Şist neft yataqları son illər dünya neft bazarında mühüm rol oynamağa başlayıb və bununla qiymətlərin kəskin artmasının qarşısını almış və geosiyasi qeyri-sabitlik yaratmışdır. Lakin ənənəvi neft yataqları hələ də öz liderliyini qoruyub saxlayır.
Lakin bir çox neft yataqlarından əldə edilən neftin həcmi enir. Son 50 ildə Yaxın Şərq neft bazarında hökmranlıq edirdi və indi də bu regionun neft yataqları nəhəng yataqlar olaraq qalmaqdadır.
Qavar
Səudiyyə Ərəbistanında əfsanəvi Qavar neft yatağından 1950-ci illərdən başlayaraq neft hasil edilməyə başlanılıb və bu neft yatağı Səudiyyə Ərəbistanının dünyanın nəhəng neft hasilatçısı adını almağa şərait yaradıb. Burada sübut və bərpa edilən neft ehtiyatının həcmi 70 milyard barrel olaraq qiymətləndirilir. Bu neft yatağı bütünlüklə dövlətə məxsusdur və onunla bağlı göstəricilər ciddi şəkildə gizli saxlanılır. Bəzi məlumatlara görə, gün ərzində dünyada hasil edilən neftin 6%-si məhz buradan alınır. Bir çox analitik bu neft yatağının öz pik nöqtəsini hələ 10 il bundan qabaq yaşadığını hesab edirlər. Bununla yanaşı Qavar neft yatağı həm ehtiyat, həm də hasilat baxımından dünyanın ən nəhəng neft yatağı olaraq qalır.
Böyük Burqan
Böyük Burqan neft yatağı Küveytin cənubunda yerləşir və Fars körfəzinin hövzəsinə aiddir. Yataq 1938-ci ildə açılsa da, buradan kommersiya hasilatı İkinci dünya müharibəsindən sonra, yəni 1946-cı ildən başlanmışdır. Bu yatağın ehtiyat resursları 66-72 milyard barrel neft olaraq qiymətləndirilir ki, bu da küveytin bütün neft ehtiyatının 75%-i deməkdir. Gün ərzində yataqdan 1,1 – 1,2 milyon barrel neft hasil olunur.
Şafan
Şafan neft yatağı dünyanın ən böyük dəniz neft yatağıdır və 1951-ci ildə açılıb. Bu yataq Səudiyyə Ərəbistanı və Küveytin ərazisində yerləşməklə, 50 milyard barrel neft ehtiyatına sahibdir. Buradan gün ərzində 1,5 milyon barrel neft əldə edilir. Neft yatağının özü isə kifayət qədər köhnədir və mütəmadi olaraq tükənir. Buna baxmayaraq, Saudi Aramco şirkəti maksimum səviyyədə buradan neft əldə edilməsinə çalışır.
Rumaila
Bu neft yatağı İraqda yerləşməklə 17,8 milyard barrel neft ehtiyatına sahibdir. İraqın cənub hissəsində yerləşir, lakin buna baxmayaraq şimal və cənub hissələrinə bölünür. Yatağın cənub hissəsi Küveytə məxsusdur və Ratka adlanır. Ərazidə BP, CNPC və İraqın dövlət şirkəti olan South Oil Company fəaliyyət göstərir.
Hazırda neft yatağından 1 gündə təqribən 1,5 milyon barrel neft hasil edilir. Lakin operatorlar yaxın bir neçə ildə əldə edilən neftin həcmini 2,85 milyon barrelə çatdırmağı planlaşdırır.
“Qərbi Kurna -2”
Bu neft yatağı da İraq ərazisində yerləşir və 13 milyard barrel neft ehtiyatına sahibdir. Neft yatağı iki hissəyə bölünüb. Burada işləmək hüququ isə beynəlxalq neft şirkətlərinə satılıb. Burada ExxonMobil, BP, Eni SpA və PetroChinа kimi şirkətlər fəaliyyət göstərir. Qərbi Kurna – 2 neft yatağının sahib olduğu neft ehtiyatı 8,6 milyard barrel olaraq qiymətləndirilir. Şirkətlər həmçinin yaxın 5 il ərzində haisl edilən neftin həcmini 1 gün üçün 300 min barreldən 2,3 milyon barrelə artırmağı planlaşdırır.