Bu ilin noyabr ayında Avropa İttifaqında (Aİ) avtomobil satışları üçüncü ay ardıcıl olaraq artıb.
Avropa Avtomobil İstehsalçıları Birliyinə (ACEA) istinadən verdiyi məlumata görə, ötən ay qeydiyyata alınmış yeni avtomobillərin sayı illik müqayisədə 4,9% artaraq 1 175 959 çatıb.
Qeyd edilir ki, bir il əvvəl, 1 sentyabr 2018-ci il tarixindən etibarən yanacaq sərfiyyatını təyin etmək üçün yeni sərt standartların tətbiqi satışların 8% azalmasına səbəb olmuşdu.
Satışların 1,3% azaldığı Böyük Britaniya istisna olmaqla, Avropanın bütün əsas avtomobil bazarlarında ötən ay artım qeydə alınıb. Belə ki, Almaniyada avtomobil satışları noyabr ayında 9,7%, İspaniyada 2,3%, İtaliyada 2,2%, Fransada isə 0,7% artıb.
Bu ilin yanvar-noyabr ayları ərzində satış dinamikasına gəldikdə isə, Aİ-də avtomobil satışları bu ilin əvvəlindən 0,3% azalıb. Bu vaxt kəsiyində ən yüksək azalma İspaniyada (-5,7%) və Böyük Britaniyada (-2,7%) qeydə alınıb. Almaniya 2019-cu ilin əvvəlindən bəri artımın qeydə alındığı yeganə əsas bazar olaraq qalır (3,9%).
Avtomobil istehsalçıları arasında noyabr ayında Aİ-də ən böyük satış artımı Yaponiyanın “Mazda” (28,3%) və Almaniyanın “Volkswagen Group” (13,4%) şirkətlərində müşahidə edilib.
Noyabrda satışlarda azalma “Renault Group” (-4,3%) və “Jaguar Land Rover” (-15%) avtomobil istehsalçılarında qeydə alınıb.
APA