“Bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilməsini zəruri hesab edir. Bunun üçün Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”.
Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, parlamentə məktub ünvanlanacaq.
Ə.Əhmədov qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə daxil olacaq: “Yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram. Qəbul edilən qərara qeyri-adi qiymət verməyə ehtiyac yoxdur. Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək”.