Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə, Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Novruzov Vüqar Vahid oğlu 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli Əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir.
Ailəlidir, üç övladı var.