“Holcim Azərbaycan” ASC-nin səhmlərinin hər birinin satış dəyəri bir il ərzində təqribən 45 faiz bahalaşıb.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, ölkənin əsas sement istehsalçısının hazırda hər bir səhmi 29,00 manata alınıb, 30,45 manata ticarət olunur.
Bildirək ki, “Holcim Azərbaycan”nın səhmlərinin nominal dəyəri il ərzində 20,00 manatda sabit qalmaqla ümumi səhmlərinin dəyiri 31,81 mln. manatdır.
Ötən ilin eyni dövründə hər bir səhmin dəyəri 20,00 manata alınmaqla 21,00 manata satılırdı.
Ötən ili “Holcim Aze.” 116 mln. manatlıq satış etməklə 52 milyon manatlıq ümumi mənfəət əldə edib. Bununla yanaşı 2018-ci ildə gəlirləri xərclərini nəinki tam qarşılamış, öncəki illərdən fərqli olaraq illik 7 mln. manatdan çox xalis mənfəət əldə etmişdi. Görünür bu göstəricilərdən sonra əsas sement istehsalçısının səhmlərinə investorlar tərəfindən marağı artırıb.
“Holcim Azərbaycan” dünyanın aparıcı sement təchizatçılarından olan “LafargeHolcim” Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.
Holcim (Azərbaycan) ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatı ödəyir. Hal-hazırda, Holcim (Azərbaycan) ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq “Holcim (Azərbaycan)” ASC oldu.