2019-cu ilin yanvar-noyabr ayları ərzində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə proqnoz 80 milyon manat olsa da, bu xətt üzrə dövlət büdcəsinə 87.6 milyon manat vəsait daxil olub.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.
Özəlləşdirmədə innovasiyaların tətbiqi, prosedurların daha da sadələşdirilməsi və elektron üsullarla təqdim olunması birbaşa səmərəliliyin və məmnunluğun artırılmasına istiqamətlənib.
Özəlləşdirmə hərraclarına qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, o cümlədən, Elektron hərrac sistemi ilə istənilən şəxsin prosesdə onlayn iştirakı şəffaflığı təmin edir, optimallığı və statistik göstəriciləri artırır.
Qeyd edək ki, 2019-cu il ərzində ümumilikdə 125 hərrac keçirilib. Hərrac iştirakçıları tərəfindən 122 sifariş onlayn formada verilib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub.
Cari il ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə sahəsində dörd səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan edilib və həmin dövlət əmlakları özəlləşdirilib.
©Oxu.az