18 C
Baku
Tuesday, April 30, 2024

Biznes təlimlərinin iş adamları üçün faydası nədir?

Son zamanlar Azərbaycanda biznes təlimlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bu qəbildən olan tədbirlərin intensivliyi və geniş coğrafiyası isə bu xidmətə böyük tələbin olmasına dəlalət edir.

Bu təlimlərin iş adamları üçün faydası nədir?

Məsələni  şərh edən “Onevision Business Solutions” şirkətinin həmtəsisçisi və direktoru Cavid Abasov biznes təlimlərin iştirakçılarının əsas hədəfinin bir qayda olaraq şəxsi keyfiyyətlərini artırmaqdan ibarət olduğunu deyib:

“Bu tip təlimlərdə idarəetmənin necə olması, qərarlar verilərkən, işə qəbul edərkən diqqət edilməli olan məsələlərdən tutmuş, şirkətin strukturunun necə formalaşdırıldığına, marketinq strategiyasının qurulmasına, mövcud təcrübələr və real nəticələr haqqında məlumatlandırılırlar. İştirakçıların əsas hədəfi bir qayda olaraq şəxsi keyfiyyətlərini artırmaqdır. Azərbaycanda bu tip təlimlərdə biznesə başlamaq üçün perspektivli olan sahələr üzrə mövzuların müzakirəsinə rast gələ bilməzsiniz. Bu, böyük boşluqdur. Çünki belə mövzular iş adamlarını təlimlərdə iştirak üçün daha çox stimullaşdıra bilər.

Mövcud şəkildə təlimlər bu gün ümumi işin sadəcə çox kiçik bir hissəsidir. Hər hansı biznesi “qaynayan qazan”a bənzətsək, təlim bu prosesin sadəcə, duzu və ya istiyotu ola bilər. Təlimdən keçən insanlar mütləq uğurlu olacaq deyə bir anlayış yoxdur. Təlimçi öz praktiki bilik və bacarıqlarını maksimum qarşı tərəfə çatdırmağa çalışır və bu zaman qarşı tərəf bundan nə dərəcədə yararlana bilirsə, ona müvafiq formada uğurlu olur.

Biznes təlimlərin iş adamları üçün faydası nədir? - RƏY

Digər bir boşluq isə ondan ibarətdir ki, bizdə olan təlimlərdə təəssüflər olsun, təlimçi növbəti mərhələni vermir. İndiyə kimi görməmişəm ki, Azərbaycanda təlimçilər təlimlərini verdikdən sonra hansısa bir dəstək göstərsinlər. Bu mənada yaxın gələcəkdə bu kontekstdə olacaq bir layihənin reallaşdırılmasını nəzərdə tuturuq. Belə ki, “One Vision” olaraq biznes plan təlimlərinə start verməyi hədəfləyirik. Belə ki, təxminən, iki ay ərzində biznes plan təlimləri keçiriləcək, daha sonra isə şəxsin öz biznes planını yazması üçün tərəfimizdən ona dəstək göstəriləcək.

Ümumiyyətlə, bir müşahidəmi sizinlə bölüşmək istərdim. Belə ki, son zamanlarda olduğum tədbirlərdə, getdiyim netvörkinqlərdə bunun şahidi oluram ki, Azərbaycanda kifayət qədər gənc nəsil nümayəndəsi biznesdə uğur və yaxşı nəticə əldə edir. Bu bir tərəfdən KOBİA tipli qurumlar, startap mərkəzləri timsalında ciddi dövlət dəstəyinin olması ilə əlaqədardır. Belə ki, dövlət tərəfindən uğurlu bizneslərə maraq artırılıb. Eyni zamanda artıq iş adamları özləri də bizneslərinə sadəcə aldım-satdım prizmasından baxmırlar. Biznesin uzun müddətli planının, işə götürmə, işlərin bölünməsi, reklam, marketinq, maliyyə strategiyasının olmasının vacibliyini başa düşürlər”.

                                                                                                                  Finans.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər