1 C
Baku
Saturday, December 14, 2024

Vahid Əhmədov uşaqpuluna “yox” deməyi düzgün hesab etmir

“Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası da Milli Məclisdə müzakirə olunmalı və qəbul edilməlidir. Çünki kifayət qədər böyük məbləğdən – 5 milyarddan söhbət gedir”.

Deputat Vahid Əhmədov bu fikirləri parlamentdəki müzakirələrdə söylədi. V.Əhmədov ehtiyac meyarının yaşayış minimumu səviyyəsində götürülməli olduğunu da dedi. Xatırlatdı ki, spiker Oqtay Əsədov da bununla bağlı fikrini bildirib və yaşayış minimumunu saxlamağı zəruri sayıb: “Biz də hesab edirik ki, ehtiyac meyarı anlayışını ümumiyyətlə, yığışdırmaq, yalnız yaşayış minimumunu saxlamaq lazımdır. Azərbaycan dövlətinin kifayət qədər geniş imkanları var. Ancaq indi eşidirik ki, məsələnin həllini uzatmaq istəyirlər”.

V.Əhmədov pensiya yaşı ilə əlaqədar də danışdı: “Biz MDB məkanından, Avropadan, Türkiyədən də misallar gətirə bilərik. Bizdə pensiya yaşı kifayət qədər yüksəkdir. Düzdür, bizim rəsmilər fərqli fikirlər söyləyirlər. Ancaq bunlar BMT-nin verdiyi rəqəmə uyğun gəlmir. Pensiya yaşı ilə əlaqədar ümumi məxrəcə gəlməyə ehtiyac var”.

Deputat uşaqpulunun verilməsi zərurətindən də bəhs etdi: “Bu, millətin tələbidir. Biz hamımız sovet vaxtı uşaqpulu ilə böyüyən adamlarıq. Hər ailədə 10-12 uşaq olmuşuq və uşaqpulu ilə dolanmışıq. Biz demirik ki, 18 yaşınadək uşaqlara uşaqpulu vermək lazımdır. Amma ümumi məxrəcə gəlmək mümkündür, çünki cəmiyyətdə də buna tələbat var. Odur ki, buna birdəfəlik “yox” demək düzgün deyil”.

Musavat.com

Son xəbərlər
Digər xəbərlər