin və nağd axınlarının proqnozlaşdırılması daha çətindir. Bu sahədə proqnozlaşdırmanın çətin olması gələcəkdə müəyyən tarixdə nə qədər nağd vəsaitə ehtiyac duyulacağı sualının cavabsız qalmasına, bu problemlə əlaqəli atılacaq addımların bilinməməsinə gətirib çıxarır ki, bu da öz növbəsində yuxarıda da deyildiyi kimi İslam Banklarının likvidlik risklərinin idarə edilməsi sahəsində növbəti çatışmazlığı kimi özünü biruzə verir.
• Valyuta riski. Hər iki sistemin məruz qaldığı risk növlərindəndir. Burada da ənənəvi bankların İslam Banklarına nisbətdə müəyyən üstünlüyü var. Ənənəvi banklar maliyyə derivativlərindən rahat istifadə edərək valyuta kursunun dəyişməsi ehtimalı ilə üzə çıxan riskləri daha yaxşı idarə edə bilirlər, lakin İslam Maliyyə Sistemində maliyyə derivativləri qadağan olunur. Buna görə də İslam Bankları xarici ölkələrdə əməliyyatlar zamanı itkilərə məruz qala bilərlər.
Bütün bu faktorlar Beynəlxalq Valyuta Fondunun İslam Banklarına dair apardığı tədqiqatların nəticələrində də müşahidə olunur. Bu nəticələrə görə kiçik İslam bankları böyük İslam banklarına nisbətdə daha səmərəlidir. Lakin daha böyük miqyasda əməliyyatlar zamanı İslam bankları daha az səmərəlidir. Bunun da səbəbi kiçik bankların böyük banklara nisbətdə daha çox komisyon gəlirləri və minimal riskli investisiyalara üstünlük verməsi ilə izah olunur. Böyük miqyasda əməliyyatlar zamanı isə banklar yuxarıda qeyd etdiyimiz kimi risklərin və likvidliyin idarə edilməsi problemləri ilə üzləşir ki, bu da onların kiçik banklara nisbətdə daha səmərəsiz olması ilə nəticələnir.
• Faiz dərəcəsi riski. Şəriətdə faizin haram olması səbəbi ilə İslam bankçılığında müşahidə olunmamaqdadır və İslam Bankları faiz dərəcələrinin dalğalanmasından birbaşa təsirlənmirlər.
• Əməliyyat riski. Bu risk bankın işçiləri, əməliyyat sistemləri və proseduraları ilə əlaqəlidir. Yüksək texnologiyalarla banklar daha effektli fəaliyyət göstərirlər. Əməliyyat riski də hər iki sistem üçün keçərlidir.
• Hüquqi risk. Hal-hazırda dünyada yalnız Sudan və İranın maliyyə sistemi tam İslamlaşmış hüquqi çərçivəyə malikdir. Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələrdə isə şəriət qanunları hakim olsa da, bu dövlətlər müəyyən normativlər çərçivəsində ənənəvi bankların öz ərazilərində fəaliyyətinə icazə veriblər. Lakin yerli əhalinin böyük əksəriyyəti yalnız İslam Banklarının xidmətlərindən istifadə edir. Bu da həmin xalqların əhalisinin digər İslam ölkələrinin xalqlarına nisbətdə daha çox dindar olması ilə izah olunur. Yerdə qalan dövlətlərin bankları ya tam olaraq ənənəvi hüquq və maliyyə sistemi çərçivəsində, ya da qarışıq sistem çərçivəsində fəaliyyət göstərirlər. Qarışıq sistem zamanı ənənəvi hüquqi çərçivədə İslam Maliyyə İnstitutları haqqında ayrıca qanunlar qəbul olunur, hüquqi normativ aktlar, normativ sənədlər müəyyənləşdirilir.
Bu dövlətlərə körfəz ölkələrini, Malayziyanı və s. misal göstərmək olar. Tam olaraq ənənəvi hüquq sistemi çərçivəsində fəaliyyət göstərən İslam Bankları isə böyük məhdudiyyətlərlə üzləşirlər. Çünki bu tip dövlətlərin banklar haqqında mövcud qanunu banklara ticarətlə məşğul olmağı və ya müəyyən real aktivlərin alqı-satqısını həyata keçirməyi ya tam qadağan edir, ya da böyük ölçüdə məhdudlaşdırır. Bu üzdən İslam Bankçılığı praktikasında ən geniş yayılmış Murabaha və digər maliyyələşmə üsullarının tətbiqi mümkünsüz olur. Beləliklə dövlətin hüquq sistemi, maliyyə sistemi və xüsusilə banklar haqqında qanunvericiliyindəki hər hansı bir dəyişikliklər ehtimalı İslam Bankları üçün hüquqi risk şəklində təcəssüm olunur.
• Makroiqtisadi və Siyasi risklər. Hər iki sistemdə müşahidə olunmaqdadır və hər iki bankçılıq üçün eyni məzmunu daşıyır.
Bunlardan başqa İslam Maliyyə İnstitutları üçün mühasibat / audit / kapital adekvatlığı standartlarını hazırlayan, likvidliyin və digər risklərin idarə edilməsinə dair direktivlər müəyyənləşdirən AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) və IFSB (Islamic Financial Services Board) kimi təşkilatlar var. 2006-cı ildə İFSB (İslamic Financial Services Board) İslam Maliyyə İnstitutları üçün kapital adekvatlığı standartı (Capital Adequacy Standard) və İslam Bankları üçün risklərin idarəedilməsinə dair direktiv hazırlayıb. Kapital adekvatlığı standartı (KAS) bankın kredit, bazar, əməliyyat və s. risklərini idarə etmək üçün müəyyən tələblərdən ibarətdir və ənənəvi banklar üçün tərtib olunmuş Basel II standartına ekvivalent hesab olunur.
“KAS”la Basel II arasında əsas fərq maliyyə institutunun orta çəkili riskli kapitalının hesablanmasındadır. İslam Bankçılığında investisiya hesabları üzrə qəbul olunmuş depozitlər (mənfəət və zərərə şərik olmaqla cəlb olunmuş vəsaitlər – Mudarabah) vasitəsilə maliyyələşdirilən aktivlər institutun kapitalı üçün risk xarakteri daşımır, ona görə İFSB bu vəsaitlərin məbləğini ümumi orta çəkili riskli aktivlərdən çıxmağa icazə verir. Nəticədə İslam Banklarının kapital adekvatlığı əmsalı ənənəvi banklardan daha yüksək olur.
Nəticə
İslam Banklarının risklərinin idarə edilməsi sahəsində hələ də ciddi problemlər qalmaqdadır. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
- İslam Banklarının rahat fəaliyyətini təmin etmək üçün qanunvericilik məhdudiyyətləri aradan qaldırılmalıdır.
- Bu sahədə beynəlxalq standartlar təkmilləşdirilməli və standartların tətbiqinin məcburi xarakter daşıması üçün müvafiq hüquqi rejimlər və bazalar yaradılmalıdır.
- Likvidlik risklərinin daha effektli idarəedilməsi üçün İslam İnterbank bazarları və likvid qiymətli kağızlar bazarı formalaşdırılmalıdır. Baxmayaraq ki, bu İslam Maliyyə Sistemində çox çətindir, çünki İslam əməliyyatların real aktiv təminatlı (asset –based) olmasını tələb edir.
- Şəriətə zidd fəaliyyət risklərinin idarə edilməsi üçün yüksək kvalifikasiyalı İslam alimlərinin saylarının artırılmasına ehtiyac var. Düzdür, İslam Banklarında şəriət şurası fəaliyyət göstərir. Lakin şəriət şurasında təmsil olunan ekspertlərin sayı o qədər azdır ki, bir ekspert bəzən 15 ayrı-ayrı İslam Bankının şəriət şurasında təmsil olunur. Bu isə öz növbəsində onların işinin effektivliyini aşağı sala bilər.
- Ümumilikdə İslam Banklarının və onların risklərinin effektli idarə olunması üçün yüksək ixtisaslı kadrların çatışmazlığı mövcuddur. Bu çatışmazlığı aradan qaldırmaq üçün universitetlər, professional dərəcələr təklif edən institutlar son zamanlar İslam Maliyyəsi/ Bankçılığı/ Sığortası üzrə elmi dərəcəli akademik proqramlar, beynəlxalq kvalifikasiyalar açsalar da hələ də bu sahənin ehtiyac duyduğu kadrlara tələb ödənilmir. Bu tendensiya davam etməli və daha da qlobal xarakter daşımalıdır.