Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1689-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanuna əsasən, Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur. Layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır. Qanuna əsasən, Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupunun təqdim etdiyi sənədlər əsasında təşəbbüs qrupunun yaradılmasının bu qanunun tələblərinə uyğunluğunu yoxlayır. Təşəbbüs qrupunun təqdim etdiyi layihənin bu qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olub-olmaması barədə bir ay ərzində rəyin hazırlanması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilməlidir. Fərmana əsasən, bu sahədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Ədliyyə Nazirliyi olacaq. Başqa sözlə, Təşəbbüs qrupunun təqdim etdiyi layihənin bu qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olub-olmaması barədə bir ay ərzində rəyin hazırlanması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən Ədliyyə Nazirliyinə göndərilməlidir.
Qeyd edək ki, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun 3-cü maddəsi Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsinə dair tələbləri əhatə edir. Beləliklə, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində aşağıdakı məsələlər nəzərdə tutula bilməz:
– dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;
– əmək haqqının məbləği və onun ödənilməsi qaydası;
– cinayət və ya inzibati xətalar;
– ailə münasibətləri;
– ərazi quruluşu və inzibati ərazi bölgüsü;
– dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
– seçki və referendum;
– Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;
– amnistiya;
– seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.
– Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.