Azərbaycan Respublikası Prezidentinin İlham Əliyev 5 dekabr 2019-cu il tarixdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir,
1. Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
- Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
- Azərbaycan Respublikası maliyyə nazirinin müavini
- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
- Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
- Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
1.2. Komissiyaya tapşırılsın:
1.2.1. layihələrin həyata keçirilməsi üçün torpaq sahələrinin ayrılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.2. investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına dair və bu Sərəncamın 1.2.3-cü yarımbəndində göstərilən müqavilələr üzrə investorlar qarşısında götürüləcək öhdəliklərin icrasına dövlət zəmanətinin verilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.3. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, layihələrin icrası ilə bağlı dövlət zəmanəti müqaviləsinin və tələb olunan digər müqavilələrin dörd ay müddətində hazırlanmasını təmin etsin;
1.2.4. layihələrin müqavilələrdə nəzərdə tutulmuş müddətdə və şərtlər çərçivəsində icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsün;
1.2.5. layihələr üzrə elektrik stansiyasının elektrik enerjisi şəbəkəsinə qoşulması, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə əlaqədar şəbəkənin gücləndirilməsinə dair təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
2.1. beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2019-cu il.